Azərbaycan Dövlət Kukla Teatrı yeni tamaşanın premyerasına hazırlaşır. “Lokomotiv və vaqonlar” adlanan səhnə əsəri müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanıb.
Tamaşada köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında uşaqlara xudbinlik və kobudluq kimi pis keyfiyyətlərdən uzaq olmaları tövsiyə olunur. Bu mənasız və lazımsız xüsusiyyətlərin cəmiyyət tərəfindən də daim mənfi qarşılandığı göstərilir.
Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada yeni olan Lokomotivin yanına gedirlər. Gənc, mehriban, nəzakətli və işgüzar olan Lokomotiv onların çox xoşuna gəlir. Dostları qocalmış və köhnəlmiş lokomotivə yaxşıca dərs vermək üçün bir müddət ondan kənar gəzirlər.
Sonra yenidən onun yanına qayıdaraq, birlikdə sərnişinlərə xidmət etməyə davam edirlər.
Əsərə teatrın baş rejissoru Prezident mükafatçısı Anar Məmmədov quruluş verib. Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.
Tamaşada rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova ifa edirlər.
Qeyd edək ki, premyera növbəti mövsümün əvvəlində nümayiş etdiriləcək.
Fidan
XQ