“Yaşıl ideya” və “yaşıl texnologiya”lar istiqamətində yeni təşəbbüslər

post-img

İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdir ki, rəqəmsal transformasiyalar şəraitində “yaşıl texnologiya”larla bağlı tədqiqatlar aparılır, “yaşıl iqtisadiyyat” və ekologiya kimi problemlərə böyük diqqət ayrılır.

Bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev açıqlaması zamanı bildirib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi qiymətləndirən akademik Rasim Əliquliyev dövlət başçısının sözügedən sərəncamından irəli gələn vəzifələr haqqında məlumat verib. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verildiyini qeyd edən AMEA-nın vitse-prezidenti ən müasir texnologiyaların ölkəmizdə geniş tətbiq olunması ilə yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti ölkəmizin indiyədək nüfuzlu beynəlxalq təşkilatların siyasi, iqtisadi və humanitar problemlərə həsr olunmuş əhəmiyyətli tədbirlərinə evsahibliyi etdiyini bildirib. R.Əliquliyev, eyni zamanda, bu il ən böyük beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsinə dair qərarı mühüm hadisə kimi qiymətləndirib. Akademik belə bir  mötəbər tədbirin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti, həmçinin COP29-un iqlim dəyişikliyinin azaldılmasına və “yaşıl enerji”dən istifadəyə yönələn qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayan beynəlxalq tədbirlərdən olduğunu xatırladıb.  

“COP29 ölkəmizdə “yaşıl ideyalar”ın reallaşması istiqamətində institusional və kompleks tədbirlərin həyata keçirilməsinə təkan verəcək”, - deyən institut direktoru tədbir zamanı dünyanın “düşünən beyinləri”nin ölkəmizdə cəmləşəcəyini qeyd edib.

R.Əliquliyev COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinin müvafiq qurumlar qarşısında da mühüm vəzifələr qoyduğunu diqqətə çatdıraraq aidiyyəti dövlət qurumlarının bu prosesdə yaxından iştirak edəcəyini vurğulayıb. Ənənəvi iqtisadiyyatın “yaşıl iqtisadiyyat”a transformasiya olunması üçün cəmiyyətimizdə “yaşıl mədəniyyət”in formalaşdırılmasının önəminə toxunan AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun alimlərinə “yaşıl ideya”, “yaşıl texnologiya”lar istiqamətində yeni təşəbbüslər irəli sürməklə bağlı tapşırıqların verildiyini qeyd edib. Akademik R.Əliquliyev institutda “yaşıl cəmiyyət”in formalaşması məsələləri ilə bağlı tədqiqatlara başlanıldığını və bu araşdırmaların nəticələrinin ölkəmizdə “yaşıl texnologiyalar”ın tətbiqi istiqamətində aparılan işlərə, həyata keçirilən tədbirlərə elmi baxımdan ciddi dəstək verəcəyinə əminliyini də diqqətə çatdırıb.  

 

Ekologiya