Qarabağ tarixinin görkəmli tədqiqatçısı, bütün şüurlu həyatını bu ulu mahalın tarixinin, içtimai-siyasi həyatının araşdırmalarına sərf edən Vasif Quliyevin “Şuşa qalası” broşürlər seriyasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təqdimatı keçirilib.
Yeni layihə təkcə tanıtım xarakterində olan silsilə kimi yox, həm də bu gün dünyada gedən informasiya müharibəsində Qarabağla bağlı çox ümdə həqiqətlərin, Şuşa şəhərinin tarixini və maddi-mənəvi dəyərlərini əhatə edən 10 mövzuda, Azərbaycan və ingilis dillərində, orijinal tərtibatda çap edilmiş dəyərli informasiya daşıyıcıları və həm tərtibatına, həm də mövzusunun zənginliyinə görə maraqlı nümunələrdir.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev təqdimat mərasimində çıxış edərək bildirdi ki, broşürlər seriyasının nəşri mədəniyyət paytaxtı olan Şuşanın zəngin mədəni-tarixi irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin Şuşanı əcdadlarımızın yaratdığı böyük tarixi abidə adlandırdığını xatırladan komitə sədri möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı sayəsində bu qədim şəhərin 28 illik işğaldan azad edilməsinin hər bir azərbaycanlıda qürur doğurduğunu, qısa müddət ərzində onun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görüldüyünü, şuşalıların doğma yurda qayıdışının başlandığını bildirib. Şəhərin maddi-mənəvi dəyərlərinin bərpasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mühüm rol oynadığı xüsusi vurğulanıb.
“Şuşa qalası” broşürlər seriyasının nəşri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair l Dövlət Proqramına uyğun olaraq Dövlət Komitəsinin icra etdiyi məlumatlandırma, təbliğat-izahat və təşviqat tədbirləri çərçivəsində nəşr edilib.
Təqdimat mərasimində Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, “Xalq qəzeti”nin baş redaktorunun müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı-jurnalist Elşad Qoca, “Vətən səsi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elşən Əliyev çıxış edərək, “Şuşa qalası” broşürlər seriyasının nəşrini yüksək qiymətləndirib, Qarabağ tarixinin tədqiqi sahəsində Vasif Quliyevin uzunmüddətli fəaliyyətindən danışıb, onun dəyərli yaradıcılıq işinin Böyük Qayıdışa layiqli töhfə olduğunu qeyd ediblər.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılmasında, müəllif kimi “Şuşa qalası” broşürlər seriyasının hazırlanmasında iştirakına görə Vasif Quliyevə Dövlət Komitəsinin təşəkkürnamə plaketi təqdim olunub. Müəllif yaradıcı əməyinə verilən dəyərə görə minnətdarlıq edib, doğma Qarabağın, əziz Şuşanın tarixini 50 ildən artıq müddətdə araşdırdığını və bu işdən zövq aldığını deyib. O, doğma şəhərinin işğaldan qurtarılmasından və sürətlə bərpa olunmasından hədsiz sevinc hissi keçirdiyini vurğulayıb, bu möhtəşəm quruculuq prosesini şəxsən nəzarətdə saxlayan Prezident İlham Əliyevə, şuşalılara daim qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
“Şuşa qalası” seriyasından broşürlərin nəşrinin davam etdirilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən müəllif – Qarabağ tarixinin tanınmış tədqiqatçısı, yazıçı-publisist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev deyib ki, Şuşa və Qarabağ tarixi ilə bağlı 30-dan artıq kitabım nəşr olunub. Onlardan 10-u tərcümədir, 20-si isə müəllifi olduğum kitablardır. Çox şadam ki, redaktoru olduğum və sonradan Azərbaycan dilinə tərcümə etdiyim “Köhnə Şuşa” kitabına Birinci vitse-prezident Mehriban xanım Əliyeva ön söz yazıb.
Qarşıda Şuşa haqqında bir neçə cildlik kitab nəzərdə tuturam. İki min nəfər şuşalı elm, ədəbiyyat və mədəniyyət xadiminin fəaliyyəti, şəhərin tarixində rolu haqqında yazmaq olar. 20–30 il əvvəl Şuşanın tarixi ilə çox az sayda yazılırdı. Tarixi zəfərdən sonra isə Şuşadan yazan tarixçi və araşdırmaçıların sayı o qədər ortalığa çıxdı ki... Əksər məlumatların çox vaxt yanlış, köçürmə olduğu görünür. Tarixi həqiqətlərdən uzaq olan, bu yerlərin adət-ənənəsini bilməyən adamlar Şuşanın, Qarabağın tarixindən məqalələr yazırlar. Firudin Şuşinskidən başqa Şuşanı sanballı, dərin tədqiq edən görmədim. Hətta o da müəyyən qədər araşdıra bildi, tarixi şərait, ömür, vaxt imkan vermədi ki, çox dərinə getsin. Şuşa haqqında yazarkən də ən çox mədəniyyət, musiqi sahəsini qələmə alıb. Şuşadan, bəlkə, 100-dən çox elmi iş yazılıb. Tarix elmləri namizədi Yunis Hüseynov istisna olmaqla, hamı da bir-birindən köçürüb. Düz 53 ildir bütün həyatımı Şuşaya həsr etmişəm və Şuşaya aid başdan-ayağa nə məlumat varsa, hamısını toplamışam, yavaş-yavaş yazıram. Onlardan, demək olar, tək musiqi sahəsi üzrə 1000-dən artıq məqaləm, oçerk və ensiklopedik yazım dərc olunub. “Şuşa” qəzetinin hər nömrəsində “Qarabağ ensiklopediyası” başlığı ilə məlumatlar dərc edirik. Əsas məqsədim “Şuşanın tarixi” kitabımı və 52 ildir üzərində işlədiyim “Qarabağ ensiklopediyası”nı nəşr etdirməkdir. Pənahəli xan haqqında sənədli-tarixi romanımı bitirib çap etdirmək arzusundayam. “Şuşa qalası” broşürlar seriyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ortaya çıxdı. Hələlik bu seriyadan olan 10 nümunə nəşr edilib, amma davam etdirilməlidir. Əminəm ki, bunun siyasi-ictimai əhəmiyyəti çox böyük olacaq.Ən azı Şuşaya səfər edən çoxsaylı qonaqlara bu broşürlərin paylanması müqəddəs Şuşa haqqında tarixi həqiqətlərin tanıdılmasında xüsusi əhəmiyyət kəsb edəcək.
Namiq QƏDİMOĞLU
XQ