İstilik dalğaları insan sağlamlığının qənimidir

post-img

İsti yay günü. Günəş amansızcasına yandırır, asfalt ayaqların altında əriyir, hava qızmar istilikdən titrəyir. Belə şəraitdə isə yalnız sərinliyə çəkilmək istəyirsən. Lakin bu, bir çoxumuz üçün, sadəcə, bir istək deyil, həyat və ölüm məsələsidir.

Bir neçə gün bundan əvvəl “Sağlam gələcəklərin proqnozlaşdırılması (FHF)” Qlobal Sammiti kollektiv biliklərimizi qurmaq, yeni və mövcud tərəfdaşlıqları gücləndirmək, həmçinin maarifləndirmə və siyasi iradə əsasında birlikdə hərəkət etmək imkanlarını müəyyənləşdirmək üçün Bakıda iqlim, eləcə də  sağlamlıq istiqamətində fəaliyyət göstərən təşkilatların  müxtəlif maraqlı tərəflərini bir araya topladı.

İstilik dalğaları, sadəcə, qızmar günlər deyil, bir neçə gün və ya həftə davam edə bilən anormal isti hava dövrləridir. Bu dalğalar təkcə yay istirahətinin səmərəliliyini azaltmır, həm də insanların, xüsusilə də yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olan kimi həssas qrupların  sağlamlığı üçün ciddi təhlükə yaradır. 

İqlim dəyişiklikləri dünya üzrə ətraf mühitə və insan həyatına təsir edən müxtəlif hava hadisələrini daha sıx və şiddətli hala gətirmişdir. Bunlardan biri də istilik dalğalarıdır. İstilik dalğaları qısa müddət ərzində adi haldan daha yüksək temperatur dəyərlərinin qeydə alındığı hadisələrdir. Bu hadisələr insan sağlamlığına çox ciddi təsir göstərməklə yanaşı, iqtisadiyyata da zərər vurur.  

İstilik dalğalarının səbəbləri və mexanizmlərindən bəhs edərkən, ilk növbədə, iqlim dəyişikliyinin atmosferdəki karbon dioksid və digər istixana qazlarının artması nəticəsində meydana gəldiyini xatırlatmaq istərdim. Belə ki, bu qazlar istilik tutumunu artıraraq qlobal temperaturu yüksəldir və istilik dalğalarının daha tez-tez, eyni zamanda,  şiddətli baş verməsinə səbəb olur.

Şəhər istiliyi adası effekti isə böyük şəhərlərdə binaların və yolların çoxluğu, bitki örtüyünün azlığı səbəbi ilə yaranır. Bu, şəhər ərazilərində temperaturun ətraf kənd yerlərinə nisbətən daha yüksək olmasına gətirib çıxarır. Atmosfer sirkulyasiyasında dəyişikliklərə gəldikdə isə bu, iqlim dəyişikliyini dəyişdirə bilir. Bununla da istilik dalğalarının daha uzun müddət davam etməsinə və daha geniş ərazilərdə qərarlaşmasına şərait yaranır.  

İstilik dalğaları insan sağlamlığına termal stres və fizioloji təsir göstərir. Bu zaman yüksək temperatur bədənin temperatur tənzimləmə qabiliyyətini zəiflədərək  istilik yorğunluğu və istilik vurması kimi problemlərə səbəb ola bilər. İstilik vurması bədən temperaturunun sürətlə yüksəlməsinə və orqan zədələnməsinə gətirib çıxarar.  

Dehidrasiyada isə isti havalarda tərləmə yolu ilə bədən daha çox maye itirir. Bu vəziyyət dehidrasiya, elektrolit balansının pozulması və nəticədə böyrək funksiyalarının zəifləməsinə gətirib çıxara bilər.

Xroniki xəstəliklər və əlavə risklərdən bəhs edərkən isti havanın qan dövranı sisteminə əlavə stres təsiri göstərməsi və ürək-damar xəstəlikləri olan şəxslər üçün risk faktoru yaratması da xatırladılmalıdır. Ümumiyyətlə, xroniki xəstəliklər yüksək temperatur, infarkt və ya insult riskini artırır. Tənəffüs xəstəliklərində isə istilik dalğaları zamanı havaalma keyfiyyəti aşağı düşür. Çirklənmiş hava astma, xroniki obstruktiv ağ ciyər xəstəliyinə (KOAH) və digər tənəffüs problemlərinə səbəb olur. Diabet xəstələri də istilik dalğaları zamanı daha yüksək risk altında olur, çünki yüksək temperatur insulin tənzimləməsini və qlikoz metabolizmini poza bilər.

