Əməkdaşımızın fikirləri Malayziyanın dövlət mətbuatında

post-img

Mayın 30-da Malayziyanın BERNAMA dövlət informasiya agentliyində Bakının qədim yerlərindən bəhs edən "Faciəli Rapunzel üçün gəlin, tarix, pişiklər və xalçalar üçün qalın" sərlövhəli reportaj dərc olunub. Mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün paytaxtımıza gəlmiş BERNAMA-nın əməkdaşı Nina Müslüm qədim Qız qalası, Şirvanşahlar sarayı və İçərişəhəri gəzərək gördüklərini qələmə alıb.

Reportajda “Qız qalası” əfsanəsini Rapunzel nağılı ilə müqayisə edən jurnalist  İçərişəhərin və Şirvanşahlar sarayının tarixi, Bakıda ev heyvanlarına xoş münasibətdən heyrətə gəldiyini vurğulayıb. Bakının qədim yerlərini qarış-qarış gəzən müxbir keçdiyi dolanbac küçələrdən, karvansaraydan, qədimliyi ilə seçilən dükanlardan, binalardan, milli xalçalarımızdan, digər maraqlı mənzərələrdən söhbət açıb. 

Reportajda tədqiqatçı-jurnalist Milli Fikir və İnkişaf İctimai Birliyinin sədri, qəzetimizin əməkdaşı Anar Turanın fikirlərinə geniş yer ayrılıb. Malayziyalı jurnalistə müsahibə verən əməkdaşımız YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhər, Qız Qalası və Şirvanşahlar aarayı, onların tarixi barədə ətraflı məlumat verib, xalqımızın humanizm, tolerantlıq ənənələrinə sadiqliyindən söhbət açıb. Müsahibədə qədim Bakının simvolları olan bu tarixi məkanların Azərbaycan xalqının milli-mənəvi dünyagörüşünü əks etdirdiyi, milli mədəniyyət tariximizin görkəmli nümunələrindən olduğu diqqətə çatdırılıb.

Bakıda gördüyü ev heyvanlarına qarşı xüsusi münasibəti bu humanizm dəyərlərinə görə Yaponiya və Türkiyə ilə müqayisə edən əcnəbi jurnalist Azərbaycana gəlməkdən və burada gördüyü mənzərədən məmnunluğunu ifadə edib. 

https://www.bernama.com/en/bfokus/news.php?/storage/photos/0e7641b0eb10214302c4d2fa68cc188f6657da187bef6&id=2302773

Rizvan FİKRƏTOĞLU,

XQ

 

Mədəniyyət