Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı iyunun 11-də Pərvin Nurəliyevanın "Dəcəl keçi" tamaşası ilə Quba şəhər Mədəniyyət evində çıxış edib. Azyaşlıların böyük sevincinə səbəb olan tamaşanın nümayişində qazi və şəhid övladları da iştirak ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır.
Tamaşada rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Ədalət Əbdülsəməd və Vahid Orucoğlu canlandırırlar.
Qeyd edək ki, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.