Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti meydanına çevrilib. Xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər ucaldılır. Artıq 7 min 800-ə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Doğma yurd yerlərinə geri dönən soydaşlarımız üçün rahat həyat şəraiti yaradılıb, müasir xidmətlərə əlçatan, təhlükəsiz yaşayış, məşğulluq təmin edilib. İlin sonuna qədər 20 min insanın qayıdışı planlaşdırılır. Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, ümumilikdə 27 yaşayış məntəqəsini əhatə edir. Tezliklə Cəbrayıla, Kəlbəcərə və Zəngilana yeni köçürülmə prosesinə start veriləcək.
Şəhər və kəndlərin tikintisi isə son texnologiyalardan istifadə edilməklə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun aparılır. Bu barədə “Virtual Azerbaijan group of Company” şirkətinin baş proqramçısı, süni intellekt mütəxəssisi Vüsal Orucov dedi:
– Müasir dövrdə şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının tətbiqi və idarə olunmasının təmin edilməsi yaşayış məntəqələrində dayanıqlı inkişafın əsas prioritetlərindən biridir. Bu məqsədlə bir sıra layihələr həyata keçirilir. Onlardan biri də “ağıllı kənd” layihəsidir. “Birinci pilot layihə – “ağıllı kənd” Zəngilan rayonunun Ağalı kəndində reallaşıb. Bu konsepsiya orada məskunlaşan əhali üçün kifayət qədər üstünlüklər təklif edir. Onların həyatını asanlaşdırmaq, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün müasir texnologiyaların imkanlarından istifadə edilir. Yəni bu kənddə hər üç komponent – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrüfat tətbiq edilir. Həm də əlverişli biznes mühiti yaradılır.
Vüsal Orucovun sözlərinə görə, “ağıllı kənd” daha çox fermerlər ilə torpaq arasındakı münasibətlərin rəqəmsallaşma müstəvisidir. “Ağalı kəndində bu layihəyə uyğun sahədə hansı məhsulun əkilməsinin müəyyənləşməsi innovativ metod və üsullardan istifadə edilməklə həyata keçirilir. Təsərrüfat sahələrinin bütün kritik nöqtələrində sensorlar quraşdırılıb. Burada torpaq şəraiti, hava və s. haqqında məlumatlar toplanır və SMS-lərlə fermerlərə ötürülür. İnformasiya Sistemində toplanan məlumatlar təhlil edildikdən sonra torpağın vəziyyəti barədə nəticələr çıxarılır.
Mütəxəssis sonra dedi: “Ağıllı kənd” konsepsiyası əsasında avtomatlaşdırılmış idarəetmə sistemi bir çox hədəflərə nail olmağa da imkan yaradır. Məsələn, sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, əl əməyindən istifadə minimuma enir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur. Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir. Bu, fermerlərin daha düzgün qərarlar qəbul etməsinə, dəqiq idarəçilik, resursların qənaətli istifadəsinə imkan verir. Bu yanaşma yalnız Ağalı kəndində deyil, işğaldan azad edilmiş ərazilərdə yenidən inşa olunan digər kəndlərdə də tətbiq edilir. Aydındır ki, müəyyən fərqlərlə. Fərq həmin kəndlərin relyefi, iqlimi, təbii ehtiyatları və s.-dən asılıdır”.
V.Orucov qeyd etdi ki, İKT şirkətləri “ağıllı kənd” layihələri ilə bağlı yeni məhsullar, xidmətlər də təqdim edirlər: “Məsələn, heyvandarlıq sistemlərində “ağıllı ferma”lar, sağım, yempaylayan və hazır məhsulu yığan qurğu və sistemlər istifadə olunur. Bitkiçilikdə isə “ağıllı istixana”lar (parniklər) yaradılır. Yeni təsərrüfatlar bu layihələr əsasında meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırır, emal prosesini müasir tələblərə uyğun qurur. Beləliklə, “ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti ehtiva edir.
Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin tikinti və bərpa işlərində “ağıllı enerji”dən də istifadə olunur. O, özündə enerji istehsalı, paylanması və istehlakını optimallaşdırmaq üçün rəqəmsal texnologiyalardan və məlumat təhlillərindən istifadəni nəzərdə tutur. “Ağıllı enerji” sistemində enerjinin ən səmərəli və davamlı şəkildə istehsalını və istehlak edilməsini təmin etmək üçün müxtəlif cihazlar və sistemlər bir-birinə bağlıdır və bir-biri ilə əlaqəli işləyir. Məsələn, günəşli günlərdə evlərdə quraşdırılan Günəş panellərindən elektrik enerjisi smart sayğaca daxil olur. İstifadədən artıq qalan elektrik enerjisi isə ümumi şəbəkəyə ötürülür. Dumanlı, qarlı və yağışlı günlərdə günəş panelləri zəif işləyəndə evlərə elektrik enerjisi ümumi şəbəkədən daxil olur. Bunlar isə avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən idarə olunur.
Qeyd edək ki, “ağıllı enerji” son nəticədə enerji israfını azaltmaq və onun səmərəliliyini artırmaq üçün çox vacibdir. Enerji istehlakını izləmək və istifadəni müvafiq olaraq tənzimləmək üçün real vaxt məlumatlarından istifadə etməklə ağıllı enerji sistemləri istehlakı 30 faizə qədər azalda bilər. Bu, nəinki istehlakçılar üçün enerji xərclərini azaldır, həm də istixana qazı emissiyalarını və ümumi karbon izini azaltmağa kömək edir. Hazırda azad edilmiş ərazilərdə tikilən və bərpa olunan yaşayış məntəqələrində “ağıllı enerji”dən istifadə nəzərdə tutulur.
Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir.
Göründüyü kimi, “ağıllı kənd” təkcə infrastruktur deyil, həm də yeni həyat tərzidir. Biz yeni texnologiyaları nə qədər tez mənimsəsək, bir o qədər sürətli inkişafımızı təmin etmiş olacağıq.
P.ƏFƏNDİYEV
XQ