Kitabların qovuşdurduğu Turan dünyası

post-img

Paytaxtın Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) uğurla yekunlaşıb. Hər günü bir Turan ölkəsinə həsr olunan, proqramı konfranslar, kitab təqdimatları, şeir saatları, imza günləri ilə əlamətdar olan festival artıq bir çox yazar və oxucular üçün unudulmaz xatirəyə çevrilib. 

Səkkiz günlük ecazkar kitab bayra­mının əsas təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyi idi. Dəstəkçilər – Mə­dəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Bey­nəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRK­SOY, TİKA, ASAN Könüllülər Təşkilatı və daha bir neçə qurum festivalın yüksək səviyyədə keçməsi üçün nə lazımdırsa, etdilər. 

Layihənin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, şair Xəyal Rza­nın bildirdiyinə görə, bu dəfə türk tarixi və ədəbiyyatı ilə bağlı yeni nəşrlərə daha çox üstünlük verilmişdi. Azərbaycanla bə­rabər, Qırğızıstan, Özbəkistan, Macarıs­tan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kiprə həsr edilən günlər festiva­la xüsusi rəng qatdı. Qardaş ölkələrdən türkoloq alim, yazıçı və şairlər Bakı oxu­cuları ilə birbaşa təmaslarda olub, kitab­larını təqdim etdilər. 

Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyaz Məmmədovanın vətənpər­vərlik ruhunda mahnıları dalğa-dalğa ət­rafa yayıldı. Türkiyədən gələn nəğməli qonaqlar da konsert proqramı ilə çıxış etdilər. Anadolunun çox gözəl mahnıla­rı ifa olundu. Qardaş ölkədə də məşhur olan “Nazəndə sevgilim”, “Bu qala – daşlı qala” adlı Azərbaycan mahnıları böyük coşquyla qarşılandı. Ardınca səhnədə türk ədəbiyyatından seçmə şeirlər səs­ləndirildi. Türkiyəli yazarlar Əminə Uy­sal, Hatice və Hakan Değirmençi, Zehra Öztürk, Günay Yalvaçı məxsusi stenddə kitablarını təqdim etdilər.

Festivalın 7-ci günü Türkmənistana həsr olunmuşdu. Gün ərzində festival iştirakçıları və qonaqlar üçün türkmən ədəbiyyatından nümunələr və musiqilər səsləndi. Tədbirin davamında filologi­ya elmləri doktoru Esmira Fuad “Güney Azərbaycan ədəbiyyatı – dünəni, bu günü və sabahı” mövzusunda çıxış etdi. Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan konqresi səd­ri, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Cəmiyyətinin təsisçisi Abdulla Əmir Haşiminin də eyni mövzuda çıxışı təsirli alındı. Oradakı yazarlarımızın ana dilini qorumaq səylərindən konkret fakt­larla söz açıldı.

Panellərdə AYB-nin, böyük ədib Salman Mümtazın, azadlıq mücahidi Məhəmməd Əmin Rəsulzadənin 140 və qırğız şair-ozanı Toktoqul Satılqanovun 160, eləcə də 20 yanvar şəhidi olan şair Ülvi Bünyadzadənin 55 illiyi, Milli Məcli­sin deputatı Cavanşir Feyziyevin 8 dildə nəşr edilmiş “Türk dünyası” beşcildliyinin təqdimatı, “Türkiyədə kitabçılıq”, “Hekayə necə yazılmalıdır?” və s. panelləri hər kəsə xoş təsir bağışladı. 

Festivalın sonuncu günündə keçirilən “Həmid Araslı – 115” adlı tədbirdə Nobel mükafatçısı, alim Əziz Sancar da iştirak edirdi və o, kitab bayramını Azərbaycan ədəbiyyatşünaslığının inkişafına töhfə kimi dəyərləndirdi. “Şeir adam” məclisinin qonağı AYB-nin katibi İlqar Fəhmi öz şeir­ləri ilə dinləyicilərə gözəl anlar bəxş elədi. 

Şair Xatirə Fərəclinin moderatorlu­ğu ilə keçən “Duyğuların vəhdəti” pa­neli də yaddaqalan oldu. Paneldə Giya Paçxataşvili, Xəqani Abbasəli, Qədiməli Əhməd, Balaşirin Nəsirov, Lalə Həsəno­va, Aygün Hacıyeva, Rəna Təbəssüm və başqaları Turan dünyasını vəsf edən şeirlər oxudular, duyğu və düşüncələrini bölüşdülər.

