Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, nazirliyin Dendrologiya, Ekologiya və Təbii Ehtiyatlar, Bioresurslar, Aqrar Problemlər institutları, Gəncədəki Nəbatat Bağı, Azərbaycan Texnologiya Universiteti, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl Milli Parkı tərəfindən “İqlim dəyişkənliyi şəraitində təbii floranin müasir vəziyyəti və biomüxtəlifliyin qorunmasi” mövzusunda forum keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən elmi tədbirdə adı çəkilən qurumların nümayəndələri, alim və tədqiqatçıları iştirak ediblər.
Forumun istiqamətləri təbii floranın müasir vəziyyəti və növ müxtəlifliyi, ekoloji amillərin, o cümlədən nəqliyyat vasitələri tullantılarının bitki örtüyünə təsirləri, iqlim dəyişkənlikləri və bitkilərdə uyğunlaşma – introduksiya, yaşıllaşdırma tədbirləri və təbii floranın bərpası məsələlərini əhatə edib.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayaraq qeyd edib ki, 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə tərəfdaşlıq Konfransının (COP29) Azərbaycanda keçiriləcəyini ölkəmizin beynəlxalq arenada daha bir uğuru kimi qiymətləndirmək lazımdır. Bu, qlobal ekoloji və iqlim dəyişiklikləri problemləri ilə mübarizədə ölkəmizin nüfuzlu söz və əməl sahibinə çevrildiyinə əyani misaldır.
Akademik alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərin həllinə öz töhfələrini verməyə çağırıb və forumun işinə uğurlar arzulayıb.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov forumun istiqamətləri və proqramın zənginliyini qeyd edib və qlobal ekoloji problemlərin xarakterik səbəbləri, həmçinin ölkəmizdə bu istiqamətdə həlli vacib məsələlər barədə danışıb.
Dendrologiya İnstitutunun direktoru, dosent Minarə Həsənova, Gəncədəki Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri, professor Aynur Bayramova təbiətin mühafizəsi, flora və faunanın bərpası, ekoloji profilaktik tədbirləri əhatə edən məsələlər haqqında çıxış ediblər.
Sonra forumun elmi məruzələri kimi “Abşeron dendroflorasının müasir fitosanitar vəziyyəti”, “İqlim dəyişmələri və onların çay axınına təsiri”, “Abşeron Milli Parkının bitki örtüyü”, “Göygöl Milli Parkının flora və faunası”, “Zeytun bitkisinin təhlükəli zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”, “Müasir şəraitdə ekoloji problemlər”, “Yaşıl dünya naminə həmrəlik ilində biotexnologiyaların xüsusi əhəmiyyəti” və digər mövzularda çıxışlar dinlənilib.
Forum çərçivəsində elmi ədəbiyyat ekosərgisi də nümayiş etdirilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə