Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül Beynəlxalq Fondu ölkəmizdə Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsini keçiriblər.
Müsabiqəyə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən, ümumilikdə, 140 nəfərdən çox 18–36 yaş arasında vokalçı qatılmışdı. Şərtlərə görə, bütün əsərlər orijinalın dilində ifa edilib. İlkin turlardan sonra həlledici mərhələyə 16 iştirakçı vəsiqə qazanmışdı. Nəhayət, səs və sənət yarışmasının qalibləri bəlli olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun sədrlik etdiyi beynəlxalq münsiflər heyətinin qərarı ilə yarışmanın Qran-pri mükafatı Kanada təmsilçisi Kler Kulenə verilib. 1-ci yerə Atəş Qarayev (Azərbaycan) və Stepan Volkov (Rusiya) layiq görülüblər. 2-ci yeri Maksad Camalov və Leyla Alamanova (hər ikisi Qazaxıstan) paylaşıblar. Rusiya nümayəndəsi Yuliya Sitnikova 3-cü mükafatı qazanıb. Monqolustan vokalçısı Mongolkhuu Byambajay və Rusiyanı təmsil edən Samira Qalimova 4-cü olublar.
Onu da qeyd edək ki, Atəş Qarayev həm də “Ən yaxşı tenor” hesab edilib. Rusiyadan olan Aleksey Yurkovski Bülbül repertuarından nümunənin ən yaxşı ifaçısı kimi fərqlənib. Daniel Kirillov isə “Ən yaxşı müşayiətçi” kimi seçilib. Azərbaycandan Günel Şirinova müsabiqənin “Ümid” mükafatına layiq görülüb. Digər finalçılar Mahir Tağızadə (Azərbaycan), Otobek Nazirov (Qazaxıstan), Polina Hafizova və Nadejda Meyyer (hər ikisi Qazaxıstan) müsabiqənin diplomuna layiq görülüblər.
Qaliblərin mükafatlandırılması mərasimi Bülbülün doğma yurdu Şuşada qala-konsertlə sonuclanıb. Möhtəşəm konsert hər kəsdə xoş duyğular yaradıb. Bu sətirlərin müəllifi qala-konsertdən sonra yarışmanın Qran-pri mükafatşısı, Kanada təmsilçisi Kler Kulendən müsahibə alıb. Onun dediklərini qısaca təqdim edirik:
– Kanadalı olsam da, hazırda İtaliyada çalışıram. Bu müsabiqəyə gəlməyimin əsas səbəbkarı anam oldu. Anam sizin görkəmli sənətkarınız, dramatik tenor Yusif Eyvazovun pərəştişkarıdır və onunla bağlı sosial şəbəkələrdən vokalçıların Bülbül adına müsabiqəsinin keçiriləcəyi xəbərini öyrənib mənə dedi ki, bəlkə, gedib iştirak edəsən. Mən də müsabiqə barədə ətraflı məlumat toplayıb sənədlərimi göndərdim. Çox şadam ki, burada Qran-priyə sahib oldum, sevincim hədsizdir. Onu da deyim ki, Azəırbaycan paytaxtını çox bəyənmişəm. Dağlar qoynundakı azad Şuşa da heyrətamiz dərəcədə gözəldir. Srağagün axşam Bakıya qayıtdıq. Qərara gəldim ki, burada daha 5 gün qalıb, hər tərəfini doyunca gəzim, zövq alım.
Gülcahan