Qloballaşma bəşəri dəyərləri niyə inkar edir?

post-img

Planetimiz siyasi və hərbi cəhətdən olduq­ca təlatümlü bir dönəm yaşayır. Bu gün Yer kürəsində silahlar, raketlər, dronlar “danışır”. Üstəlik, terror və zorakılıqlar bitib-tükənmək bilmir. Bir çox regionlarda yeni münaqişə ocaqları körüklənir. Sülhdən isə söz açan yox­dur, danışanlar da bunu imitasiya xətrinə edir­lər.

Qlobal mediada ara-sıra husilərin Qırmızı dənizdə “şıltaqlığı” diqqəti cəlb edir. Qəzza və Ukrayna isə od-alov içində yanaraq kül olur. Hər gün yeni dağıntılar və itkilər baş verir. Hər iki bölgədə bu gün təkcə hərbçilər deyil, uşaq, qadın və qocalar da həlak olurlar. Bu günahlar, təbii ki, böyük güclərin ayağına yazılır. Amma onlardan hesab soran olacaqmı?! 

Ən ağrılı cəhət isə budur ki, bəşər övladı bütün bunlara ciddi reaksiya vermir. Bir vaxt­lar planetin bir çox böyük şəhərlərində insanlar sülh tələb edərək müharibə əleyhinə nümayiş­lərə çıxardılar. Bu gün, demək olar ki, mühari­bə əleyhinə kütləvi etirazlar baş vermir. Bəşə­riyyət sanki öz ağır taleyi ilə barışıb. 

Bu biganəlik nədən qaynaqlanır? Əlacsız­lıqdan, yoxsa laqeydlikdən, bunu birmənalı şə­kildə demək çətindir. Böyük ehtimalla insanlar dünyanın gərdişini dəyişməkdə aciz və gücsüz olduqlarını dərk ediblər. Yırtıcı, imperialist maraqlara xidmət edən ideologiyaların fonun­da bəşəri, humanist ideallar biçarə vəziyyətə düşüb. 

Dünya elə bil qana susayıb. Görünən budur ki, super güclər dünya ağalığı iddialarından əl çəkmək istəmirlər. Rusiya-Ukrayna müharibə­si II cahan savaşından sonrakı dövrdə ən böyük silahlı qarşıdurmadır. Qərbdə bu münaqişəni qızışdıranlar hər birimizə yaxşı bəllidir. Amma onlar baş verən müsibətlərə görə niyə qınaq obyektinə çevrilmirlər? 

Bu gün müharibə “qırğı”larının saxta sülh ritorikası acı istehza doğurur. Beynəlxalq kon­franslar sülhün vacibliyindən söz açılır, amma bu istiqamətdə real işlər görülmür. Çünki dava “yorğan davası”dır. Dünyanı cənginə bürüyən vəkalət müharibələri yalnız və yalnız iqtisadi maraqlara xidmət göstərir. 

Bəli, hər bir müharibə, ilk növbədə biz­nesdir. Bütün savaşlar pul qazanmaq üçün­dür. Adi, sadə insanların taleyi siyasətçiləri az maraqlandırır, bəlkə də zərrə qədər də narahat etmir. Dərin dövlətlərin isə öz hesabları var. Onlar üçün insan itkiləri faciə yox, adi statis­tikadır. Həyatın acı reallığı budur! 

Rusiya ilə Ukrayna iki qonşu slavyan ölkə­sidir. Artıq 26 aydır ki, aralarında qanlı döyüş­lər gedir. Bu, hər iki tərəfin ancaq ziyanına­dır. Bu, üzücü və tükətdirici bir müharibədir. Rəqiblər qarşı tərəfin davamlı itkilər hesabına gücdən və heydən düşəcəyinə ümid edirlər. Qədim Romada, Kolizeydə iki qulun ölümcül döyüşünə bənzəyir bu qarşıdurma! 

