COP29 qlobal ekoloji böhranı cilovlamağa önəmli töhfə verəcək

post-img

Azərbaycanın evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq məqsədilə Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantıda beynəlxalq aləmi narahat edən bir sıra problemlərin həlli istiqamətində fikirlər səsləndirilib. İclasda sağlamlıq və iqlim dəyişikliyinin kəsişməsinin dövrümüzün ən kritik çağırışları olduğu bildirilib, iqlim dəyişikliyinin  mövcud sağlamlıq təhdidlərini gücləndirdiyi   və yeni risklər yaradaraq ən həssas əhaliyə qeyri-mütənasib şəkildə təsir göstərdiyi diqqətə çatdırılıb.  

Toplantıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı maraqlı bir məqama toxunaraq qeyd edib ki, insanın fiziki vəziyyəti yaxşı olanda xəstəlikdən danışmır. Lakin sağlamlıq təhlükə ilə üzləşəndə indiyədək yaşanılmayan narahatlıq baş qaldırır və bu, bir nömrəli prioritetə çevrilir. Bir neçə il bundan əvvəl dünyanı ağuşuna alan  COVID-19 bunun bariz ifadəsidir. Belə bir təhlükəli bəla dünya ictimaiyyətinə dəhşətli sarsıntılar yaşatsa da, xalqları xəstəliyi aradan qaldırmaq yolunda birləşdirdi, birgə mübarizədə yaşamaq instinktini işə saldı.

ÜST nümayəndəsi  daha sonra deyib: “Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, COVID-19 bizə, təxminən,14 trilyon dollara başa gəlib. Təkcə karantin xərcləri qlobal ÜDM-in 9 faizini təşkil edib. Biz etimad institutlarının itirilməsinin hələ də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların qəbuluna təsirlərinin dəyərini hesablaya bilmirik”.

H.Harmancının sözlərinə görə, indi COP29 adlı başqa bir çoxtərəfli qərarın qəbuletmə prosesinə hazırlıq görülür. Söhbət, şübhəsiz ki, ekzistensial problemdən, iqlim dəyişikliyindən gedir. Amma bu dəfə, necə deyərlər, qaçıb qapıları bağlamağa yer yoxdur.

ÜST nümayəndəsinin ciddi narahatlığı açıq-aşkar sezilir. Bu, sözügedən iclasda iştirak edən digər nümayəndələrin çıxışlarında da nəzərə çarpır. Məsələn, BMT Baş katibinin müavini, təşkilatın Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anxel Moratinos sözügedən toplantı iştirakçılarına videomüraciətində bu gün bəşəriyyətin hərəkətsizliyə və iqlimə görə fəlakət astanasında olduğunu bildirərək əlavə edib ki, planetin xilası geosiyasi parçalanmanın girovuna çevrilməməlidir: “Unutmayaq ki, problemin həlli təkcə iqlimə deyil, iqtisadi rifaha və davamlı inkişafa da kömək etmək imkanı yaradır. İqlim dəyişikliklərini həll etmək planeti və həssas insanları qorumaq deməkdir”.

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən tədbirdə çıxış edənlər dünyadakı icmaların iqlim dəyişikliyinin təsirindən əziyyət çəkdiklərini, beynəlxalq ictimaiyyətin havanın temperaturunun yüksəlməsinin 1,5 Selsi dərəcədə saxlanılması ilə bağlı Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyini vurğulayıblar. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə maliyyəyə ehtiyac duyulduğunu, bu məsələdə dövlət sektoru ilə yanaşı, özəl sektorun da məsuliyyət daşıdığını qeyd ediblər.   

COP29 Təşkilat Komitəsi Katibliyinin rəhbəri, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Həbib Mikayıllı da çıxışında iqlim dəyişikliyi ilə mübarizədə maliyyənin mühüm önəm daşıdığını diqqətə çatdıraraq qeyd edib ki, COP29-un əsas mövzusu maliyyə məsələləridir: “Maliyyələşdirmə olmadan iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq mümkün deyil. Bu 6 ay ərzində bizim COP29 komandamız müxtəlif danışıqlar qruplarına daxil olan ölkələrlə məsləhətləşmələr apararaq onların fikirlərini dinləmək, prioritetlərini, mövqelərini anlamaq üçün dünyanın müxtəlif yerlərinə səfərlər edib və bu səfərlər çox uğurlu olub.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə çıxışında iqlim dəyişikliklərinə qarşı vəsaitin artıq mövcud olduğunu,   lakin onu bazarlara çatdırmaq mexanizminin hələ işlənilmədiyini vurğulayıb. Y.Rəfiyev daha sonra dünyanın inkişaf etmiş ölkələrində iqlim dəyişikliklərinin maliyyələşdirilməsinin qrant layihələri formasında gerçəkləşdirildiyini,  bu sahədə maliyyələşdirmənin nə qədər böyük əhəmiyyət daşıdığını bildirib.

Y.Rəfiyev qeyd edib ki, sözügedən sahədə özəl sektorun da iştirakı çox vacibdir. “Biz təkcə dövlət vəsaitinə güvənməməliyik, çünki söhbət gedən mükafatları, milyardları təkcə dövlət vəsaitlərinin resursları hesabına ödəmək mümkün deyil. Biz mütləq özəl sektoru COP29-a cəlb etməliyik. Bir sıra ölkələrdə iki istiqamətə və potensial investorlara, həmçinin korporativ sosial məsuliyyət portfelinin bir hissəsi kimi korporativ sosial məsuliyyətə ehtiyac duyulur. Digər bir məsələ dövlətlərin ölkə platformaları kimi bəzi təşəbbüslərlə çıxış etmələri, bəzi təşəbbüslər irəli sürmələridir”, - deyə nazir müavini əlavə edib.

Yeri gəlmişkən, islasda COP29 çərçivəsində daha çox nüvə təhlükəsizliyi, iqlim probleminin həllində ən son texnologiyaların və ideyaların cəlb olunması, investisiya qoyuluşlarının diqqətdə saxlanılması və “yaşıl” innovasiyaları dəstəkləmək üçün elm-tədqiqat işlərinin sürətləndirilməsi mövzularının əhəmiyyəti də vurğulanıb.  

Ekologiya