Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

post-img

İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milanda “Aida” və “Orizon” Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. “Cinema Teatro Manzoni”də keçirilən gecədə Busto-Qarolfonun meri Sindako Suzanna Biondi, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri, tanınmış teatr xadimləri iştirak ediblər.

Dövlət Komitəsindən bildirilib ki, tədbir çərçivəsində Mais Nuriyevin italyan tələbələrindən ibarət rəqs qrupunun Azərbaycan musiqisini ifa etmələri böyük maraq və sevinc hissi ilə qarşılanıb. Xoreoqrafın müxtəlif xarici ölkələrdə yaşayan tələbələri noyabr ayından etibarən ustadlarının yaradıcılıq gecəsinə hazırlaşıblar.

Busto-Qarolfonun meri Sindako Suzanna Biondi çıxış edərək tədbir iştirakçılarını salamlayıb və məşhur xoreoqraf Mais Nuriyevə öz ürək sözlərini çatdırıb.

Milanın məşhur opera teatrının keçmiş bədii rəhbəri Cüzeppe Karboni də diaspor fəalımız Mais Nuriyevi təbrik edərək, öz xoş arzularını bildirib.

Mais Nuriyevə həsr olunmuş “Azərbaycan! Qardaşım, Sağ ol!” əsərini müəllifin özü - Milan konservatoriyasının keçmiş professoru, tanınmış musiqiçi David Qualtierinin ifa etməsi böyük maraq və alqışlarla qarşılayıb.

Çıxışlarda dəfələrlə beynəlxalq müsabiqələrin münsiflər heyətinə iştirak edən Mais Nuriyevin Avropada Azərbaycan mədəniyyətini uğurla təmsil etməsi, müxtəlif xalqların rəqslərini səhnələşdirməsi barədə danışılıb, onun zəngin yaradıcılıq nümunələri nümayiş olunub. Rəqsin dili ilə danışan xoreoqrafın geniş yaradıcılığı vərəqlənib, beynəlxalq festivallarda İtaliya və Azərbaycanı uğurla təmsil etməsi təqdir olunub.

Daha sonra Mais Nuriyevin yaradıcılığına həsr olunmuş film göstərilib.

Tələbələri sonda Mais Nuriyevi səhnəyə dəvət edib, sürəkli alqışlarla ona öz təbriklərini çatdırıblar.

Qeyd edək ki, Azərbaycanın mədəni sərvəti olan xalq rəqsləri sənətinin beynəlxalq aləmdə təbliği, İtaliyada diaspor fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində çox əhəmiyyətli işlər görmüş Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülüb, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. İstedadlı xoreoqraf bu il San-Remo Beynəlxalq Rəqs Müsabiqəsinin münsiflər heyətində də yer alıb.

Mədəniyyət