Rusiya-Ukrayna müharibəsində qüvvələr nisbəti bərabər deyil. Rusiya insan, iqtisadi, hərbi və təbii ehtiyatlarına görə “kiçik qar­daş”ından bir neçə dəfə böyükdür. Bu amilləri Kiyevdə nəzərə almayıblar. Siyasi ambisiyalar kobud səhvlərə səbəb olur. Bunun bədəlini isə sadə vətəndaşları ödəyir. Təkcə belə bir faktı qeyd edək ki, Ukrayna əhalisinin azı dörddə biri hazırda qaçqın və köçkünə çevrilib. 

Qərb Ukraynanı aldadaraq tələyə salıb və indi arxasında durmaq istəmir. Vaşinqton ya Rusiyanın lokal nüvə hücumu ilə bağlı təhdid­lərindən ehtiyat edir, ya da müharibəni gələcək münaqişələr naminə hələlik dondurmaq barədə düşünür. Gürcüstanda da 2008-ci ilin avqus­tunda buna bənzər vəziyyət yaranmışdı. O zaman qonşu ölkənin iki vilayəti əlindən çıx­dı. İndi Tbilisi öz işini ehtiyatla görür və heç kimin vədlərinə inanmır.. 

Son günlərə qədər bir çox siyasi təhlilçilər qeyd edirdilər ki, Rusiya-Ukrayna müharibə­sinin nəticələri yeni dünya düzəninə birbaşa təsir göstərəcək. Amma indi məlum olur ki, bu, heç də belə deyil. Ukrayna böhranı yeni dün­ya düzəninə aparan yolda bir vasilədir, yəni pilləkənin bir pilləsidir. Bu isə o deməkdir ki, dünya sülhün limanına çatana qədər yeni silah­lı güc sınaqlarından keçməli olacaq. 

Hesab olunur ki, qlobal nizamı ABŞ-Çin arasında sərt rəqabətin nəticələri müəyyən edəcək. Bu münaqişədən ən çox qazanan tərəf Çindir. Moskva Pekinin hərtərəfli dəstəyini əldə etmək üçün ona “su qiyməti”nə neft və təbii qaz satır. Bu, “səmavi dövlət” üçün göy­dəndüşmə bir fürsətdir. Pekin, təbii ki, belə şə­raitdə müharibənin dayandırılmasında maraqlı deyil. Çin Rusiyanın məğlubiyyətini də arzu­lamır. O zaman artıq Qərbin zərbə qüvvəsini özü dəf etməli olacaq. Dəf edə biləcəkmi, bunu zaman göstərəcək. 

ABŞ hökuməti də Rusiya-Ukrayna müha­ribəsindən sui-istifadə edərək Avropada siyasi, hərbi, iqtisadi mövqelərini gücləndirir. Vaşinq­ton hazırda müharibənin “yükü”nün çox hissə­sini “Köhnə qitə”nin üzərinə atmağa cəhd edir. Avropanın ən güclü dövləti olan Almaniyanı müharibəyə cəlb etmək variantı da gündəm­dədir. Məsələn, Fransa çoxdan arzulayır ki, Almaniyanı zəiflədib qitədə təkbaşına ağalıq etsin. Makron xəyallarında özünü Napoleona bənzətmək istərdi. Reallıq budur ki, onun iqti­darı dövründə dövlət siyasi nüfuzunu itirə-itirə gedir. 

Okeanın o tayından Avropaya son bir əsrdə qalib ədası ilə baxan “Sem dayı”, eyni zaman­da, NATO-nu rəqiblərindən daha çox “dost”­larına qarşı təsir və təzyiq vasitəsi kimi əlin­də saxlayır. Bu missiyada ona ən çox Böyük Britaniya, eləcə də Skandinaviya və Baltik­yanı dövlətlər yardımçı olurlar. Arada Fransa Ukraynaya “hərbi kontingent göndərəcəyəm” deyərək xoruzlanmaq niyyətinə düşür, lakin, bunun blef olduğu heç kimdə zərrə qədər şü­bhə doğurmur. 

