Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Pyer Bomarşenin 1784-cü ildə yazdığı “Fiqaronun toyu” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Motsartın “Fiqaronun toyu” operasının musiqilərindən istifadə olunan səhnə əsərinin quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Əyləncəli və dinamik səhnələr, sevgi intriqaları ilə zəngin olan tamaşada dövrün aristokrat təbəqəsi tənqid edilir. Varlı və zəhmətkeş təbəqənin qarşıdurması ilə başlanan tamaşada hadisələr müxtəlif formalarda cərəyan edir. Qulluqçu Fiqaro evin xadiməsi Süzanna ilə evlənməyə hazırlaşır. Lakin onlara xeyirxahlıq edən ev sahibi qraf Almavivanın Süzannaya gözü düşür. Toy günü ona sahib olmağa çalışır.
Tamaşada rolları Əməkdar artistlər Kəmalə Müzəffər, İlham Əsədov, Rasim Cəfər, Sevinc Rzayeva, Elnur Hüseynov, aktyorlar Manaf Dadaşov, Sənan Kazımov, Bəhram Həsənov, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Aydan Həsənzadə, Təhminə Məmmədova, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Fəridə Qurbanova və başqaları ifa edirlər.
Qeyd edək ki, görkəmli fransız dramaturqu Pyer Bomarşe Fransa burjua inqilabı ərəfəsində aristokratların silki imtiyazlarına və hökmranlığına qarşı çıxış edirdi. O, "Fiqaronun toyu" komediyasında zadəganların bekarçılığını, miskinliyini və yelbeyinliyini göstərərək zirək, diribaş və ağıllı nökər obrazını yaratmışdı. Bu əsər tamaşaya qoyulduqdan sonra Bomarşeni həbs etmişdilər. Lakin onun şöhrəti o qədər böyük idi ki, bir neçə gündən sonra həbsxanadan buraxmalı olmuşdular.
Fidan SALMANOVA
XQ