Festivalda Parisdə yaşayan azərbay­canlı şair Lamiyə Şirvanzadənin “Get-gəl­lər” toplusu da diqqət çəkdi. İstedadlı yazarın kitabını bacısı Nərmin Nəbiyeva təqdim edirdi. O dedi:

– Bacım özü bura gələ bilməsə də, ürəyi bizimlədir. Lamiyə ədəbiyyata uşaq yaşlarından maraq göstərib, 2016-cı il­dən isə Türkiyənin ədəbi nəşrləri ilə sıx əlaqəyə başlayıb. Elə həmin ildə fransız ədəbiyyatından tərcümələri və müəllifi olduğu şeirləri ilə “Kurgan” Kültür və ədə­biyyat jurnalında çıxış edib. 2021-ci ildə şeirləri Parisin “Pave d'Orsay” Qalereya­sında rəsm əsərləri ilə yanaşı sərgilənib. Ötən il Ankarada, bax, bu ilk şeir toplu­su çap olunub. Kitabda 46 şeir yer alıb, illüstrasiyaların müəllifi fransız rəssam Frederic Chaumedir.

Sonra Nərmin xanım bizim xahişimiz­lə kitabdan bir şeir oxudu. “Həkəri” adla­nan həmin şeirdə müharibədə uşaqlığını itirmiş birinin kövrək hissləri ifadə olunur­du. Təsirli qiraətdən sonra festival iştirak­çıları kitabın neçə-neçə nüsxəsini aldılar. 

Psixoloji əsərləri ilə tanınan, şüuraltı simvol dili üzrə təlimçi olan Rübabə Əs­gərovanın bu səpkili kitabı maraqla qar­şılandı. Ruhun enerjisindən bəhs edən müəllif kitabın xoşa gələcəyinə ümidvar olduğunu söylədi. Əslən Laçın rayonun­dan olan xanım şair Bənövşə Daşdılının, Güldanə Zərifin vətənpərvərlik və məhəb­bət ruhlu şeir toplularını, söz sənətinə könül verən həkim, Azərbaycan və Qa­zaxıstan Yazıçılar birliklərinin üzvü Rəfiqə Qasımqızının uşaq kitablarını alanlar da az olmadı. 

Oxucuların Azərbaycan poeziyasının canlı korifeyi, Xalq şairi Ramiz Rövşən­lə unudulmaz görüşü oldu. Təmaslar “TEAS Press” stendində keçirilən “İmza saatı”nda baş tutdu və şairin səsləndirdiyi şeirlər oxucuların izdiham halında onun ətrafında toplaşmasına səbəb oldu. Onlar sevimli şairlə xatirə fotoları da çəkdirdilər. Ramiz Rövşən bildirdi ki, oxucularının daha çox gənclərdən ibarət olması onu hədsiz sevindirir.

– Çoxu deyir ki, artıq ədəbiyyatı oxu­yan yoxdur. Mən bu fikirlə razı deyiləm. Bizim ədəbiyyatımız, dilimiz yaşayır. Düz­dür, dil və təhsil sahəsində problemlə­rimiz var, amma bunları həll etmək olar. Bizim düşmən üzərindəki qələbəmizdən sonra, daha torpaq dərdimiz yoxdur. Deməli, coğrafi ərazimiz barədə proble­mimiz yoxdursa, mənəvi ərazimizlə bağlı problemləri həll etmək lazımdır. Mənəvi ərazi deyəndə təhsilimizi, dilimizi nəzərdə tuturam. Bu gün gənclər məni inandırdı ki, hər şey yaxşıdır.

Şair şeirə öz bioqrafiyası ilə gəlir, oxu­cu da öz həyat hekayəsi ilə. Mənim hey­ran olduğum insanlar var ki, onları özümə müəllim sayıram. O, insanlarla söhbət edəndə xeyli zənginləşirəm, lakin həmin adamlar da mənə pərəstiş edirlər... Mən xoşbəxt sonluqlu sevgi hekayəsinin oldu­ğunu düşünmürəm. Buna görə də sevgi şeirlərimin hamısı kədərlidir.

Sona yetən festivalın bir üstün cəhəti də bu oldu ki, orada endirilmiş qiymətlər­lə minlərlə kitab alındı və oxucuların bilik saxlancları daha da zənginləşdi. Axırda layihə rəhbəri Xəyal Rza möhtəşəm kitab bayramının mükafatlandırma mərasimi ilə başa çatacağını söylədi. 

Yekun mərasimində TÜRKSOY Bey­nəlxalq Türk Mədəniyyəti Təşkilatı tərə­findən Çağın Zort, Abdulla Əmir Haşi­mi, Lütviyyə Əsgərzadə, Nadir Yalçın, Qəşəm Nəcəfzadə “Molla Pənah Vaqif”, Almaz Ülvi “Mahtumkulu Firaki” medalı ilə təltif olundular. Sultan Raev “Led Mas­ter” medalına, Cavanşir Feyziyev isə Milli Birlik və Bərabərlik medalına layiq görül­dülər.

Beləcə, kitab bumu ilə yadda qalan daha bir festival mədəniyyət tariximizə yazıldı. 

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət