Brilyant Atəşin poetik dünyası

post-img

O, poetik duyğularını sanki həzin ləpələr kimi dənizə pıçıldayır, daşların arasından işıqlı dünyaya can atan büllur bulaq kimi zümzümə edir. Elə ki, haqsızlıq görür, həqiqətə dil uzadanlara, haqqı nahaqqın ayağına yazmaq istəyənlərə rast gəlir, mülayim Atəş alov dilləri ərşə çıxan tonqala dönərək yaxıb-yandırır. “Meydan sulayan qoçulara, yaltaqlara, zalımlara meydan oxuyur – lap Ərəbzəngi kimi. Yəni onun lirik duyğuları ləpə kimi mülayim, dalğa kimi haraylıdı.

Yazdıqları söz adamı kimi onun ədəbi kimiliyidir, sözlə çəkilmiş avtoportretidir. Söz adamının kim olduğunu onun yazdıqları kimi dəqiq bildirən ikinci bir tanıtım testi tanımıram. Brilyant xanım həmişə, hər yerdə özüdür. İnsanlığı, diqqəti, sözə dəyəri, məsuliyyəti ilə. “Daş kəsən, baş kəsən, savaş kəsən sözü ucuzlaşmağa, ucalıqdan enməyə qoymayanlar bircə söz sarıdan acdılar”.

Göylərin buludu gözümə dolub,

Çoxu daldalanıb izimə dolub.

Ən gözəl fikirlər sözümə dolub,

Vərəqə tökülən ləlmi, incimi?

Brilyant xanımın yaradıcılığının  özünəxas bir cəhəti şifahi xalq ədəbiyyatını, folkloru, klassik aşıq sənətini, ana dilimizi, kənd həyatını  mükəmməl bilməsidir. Onun təcnisləri, qıfılbəndləri, müxəmməsləri, dodaqdəyməzləri, divaniləri, deyişmələri  mükəmməl klassik nümunələri səviyyəsindədir.  

Brilyant Atəşin lirik duyğularından tapdığım incilər az deyil.   

Düzlükdən imarət qurasan gərək,

Sözü məqamında vurasan gərək.

Haqqın arxasında durasan gərək,

Yoxsa ki, qəflətdə qalmaq kimidi.

“Yaxşıya sarayam, zalıma goram”. 

“Haqqı bürmələyib nahaqqa satmaq, 

Zülməti nur üstə salmaq kimidi”.     

“Qəfəsdə yaşamaq ölmək kimidi”.

Məğrurluq, ucalıq, üzüağlıq, təvəzökarlıq bir yoldur. Bu yolu gedənlərin maddi “varı qurtarsa da, etibarı qalır”. El öyən igidlərimiz 44 günlük müharibədə düşmənin dizini qatlayıb “dəmir yumruq”la 30 il doğmalarının yolunu həsrətlə gözləyən torpaqlarımızı azad etdilər. Onlar Brilyant Atəşin “Mübariz”, “Nurdadı”, “Şəhid oğulun anasını qarşılaması”, “Bir şəhid balamızın dilindən” və digər şeirlərinin qəhrəmanlarıdır,  müdrik fikir şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, Vətən torpaqlarına azadlıq toxumu əkənlərdir.

Brilyant Atəşin dünya malından doymayanlara qəti xəbərdarlığı və qandırması da var: Belələrinə “Axırda bir ağda qalacaqsan, ha, Əriyib bir torpaq olacaqsan, ha...”– deyir. Xəbərdarlıq edir ki, mənəviyyat ölümə doğru gedirsə, onu diriltmək mümkün olmayacaq. Mənəviyyatsızlıq ən ucuz ölümdür.  

Brilyant Atəşin kəlağayı və qara papaq dəyəri və həqiqəti də diqqətçəkəndir:

Cana gəlir örtüləndə, qoyulanda dürüst başa,

Nənəmin kəlağayısı, babamın qara papağı”.

Brilyant Atəş milli mənəvi dəyərlərə bağlı Azərbaycan xanımıdır. O, başı kəlağayılı nənələrin, anaların, qara papağı başında qeyrətlə daşıyan babaların, ataların övladıdır. Özü də bu gün min illərdir nənələrimizdən miras qalan kəlağayını başına tac edir. Güllü Eldar Tomarlının sədr olduğu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin fəal və yorulmaz üzvlərindəndir. Güllü xanımın yaratdığı şəxsi Kəlağayı muzeyinin layihəsi əsasında düzənlənən “Sazlı, sözlü kəlağayı günləri” tədbirlərində rəfiqələri ilə birgə qədim ipək baş örtüyünü təbliğ edir, tanıdır – həm sözüylə, həm də əməliylə. 

“Qəmli kəlağayı” şeiri nənənin şəhid nəvəsinin nişan xonçasına qoyduğu baş örtüyünün taleyindən bəhs edir. Nişanlı el gözəlinə qismət olmayan həmin kəlağayı qarşısında qızlarımız sədaqət andı içib sevdiyi oğlana, səadətinə qovuşmalıdırlar. 

Brilyant Atəş şeirlərindən birində yazdıqlarının sabahına görə narahatlıq hisslərini də qələmə alıb:  

Səni əzizləyib, de, kim olacaq,

Ən axırda yiyən, şeirim mənim?

Ona demək istəyirik ki, narahat olmasın, həqiqi sözün qədrini bilənlər, dəyərli sözün aşiqləri yiyə duracaqlar. Əbu Turxana görə, ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. Eşqiniz tükənməsin, Brilyant xanım! 

Vaqif  OSMANLI

 

Mədəniyyət