UNESCO və İSESKO-nun himayəsi altında Özbəkistanın Cizzax vilayətinin Zamin şəhərindəki “Zaminsoy” kompleksində keçirilən II Beynəlxalq Muğam Sənəti Forumu başa çatıb.
İyunun 27-dən 30-dək keçirilən musiqi bayramına dünyanın 80-dən artıq ölkəsindən gələn 400-dən çox nümayəndə qatılıb.
Forumun açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Milli Konservatoriyının rektoru, Xalq artisti, professor Səyavuş Kərimi, bu ali musiqi məktəbinin prorektoru, professor Lalə Hüseynova, xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Mədəniyyət Nazirliyinin və TÜRKSOY-un xətti ilə ölkəmizdən gələn alimlər iştirak edib.
Musiqi yarışmasında ölkəmizi “Vətən” musiqi qrupu-xanəndələr Nisbət Sədrayeva, Səfalı Mirzəliyev, Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Səyavuş Kərimov (nağara) təmsil ediblər.
Musiqi bayramının sonuncu günü qaliblərin adları elan edilib. İran nümayəndəsi “Qran pri” alıb. Digər yerlərin sahiblərinə də hədiyyələr və pul mükafatları verilib. “Vətən” musiqi qrupu da mükafat alanlar sırasında olub. Onlara festivalın diplomu, müxtəlif hədiyyələr və pul mükafatı təqdim edilib.
Festivalın Beynəlxalq münsiflər heyətinin tərkibində Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Hindistan, Misir və Özbəkistan nümayəndələri təmsil olunub.
Xatırladaq ki, I Beynəlxalq Muğam Sənəti Forumu 2018-ci il sentyabr ayında Özbəkistanın Şəhrisəbz şəhərində keçirilib, Azərbaycandan gələn “Muğam” qrupu birinci mükafata layiq görülüb.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Özbəkistan, Zamin şəhəri