Ozan sənətinin “bülbülü”

post-img

Ustad aşıqlar saz sənətimizin döyünən ürəkləridir. Məşhur aşıq Bəylər Qədirov da belə aşıqlarımızdandır. O, öz sənəti ilə saz-söz aləmində silinməz izlər buraxıb. Sənətdə özünün dəst-xətti olub. 

Bəylər şikəstə, ustadnamə, peşro (məclisin girişi) və digər məqamlara yara­dıcı yanaşıb, sənətə yeniliklər gətirib. Bu mənada Şirvan aşıq məktəbinin inkişa­fında onun xidmətləri danılmazdır. Aşıq Bəylərin oxuduğu “Şirvan şikəstəsi”ni yalniz yaniqli səs xirdalıqlarına malik olan aşıq və xanəndələr ifa edə bilər. 

Aşıq Bəylərin “Peyvənd şikəstə”si, “Kərəmi”si, “Peşro”su əvəzolunmaz ifalar kimi tanınıb. Onun müəllifi və mahir ifaçı­sı olduğu şux, oynaq “Kəndimiz” mahnısı bu gün də müxtəlif tədbirlərdə, el şənlik­lərində sevilə-sevilə ifa olunur.

Mən özüm də Aşıq Bəylərin ifala­rını təkrar-təkrar dinləyib xüsusi zövq alıram. Onun səsi insanı sirli-sehrli bir aləmə aparır. Bəylər Qədirovun sinəsi aşıq sənətimizlə bağlı yazılmış kitab kimi məclislərdə vərəq-vərəq açılırdı. Danış­dığı “Abbas və Gülgəz”, “Koroğlu”, “Əsli və Kərəm” dastanları çoxlarının yadda­şındadır. O dastanları obraza girərək, şirin bir avazla tamaşaçılara çatdırıb. Bu dastanlar indi də Azərbaycan Radiosu­nun “Qızıl Fond”unda saxlanılır.

…Bəylər hələ kiçik yaşlarından sa­za-sözə könül verib və sənətin sirlərinə inadla yiyələnib. Atasının yaxın dos­tu, Şamaxının Cəyirli kəndindən olan Aşıq Abbasdan dərs alıb. Şifahi xalq ədəbiyyatına erkən yaşlarından maraq göstərib. El şairlərinin şeirlərini, dastan­larımızı həvəslə oxuyub öyrənib. Özü də bədahətən sözü-sözə qoşub şeirlər deməyə başlayıb. Klassik aşıq ədəbiy­yatının ənənələrinə söykənən şeirləri mətbuatda işıq üzünə çıxıb, yayılıb. Indi bir çox qoşma və gəraylılarını onun yetir­mələri olan Şirvan aşıqları el şənliklərin­də, məclislərdə oxuyurlar. Yeri gəlmişkən, Aşıq Bəylər Rza Qobustanlının, Mirzəli­nin, Ağababa Bədəlovun, Aslan İsmayı­lovun, oglu İxtiyar Qədirovun və onlarca başqa aşıqların ustadı və müəllimi olub. O, təkcə Şirvan–Muğan məktəbi yox, eyni zamanda Gəncə–Tovuz və Göy­cə–Borcalı məktəblərinə məxsus olan klassik aşıq havalarını da özünəməxsus ustalıqla ifa edib.

Aşıq Bəylər yüksək ifaçılıq qabiliyyə­ti və istedadı sayəsində qısa zamanda Azərbaycanın hər yerində tanınıb. Onun səsi-sorağı Azərbaycanın hüdudlarından kənarda da geniş yayılıb. Daha geniş üfüqləri fəth edərək İranda və Türkiyə­də də sevilib. Beləcə, ömrünün sonu­nadək sənəti ilə baş-başa qalıb. Bülbül kimi cəh-cəh vuran şirin zəngulələrinə görə aşıq sənətinin “bülbülü” adlandırı­lıb. Onun zənguləsində çeşmələrin həzin zümzüməsi, çayların məcrasına sığma­yan, coşub daşan səsi var idi. 

Aşığın repertuarında əsas yer tu­tan “İbrahim peşrosu”, “Misri Koroğ­lu”,“Şəşəngi” , “Döymə Kərəmi”, “Ordu­badi”, “Şakir gözəlləməsi”, “Qara qafiyə”, “Göyçə gülü”, “Aran gözəlləməsi”, “Kərə­mi,” “Peyvəndi”, “Şirvan şikəstəsi” və başqa ifaları bu gün də yaddaşlarda muncuq kimi sıralanır, sapa düzülür. 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhər­rəm Qasımlı söhbət zamanı ustad Aşıq Bəylərin yüksək ifaçılıq bacarığından və istedadından söz açdı. Onun 20-ci əsr aşıq sənətinin inkişafında oynadığı rolun əhəmiyyətini xüsusi qeyd etdi. Bildirdi ki, aşıq Bəylər mükəmməl aşıq olub və Şirvan aşıq mühitinin bütün göstəricilərini özündə ehtiva edib. Aşığın pərəstişkarla­rı respublikamızın nüfuzlu konsert salon­larında onun ifalarını dəfələrlə dinləyib. “Ustad sənətkar şikəstə havalarının ma­hir ifaçısı idi, bənzərsiz səsi, avazı vardı,” – deyə Məhərrəm Qasımlı əlavə etdi.

Professor, eyni zamanda onun yara­dıcılığında maraqlı məqamlara toxundu. Dedi ki, Bəylər Qədirov həm də ustad­namə, müxəmməs, gözəlləmə kimi aşıq şeir şəkillərində onlarca sanballı əsəri var. Onun yaradıcılığı aşıq şeirimizdə özünə yer alan dolğun nümunələrdir. “Azərbaycan-ana yurdum” şeirində oldu­ğu kimi:

Tamaşa istəsən, tamaşa burda,

Bürünüb pərilər qumaşa burda,

Çox ömür istəsən, gəl yaşa burda,

Aşıq Bəylər mahnı qoşar bu yerdə

Azərbaycan – ana yurdum!..

Aşıq Bəylər Qədirov respublika və beynəlxalq səviyyəli tədbirlərdə Azər­baycan aşıqlarını uğurla təmsil edib. O, aşıqların II və III qurultaylarının, Mosk­vada keçirilmiş Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olub.

Aşıq Bəylər Qədirovun əslən Şa­maxının Çuxanlı kəndindən olan nəsli 1902-ci ildə Şamaxıda baş verən zəl­zələdən sonra Salyan rayonuna köçərək orada yeni bir Çuxanlının təməlini qoyub.

O özü 20 yaşlarından sənətə gəlişi ilə məclislərdə başa çəkilib. Xalq yaradıcılı­ğı və aşıq sənəti sahəsində xidmətlərinə görə, müxtəlif medal, fəxri fərman, digər mükafat və təltiflərə layiq görülüb. Öm­rünün sonuna kimi sazı sinəsindən yerə qoymayıb.

Ustad aşıq 3 iyun 1997-ci ildə do­ğulduğu Çuxanlı kəndində vəfat edib. Dövrünün ustad aşığı, şairi, dastançısı kimi sevilən Bəylər Qədirovun adı onu tanıyanların yaddaşında xoş xatirələri ilə yaşayır. 

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət