Nazim Hikmətin mənəvi qızı

post-img

Daşları insanlaşdıran sənətkar

Dəfələrlə şahidi olmuşdum ki, Mikayıl Müşfiqin abidəsi önünə toplaşanlar şairin nakam taleyindən, yaradıcılığından danışıblar. Xəyala dalmış Müşfiqin daş obrazının müəllifini isə xatırlayan olmayıb. Bir gün özüm maraqlanıb öyrəndim ki, müəllif Azərbaycanın ilk monumentalçı qadın heykəltəraşı, Əməkdar rəssam Münəvvər Rzayevadır. 

Bir dəfə də R.Mustafayev adına Azər­baycan Dövlət İncəsənət Muzeyində görkəmli tişə ustasına həsr edilmiş sərgi­də onun əsərləri, həyat və yaradıcılığını əks etdirən fotolar, məktublar, məqalələr­lə tanış oldum. Həmin sərgidə mərhum yazıçı Aqşin Babayevin, heykəltəraş Fəxrəddin Əliyevin xatirələrini dinlədim... 

Münəvvər Rzayeva 1929-cu il iyunun 6-da Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində doğulub. Abidələrlə zən­gin şəhərdə böyüyə-böyüyə sənətə könül verib. Bu sevgi onu Əzim Əzimzadə adı­na Rəssamlıq Məktəbinə gətirib. Ardınca Moskvada V.Surikov adına Dövlət Rəs­samlıq Akademiyasının heykəltəraşlıq fakültəsində oxuyub.

Özünəməxsus dəst-xəttə malik hey­kəltəraş olan Münəvvər Rzayeva əsasən psixoloji portret ustası idi. Yaratdığı ob­razların daxili aləmini, psixoloji durumu­nu, dünyaduyumunu əks etdirmək üçün heykəlin gözlərini xüsusi incəlik və dol­ğunluqla işləyirdi. Bu, onun yaradıcılıq üslubunun əsas cəhəti idi. İstedadı, zən­gin təxəyyülü, yüksək professionallığı və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideya­nın orijinallığı diqqəti cəlb edir. Əsasən, dövlət xadimlərinin və əmək qəhrəman­larının heykəlləri, büstləri, barelyef və başqa bu kimi əsərlərinin hər biri nadir sənət nümunələri kimi qiymətləndirilib. Yaradıcılığında ədiblərə xüsusi məhəb­bətlə yanaşıb və Məhsəti Gəncəvinin, Şah İsmayıl Xətainin, Hüseyn Cavid, Sergey Yesenin, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Nazim Hikmətin heykəl və büstlərini ərsəyə gətirib.

Onun yaradıcılıq nümunələrinin hər birinin öz maraqlı tarixçəsi var. Məsələn, Münəvvər xanım düz 70 il əvvəl, 25 ya­şında ikən Moskvada dünya şöhrətli şair Nazim Hikmətlə tanış olub. Qürbət mühi­tində yurd həsrəti çəkən, ömür-gün dostu Münəvvər üçün darıxan şair azərbaycan­lı tələbə qıza doğma balası kimi yanaşır. Ata-övlad münasibətləri o həddə olur ki, Nazim Hikmət bir neçə il sonra ağır sətəl­cəm keçirən qızın müalicəsi üçün ən bacarıqlı həkimləri gətirir və Münəvvər sağalandan sonra ona “Mənim bir oğlum var, sən də qızım ol”, – deyir. Münəvvər təklifi qəbul edir və böyük şairin yanına köçür. Nazim Hikmət mənəvi övladına xatirə olaraq verdiyi portretin arxasına bu sözləri yazır: “Adaşın mənə görə bəxtiqa­ra oldu, sənə faydam toxunar inşallah, qızım”. 

Münəvvər xanım institutu bitirəndə şair ondan ayrılmaq istəməsə də, gənc məzun razılaşmır. Çünki Bakıda onu ana­sı gözləyirdi. Bir də ki, dünyada tanınmış şəxsiyyətin sayəsində deyil, öz zəhməti ilə irəliləmək istəyir. Eyni zamanda, Na­zim Hikmətin bu vəsiyyətini də unutmur: “Bilirəm, mən öldükdən sonra abidəmi hazırlayacaqsan. Onun üstündə uzaq­da qalmış bir qadın surəti, bir də mənim gözlərimi həkk elə...” Təbii ki, Münəvvər mənəvi atasının sözünə əməl edir. Hə­min büst hazırda Zaqatala muzeyindədir. 

Münəvvər Rzayeva 100-dək müxtə­lif səpkili sənət əsəri yaradıb, mötəbər sərgilərdə iştirak edib. Mədəniyyət Na­zirliyinin Dövlət Komissiyasının üzvü, AMEA Nizami adına Ədəbiyyat Muzeyin­də bərpaçı rəssam kimi çalışıb. Əsərləri küçə və meydanları bəzəməklə bərabər, Azərbaycan Dövlət İncəsənət Muzeyin­də, AMEA Nizami adına Ədəbiyyat Mu­zeyində, Bədii Fondda və bölgələrimizin mədəniyyət ocaqlarında saxlanılır. Onun sonuncu işlərindən biri Şahdağ silsilə­sində 3 min 763 metr hündürlükdə olan “Heydər zirvəsi”nə bərkidilən Heydər Əli­yevin tunc barelyefidir. Barelyefi 1998-ci ildə mayın 10-da Ulu öndərin 75 illik yu­bileyi münasibətilə alpinistlər dəstəsi fəth etdiyi dağ zirvəsinə bərkidib. 

Münəvvər Rzayeva ilə bağlı bir fakt da budur ki, 2004-cü il iyunun 6-da – məhz doğum günündə dünyasını dəyi­şib. Amma onun həyatı yaradıcı əllərin­dən yoğrulmuş, ədəbiləşmiş heykəllərlə, büstlərlə bərabər davam edir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət