Heydər Əliyev Mərkəzində dünən italiyalı heykəltaraş Canfranko Megiatonun fərdi sərgisi açılıb. Oktyabrın 26-dək davam edəcək “Görünməyənin cizgiləri” adlı ekspozisiyada müəllifin 40-dək əsəri nümayiş olunur.
Bakı sərgisi üçün hazırlanmış əsərlər sırasında “Cücərmə” (“Germination”), “Kvant nəfəsi” (“Quantum Breath”), “Mistral” (“Mistral”), “Elm və bilik” (“Science and Knowledge”), “Oyanış” (“Awakening”), “Yaradılış” (“Creation”) və digərləri izləyicilərdə böyük maraq yaradacaq.
Mərkəzin park ərazisində, foye və sərgi zalında qurulan sərginin açılışında Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgidə yer alan əsərlərin ziyarətçilərdə böyük maraq doğuracağını deyib və cənab Megiatoya bu işə həssas yanaşdığına görə təşəkkürünü bildirib.
Xalq rəssamı Fərhad Xəlilov sərginin Heydər Əliyev Mərkəzinin binası ilə unikal uyğunluq yaratdığını söyləyib. İtaliyanın Roma şəhərində Kolizey Arxeoloji Parkı Direktorlar Şurasının üzvü Alberto Samona bildirib ki, əsərləri seyr edəndə, sanki, gözə görünməyən aləmlə əlaqə qurulur. Canfranko Megiato isə deyib: “ Bu möhtəşəm Mərkəzdə bütün bu əsərləri müvafiq yerlərə yerləşdirmək bizim qarşımızda duran böyük bir vəzifə idi. Düşünürəm ki, biz bunun öhdəsindən uğurla gəldik”.
XQ