Dünən Heydər Əliyev Mərkəzində tanınmış çinli rəssam Yüe Mincünün “Təbəssüm bağı” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada sənətkarın “Avtoportret” və “Güllər” silsilələrinə aid əsərləri – rəsm və heykəltaraşlıq nümunələri təqdim olunur.
Müasir Çin incəsənətinin tanınmış nümayəndəsi olan Yüe Mincünün “Avtoportret” silsiləsindən olan əsərləri dünya incəsənətində əks-səda yaradıb. Rəssamın digər məşhur silsiləsi “Güllər”dir. Həmin əsərlərdə COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlərin yaratdığı fəsadlar rəssamın təxəyyülünə uyğun əks olunur..
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov Azərbaycan və Çin münasibətlərinin hər zaman inkişaf etdiyini və indiki zamanda mədəniyyət sahəsində olan əlaqələrin ən səmərəli dövrünü yaşadığını vurğulayıb. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Çin rəssamlarının əsərlərinin son 30 ildə dünya sənətinə təsir etdiyini deyib.
Honkonq şəhərindəki Tanq Müasir İncəsənət Məkanının direktoru xanım Van Yi Yip bildirib ki, fərdi sərgidə yer alan əsərlər Yüe Mincünün bütövlükdə incəsənətə yanaşmasını göstərir.
Rəssam Yüe Mincün öz növbəsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O, sərgi üçün mövzu seçərkən bir neçə variantı nəzərdən keçirdiyini və yekun olaraq “Təbəssüm bağı” adlandırmağa qərar verdiyini söyləyib.
Sərgi oktyabrın 27-dək davam edəcək.
XQ