Sosial xəbərlər

post-img

İsmayıllıda “DOST evi”nə qəbul davam edir

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST evi” filialında (İsmayıllı) əlilliyi olan və digər həssas qruplara aid 30-dək şəxs təlimlər vasitəsilə yaradıcılıq bacarıqlarını inkişaf etdirir.

Müəssisədə bölgədə yaşayan əlillər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək işləri aparılır. Benefisiarlar dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, un məmulatları emalatxanalarında həmin istiqamətlərdə bacarıqlarını, peşə vərdişlərini təkmilləşdirirlər. Filialda 10 təlim istiqaməti üzrə 6 emalatxana fəaliyyət göstərir.
Mərkəzə benefisiarların seçimini qiymətləndirmə komissiyası aparır və hazırda “DOST evi”nə qəbul prosesi davam edir. Təlimçilər və digər işçilər də əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplar arasından seçilir.

Sumqayıtda 350 paralimpiyaçı təlim-məşq keçib

Sosial Xidmətlər Agentliyinin Sumqayırdakı Paralimpiya İdman Kompleksində  bu kateqoriyadan olan şəxslərin idman bacarıqlarının artırılmasına, müxtəlif yarışlara hazırlaşmalarına, uğur qazanmalarına, cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır. 
Kompleksdə bu il 350-dək əlil şəxsə xidmət göstərilib. Burada əlillər üçün paracüdo, parapauerliftinq, paraüzgüçülük, kamandan oxatma, güllə atıcılığı, tennis, boccia və digər paralimpiya idman növləri üzrə təlim-məşqlər keçirilir.
Müəssisədə təlim-məşq toplanışları, yarışlara hazırlıq üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilir. Hazırda burada 200-dən çox əlil xidmətlərdən faydalanır.

Naxçıvanda proaktiv ödəniş

Ötən ildən Naxçıvan Muxtar Respublikasında sosial ödənişlərin proaktiv təyinatı həyata keçirilir. Artıq 11 min 300 pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən ödənilib.
Bölgədə artıq e-sosial.az portalı üzərindən pensiya  barədə məlumat almaq, e-arayışlar əldə etmək və digər e-xidmətlərdən istifadə imkanları yaradılıb. “Ünvanlı yardım” e-sistemi yenidən qurulub və sosial yardım üçün müraciət proseduru təkmilləşdirilib. Artıq ünvanlı yardım üçün “Ərizə-bəyannamə”də bir çox məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə edilir.

Zərifə HÜSEYNOVA 
XQ



Sosial həyat