Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb

post-img

Artıq bir neçə gündür hidrometeoroloqlar tərəfindən Türkiyə ərazisində proqnozlaşdırılan anomal isti hava şəraiti bu gündən etibarən özünü kəskin şəkildə göstərməyə başlayıb. Bəzi bölgələrdə havanın temperaturu 41 dərəcəyədək yüksəlib.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki ölkə daxilində bu gündən etibarən artan temperaturun mövsüm normalarından 6-10 dərəcə yüksək olacağını, bəzi bölgələrdə 40 dərəcəni keçəcəyini bildirib. Nazir havanın temperaturunun kəskin yüksəlməsi səbəbindən baş verə biləcək meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Mütəxəssislər İstanbul, Ankara, İzmir və Antalya da daxil olmaqla xüsusilə bəzi bölgələrdə isti hava şəraitinin daha təsirli olacağını, ölkə ərazisində yağışların əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırırlar.

Məlumatlarda anomal istilərin bu həftənin sonunadək davam edəcəyi bildirilir.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan isti hava dalğası Avropa Hava Proqnozları Mərkəzinin proqnozlarında da öz əksini tapıb.

Dünya