ABŞ Prezidenti Co Bayden bu ilin 4 no­yabrında yenidən seçilmək üçün Rusiya-Uk­rayna müharibəsini dayandırıb seçicilərdən əlavə dəstək alacağının düşünür. Ağ evin indiki sahibinin tapşırığı ilə bunun üçün gizli danışıq­lar aparılır. Sülh müqaviləsi adətən zəif tərəfin hesabına imzalanır. Bu dəfə zəif bənd Ukray­nadır. Kiyev isə bu barədə hələlik eşitmək belə istəmir. 

Respublikaçıların namizədi, sabiq dövlət başçısı Donald Tramp dəfələrlə bəyan edib ki, seçkiləri udarsa, Ukrayna böhranı bir sut­kaya həll edəcək. Lakin seçkiqabağı vədlər bir başqadır, real siyasət bir başqa. Super güclərə hər zaman “idarəolunan münaqişələr” lazım olur. Yeri gəlmişkən, Trampın başı hələ də məhkəmə çəkişmələrində ayılmır. Görək, bu işlərin axırı nə olur.

Şahbaz ŞAMIOĞLU,
Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru: 

–Dünya heç vaxt ədalətli olmayıb. Bu gün də belədir. Planetimizdə baş verən “hibrid müharibələr”in arxasın­da böyük güclər dayanır. Onlar kiçik ölkələri və xalqları istismar etmək üçün min bir oyundan çıxırlar. Bu, reallıqdır. 

Bir vaxtlar böyük güclər enerji ehtiyatlarını ələ keçirmək uğrunda mücadilə edirdilər. Hazırda planeti­mizdə iri kommunikasiya dəhlizlərinə nəzarət üstündə açıq və gizli yarış gedir. Bunun üçün hər cür vasitəyə əl atırlar. Humanist, bəşəri dəyərlər hər addımda gözardı edilir. İmperializmin mahiyyət budur. 

Bu gün planetimizə yeni, daha ədalətli sivilizasiya lazımdır. Xoşbəxt­likdən, belə bir şans yaranıb. Belə ki, Türkiyə dövləti və xalqı çağdaş dünyada çox az dövlətlərdən biridir ki, təmsil olunduğu regiona və bütün dünyaya sülh, barış və rifah gətir­məyə cəhd edir. 

Ankaranın bu sahədəki gərgin səyləri beynəlxalq ictimaiyyət tərə­findən dərin rəğbətlə qarşılanır. Pre­zident Rəcəb Tayyib Ərdoğan israrla həm Qəzzada, həm də Ukraynada sülh danışıqlarına başlamağı təklif edir. Qərbdən fərqli olaraq Ankara öz təşəbbüslərində səmimi və qərəzsiz­dir. 

Çox inanmaq istərdik ki, dünya Ankaranın təşəbbüslərinə qoşulub əmin-amanlıq dövrünə qayıtsın. Niyə də yox! Böyük Cavid deyirdi ki, hər bir savaşın, qan tökülməsinin qarşı­sını alan şəxs dahidir, xilaskardır. Bu missiyanı cənab Rəcəb Tayyib Ərdo­ğan yerinə yetirməyə tam qadirdir! 

Türk dövlətləri və xalqları dünya nizamındakı ədalətsizlikdən uzun onilliklər boyu çox əziyyətlər çəkib­lər. Xoşbəxtlikdən, böyük siyasətin üfüqlərində Türk Dövlətləri Birliyi boy göstərir. Böyük Turan hazırkı super güclərdən fərqli olaraq heç bir ölkə­nin haqqını pozmayacaq, əksinə, hər yerdə sülh və ədalətin bərqərar olun­masına çalışacaq.

Məsaim ABDULLAYEV
XQ



Siyasət