O, həm də milli mətbuat tariximizin araşdırıcısıdır
Tanınmış mətnşünas və mətbuat tarixçisi, professor Nazim Axundovla şəxsi ünsiyyətim olmasa da, həmişə haqqında xoş sözlər eşitmişdim. Onunla bağlı böyük məhəbbətlə danışan insanlarla dəfələrlə həmsöhbət olmuşdum.
Yazıçı-publisist, vaxtilə “Yazıçı” nəşriyyatında nəsr bölməsinə rəhbərlik etmiş Mustafa Çəmənli də Nazim Axundovun xatirəsini əziz tutan insanlardandır. Telefon söhbətimiz zamanı Nazim Axundovdan söz düşəndə xəyalı çox uzaqlara getdi.
– Nazim Axundovu çox yaxşı tanıyırdım, – dedi. – O, dövrünün tanınmış biblioqrafı, görkəmli pedaqoqu və ədəbiyyatşünas alimi idi. Bu gün aramızda olmasa da, nurlu siması, xoş ünsiyyəti yaxşı yadımdadır. Onu xatırlamaq hər zaman xoşdur. Qoy, gələcək nəsillər layiqli alimlərimizi, ziyalılarımızı yaxşı tanısınlar. Nazim Axundov haqqında vaxtilə mən də məqalə yazmışam. Yenə də ondan danışmaq mənə xoşdur.
Mustafa Çəmənlinin xatirə qeydləri ilə tanış olduqca böyük bir ziyalının nəcib cizgiləri gözlərim önündə canlanırdı: “Bugünlərdə şəxsi arxivimi araşdırarkən professor Nazim Axundovun 20 yanvar 1991-ci ildə mənim “Xallı gürzə” tarixi romanım barədə yazdığı məqalənin əlyazmasına rast gəldim. Yazını bir daha oxudum. Yaddaşımda Nazim müəllimin səsi canlandı, onun nurlu çöhrəsi, bəylik ədası xəyalımda cilvələndi.
Professor Nazim Axundov çox işıqlı, xeyirxah şəxsiyyət idi. İlk tanışlıqdan sonra aramızda səmimi ünsiyyət yaranmışdı. O, “Yazıçı” nəşriyyatında 2 cilddə çapa hazırlanan “Qarabağnamələr” in tərtibçisi, “Qarabağ salnamələri” kitabının müəllifi kimi və fars dilindən tərcümə etdiyi Nasir Nəcminin “Abbas Mirzə: XIX əsr Rusiya–İran–Azərbaycan münasibətləri” (bu kitabın redaktoru olmuşam) əsərinə görə nəşriyyatla müntəzəm əlaqə saxlayırdı və buna görə də vaxtaşırı görüşürdük. Şuşa işğal olunduqdan sonra o, Bakıda yaşayırdı (indi təəssüflənirəm ki, Nazim müəllim İkinci Qarabağ savaşında çox sevdiyi doğma Şuşasının işğaldan azad edildiyi günü görmədi).
Nazim Axundov 1924-cü il iyun ayının 20-də Şuşada ziyalı ailəsində dünyaya göz açıb. O, ibtidai təhsilini Tərtərdə alıb. Sonra Bakıya gəlib, Pedaqoji Məktəbin filologiya fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra bir neçə il kənd məktəblərində müəllim işləyib. Bununla yanaşı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini də qiyabi davam etdirib. İnstitutdan sonra Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya qəbul olub. Daha sonra həmin institutun elmi şurasında “Molla Nəsrəddin” jurnalının nəşri tarixinə aid tədqiqlər” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib və filologiya elmləri namizədi adını qazanıb. “Azərbaycan satira jurnalları” mövzusunda doktorluq dissertasiyasını isə 1966-cı ildə müdafiə edib.
Əmək fəaliyyətinə Tərtər rayonunun Azad Qaraqoyunlu və Qaynax kənd məktəblərində müəllim kimi başlayan gələcək alim Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. Nazim Axundovun ilk mətbu əsəri – “Cəfər Cabbarlı” adlı kitabçası 1947-ci ildə çap olunub. Ardınca “Mirzə Fətəli Axundov”, “Səməd Vurğun”, “Mirzə Ələkbər Sabir” və sair biblioqrafik kitablarını yazıb. “Ədəbiyyat” (8-ci sinif), “Ədəbiyyat müntəxabatı” (9-cu sinif) dərsliklərini və bir sıra metodik vəsaitləri, digər müəlliflərlə “Azərbaycan sovet ədəbiyyatşünaslığı (1920–1965)” adlı biblioqrafiya kitabını tərtib edib. Onun “Qarabağnamələr”, “Hümmət” qəzetinin izahlı biblioqrafiyası”, “Azərbaycan dövri mətbuatı”, “Üzeyir Hacıbəyov”, “Azərbaycan mətbuatının ilki (“Əkinçi–100)”, “Molla Nəsrəddin” jurnalının nəşri tarixi” kimi əsərləri elm aləminə yaxşı tanışdır. Ömrünün sonunadək yorulmadan həmin mövzularda araşdırmalar aparıb.
Nazim Axundov Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dövri mətbuat və biblioqrafiya şöbəsinin və Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri olub. Səksəninci illərdən ömrünün sonunadək Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun professoru vəzifəsində işləyib.
Ehtiramla anılan Nazim Axundov 1994-cü ildə – 70 yaşında Bakı şəhərində vəfat edib. Ruhu şad olsun…
Həzi HƏSƏNLİ,
şair-publisist