İstilik dalğaları yalnız fiziki sağlamlıq problemlərinə deyil, həm də psixoloji problemlərə səbəb ola bilər. Yüksək temperatur stres, narahatlıq, yuxusuzluq və depresiyanı şərtləndirər. Xüsusilə, uzun müddət davam edən istilik dalğaları sosial şəraitə və iş həyatına mənfi təsir göstərərək psixoloji sağlamlığı daha da pisləşdirə bilər.

Yaşlı insanlar bədən temperaturunu tənzimləməkdə çox çətinlik çəkirlər və istilik dalğalarına qarşı daha həssasdırlar. Onların bədən funksiyaları və müdafiə mexanizmləri yaşlandıqca zəifləyir, bu da istilik stresinə qarşı müdafiəni azaldır.

Uşaqların bədənləri yüksək temperatura daha həssasdır, çünki onların tənzimləmə sistemləri tam inkişaf etməmişdir. Onların istilik vurmasına və digər istiliklə əlaqəli problemlərə qarşı müqaviməti azdır.

Diabet, ürək-damar, tənəffüs və digər xroniki xəstəlikləri olan insanlar istilik dalğalarından daha çox təsirlənirlər. Bu xəstəliklər bədənin normal funksiyalarını zəiflətdiyindən istilik stresi daha ciddi problemlərə səbəb ola bilər.

Az gəlirli ailələr və evsizlər kimi sosial və iqtisadi cəhətdən zəif qruplar istilik dalğalarının təsirlərinə qarşı daha müdafiəsizdirlər. Onların kondisioner və ya sərin yerlərə çıxış imkanı məhdud olduğundan istilik stresindən daha çox əziyyət çəkirlər.

Vəziyyətdən çıxış yolu kimi, ilk növbədə,  evlərdə və iş yerlərində kondisioner və sərinkeşlərin istifadəsi zəruridir. Bu, istilik stresini azaltmaq üçün vacibdir. İnsanlar günün ən isti saatlarında sərin yerlərdə olmağa çalışmalıdırlar.

Dehidrasiya riskini azaltmaq üçün bol su içmək də vacibdir. Alkoqol və kafein tərkibli içkilərdən uzaq durmaq lazımdır, çünki bunlar bədənin su itirməsini artırır. Bundan başqa, yüngül, geniş və açıq rəngli paltarlar geyinmək, kölgədə qalmaq və günəşdən qoruyucu vasitələrə üstünlük vermək istilik stresini azaltmağa kömək edir.

İstilik dalğaları zamanı ictimaiyyətin məlumatlandırılması vacibdir. İnsanlara istilik dalğalarının riskləri və qorunma yolları barədə məlumat verilməlidir. İctimai yerlərdə sərinləmə mərkəzlərinin açılması xüsusilə də az gəlirli və evsiz insanlar üçün vacibdir. Bu mərkəzlər insanların yüksək temperaturdan qorunmasına kömək edə bilər.

Sağlamlıq sistemlərinin istilik dalğalarına hazırlıq vəziyyətində olması da zəruridir. Təcili yardım xidmətləri və xəstəxanalar istilik dalğaları zamanı artan xəstə sayına    hazır olmalıdır.

İstilik dalğaları üçün erkən xəbərdarlıq sistemlərinin tətbiqi insanların vaxtında tədbir görməsinə və özlərini qorumasına  kömək edir.

Beləliklə, istilik dalğaları iqlim dəyişikliyinin nəticəsi olaraq dünyada  tez-tez baş verən və narahatlıq doğuran hava hadisələridir. Bu hadisələr insan sağlamlığına ciddi təhlükələr yaradır və xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və sosial-iqtisadi vəziyyəti zəif olanlar üçün böyük risklər daşıyır. 

İstilik dalğalarının təsirlərini azaltmaq üçün sərinləmə strategiyaları, ictimai sağlamlıq tədbirləri və fövqəladə hallar üçün hazırlıq planları vacibdir. Yalnız bu şəkildə istilik dalğalarının insan sağlamlığı üzərindəki mənfi təsirlərini minimuma endirmək mümkündür.

Gülşən  AXUNDOVA,   
Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü

 

Ekologiya