İsti bir yay günü azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas Cəfər Xəndanın ailəsində dünyaya gəlmiş şair Rəfiq Zəkanı dostları, rəfiqləri daim isti duyğularla xatırlayırlar. Elə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda anım mərasiminə toplaşanlar düz 25 il əvvəl həyata əlvida demiş şair, filosof, ssenarist Rəfiq Zəka ilə bağlı günəş şəfəqli xatirələri yay təşnələri kimi dinlədilər.
Mərasimi açan Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı şairin 1962-ci ildə çapdan çıxmış “Çağlayan” adlı ilk kitabı ilə tanışlığından başlayaraq, şəxsi dostluq tellərinə qədər bir çox maraqlı məqamlara işıq tutdu. Qeyri-adi türk sevgili Rəfiq Zəkanı həm də dostları birləşdirən dəyər kimi xarakterizə etdi. Onun Atatürkə, Müşfiqə sonsuz sevgisindən misallar çəkdi, Anadolu ləhcəsinə aid “ulus”, “sancaq”, “soydaş” kimi bir çox sözü ilk dəfə leksikonumuza gətirdiyini vurğuladı. Saatlarca türk poeziyasından nümunələri əzbər söyləmək bacarığının olduğunu qeyd etdi.
AYB-nin sədri, Xalq yazıçısı Anar Rəfiq Zəkanı həm məclis iştirakçılarından, həm də burada iştirak edən ömür-gün dostu Nailə xanımdan da əvvəl tanıdığını bildirdi. Hələ uşaq ikən Rəfiqlə və Vaqif Səmədoğlu ilə eyni bir musiqi məktəbində oxuduqlarını yada saldı. Rəfiq Zəka Xəndanın həyatsevər, yumor hissi güclü olan (yeri gəlmişkən, “xəndan” şən, üzügülər deməkdir) bir insan, heyrətamiz şeir formalarında poetik nümunələr yazan, qələmini ən müxtəlif ədəbi janrlarda sınayan cəsarətli şair kimi üstün keyfiyyətlərini diqqətə çatdırdı.
Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rəfiq Zəka keçən əsrin 80–90-cı illərində Azərbaycan–Türkiyə ədəbi əlaqələrinin təməlini qoyanlardan olub.
Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, “SIZE”, “Tanıtım” kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etdirib. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı, Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer alıb, estetikadan mühazirələr oxuyub. Əruzu da heca vəzni qədər dərindən bilib. Uşaqlıqdan musiqiyə bağlılığının nəticəsidir ki, “Axırı yaxşı olar” (1968), “Mənim əziz vəhşiciyim” (1970) musiqili komediyalarına, eləcə də “Füzuli” və “Söyüdlər ağlamaz” operalarına çox gözəl mətnlər yazıb.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında yazırdı: “Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlislik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil”.
Rəfiq Zəkanın adı türk dünyasında geniş tanınıb və sevilib. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak edib. Türkiyədə kitabları çap olunub, haqqında monoqrafiyalar nəşr edilib, yaradıcılığından sevgilərlə söz açılıb.
Məclisdə AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq şairi Vahid Əziz, görkəmli yazıçı Seyran Səxavət, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, filologiya üzrə fəlsəfə doktoru Natəvan Mustafayeva, Slavyan Universitetinin professoru Flora Naci, həmin ali təhsil ocağının dosenti Kamalə Umudova, qəzəlxan şair Mahcamal Babayeva, “525-ci qəzet”in əməkdaşı, şair Nadir Yalçın və başqaları Rəfiq Zəka Xəndan haqqında ürək sözlərini söylədilər, onun yaradıcılığını geniş aspektdə təhlil etdilər.
Xüsusi qeyd olundu ki, Rəfiq Zəka təkcə şair və yazıçıların deyil, sadə insanların, zəhmət adamlarının da sədaqətli dostu idi. Yadıma düşdü ki, Masallı rayonunun Təzə Alvadı kəndində yaşamış Əlisa kişi (şair Süleyman Əlisanın atası) Rəfiq Zəkanın dəfələrlə onlara qonaq gəldiyini fəxrlə yada salır, necə sadə, səmimi bir insan olduğundan ürəkdolusu danışırdı. Yeri gəlmişkən, dostum Süleyman da həmişə qürürla bildirir ki, onu Vaqif Səməd-
oğlu, Vaqif Nəsib, Ələviyyə Babayeva kimi ünlü yazarlarla məhz Rəfiq Zəka tanış edərək: – Dostum Əlisanın oğludur, – deyib və gənc şairin “Durna yolu” (1986) adlı ilk kitabının çapına kömək edib...
Sonda unudulmaz şairin qızı Aydan xanım və oğlu Xəndan çıxış edərək özəl xatirələrini dilə gətirdilər. Həyat yoldaşı – elə məclisdə dəfələrlə xatırlanan mərhum şair Azad Talışoğlunun qızı, özü də filoloq olan Nailə xanım isə həm də Rəfiq Zəkadan gözəl şeir parçalarını əzbərdən səsləndirdi və məclisin təşkilatçılarına, iştirakçılarına minnətdarlığını bildirdi.
Beləcə, maraqlı mərasim 2 saatdan çox çəkdi. Rəfiq Zəka Xəndanı tanıyanlar şairin yad edilməsindən məmnun qaldıqları kimi, onu elə də dərindən tanımayan gənc ədəbiyyatsevərlər də xeyli dəyərli bilgi əldə etdilər.
Əli NƏCƏFXANLI
XQ