Türk Dövlətləri Təşkilatı əməkdaşlığın gücləndirilməsində və hökumətlər arasında daha yaxşı əlaqənin təmin edilməsində öz rolunu göstərib. Son illər ərzində təşkilat öz fəaliyyətinin miqyasını genişləndirib. Hal-hazırda 58 müxtəlif sahədə biz əməkdaşlıq mexanizmləri tətbiq edirik.
Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
O qeyd edib ki, təşkilat zirvə görüşlərində dövlət başçıları tərəfindən qəbul olunan mühüm qərarların lazımi şəkildə icrasına xüsusi diqqət yetirir. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü isə əldə edilən irəliləyişi nəzərdən keçirmək və prosesi sürətləndirmək üçün mühim fürsətdir.
“Hazırda regionumuzda və dünyada ciddi çağırışlar müşahidə olunur. Biz isə yaranan qeyri-sabitlik səbəbindən dövlət başçılarımızın təlimatlarına əsasən siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndiririk. Həmçinin nəqliyyət bağlantıları da əməkdaşlığın ən perspektivli sahələrindən biridir və Orta Dəhliz bu gün cari geosiyasi mühitdə ən vacibdir. Belə ki, 2025-ci ildə Orta Dəhlizlə yükdaşıma həcmi 4,7 milyon tona çatıb və bu rəqəmin 2027-ci ilə qədər 10 milyon tona çatacağı gözlənir”,- deyə Kubanıçbek Ömüralıyev vurğulayıb.

