Azərbaycanın evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda işə başlayan “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı dünən işini Zəngilan rayonunda panel iclaslarla davam etdirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzusuna həsr olunan birinci panel iclasında çıxış edənlər ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləməsindəki nailiyyətlərindən danışıblar, bəşəriyyətin iqlim dəyişikliyi, sosial bərabərsizlik, ekoloji ədalətsizlik kimi ciddi qlobal problemlərlə üzləşdiyini vurğulayıblar, eyni zamanda, Preziden İlham Əliyevin rəhbərliyi ilə bu çağırışların həllinə və davamlı inkişafa yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə sadiq qaldığını diqqətə çatdırıblar.
Bildirilib ki, Azərbaycanda innovativ resursların idarə edilməsi dayanıqlı “yaşıl iqtisadiyyat”a keçid üçün təməl yaradıb. Respublikamız iqlim dəyişikliklərinə xüsusi həssaslıqla yanaşıb.
Həmçinin qeyd edilib ki, regionda tamamilə böyüməyə can atan, transformasiya edən iqtisadiyyat daha çox bərpaolunan mənbələrə əsaslanır. Azərbaycan artıq bərpaolunan enerji mənbələrindən əldə edilən enerjini ixrac etməyə başlayır.
***
Sonra “Siyasət: Lobbiçilər, Gənclər, qadın qrupları, fəallar və ictimaiyyətin iştirakı” mövzusunda keçirilən panel iclasında çıxış edənlər - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Mehri Hüseynli, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük britaniyalı gənc lideri Manas Çavla, polşalı Klau Chmielowska və hindistanlı Noel Jackson gənclərin, qadınların və ictimai fəalların iqlim dəyişikliyinin təsirlərinin azalmasındakı fəaliyyətlərindən danışıblar. Onlar həmin qrupların maarifləndirmə və siyasət dəyişikliklərinə təkan vermək üçün yorulmadan çalışdıqlarını vurğulayıb, iqlim fəaliyyətində yerli bilik və liderliyin mühüm rolunun nümayişinin vacibliyini diqqətə çatdırıblar.
***
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçıları iyunun 21-də Zəngilan məscidində və “Ağalı” hotelində olublar.