Milli rəqslərdən modern baletlərə yüksələn yol

post-img

Hər bir xalqın tarixində və taleyində olduğu kimi, bu cür nailiyyətlərin ərsəyə gəlməsi Vətənini sevən, bu yolda yorulmadan çalışan fədakar tarixi şəxsiyyət­lərin siyasi arenaya gəlməsi və öz əlahiddə xidmətləri sayəsində xalqın öndəri olması ilə sıx bağlıdır. Azərbaycanda yeni tariximizi öz əvəzsiz xidmətləri ilə yazan belə dahi şəxsiyyət müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir.

Həyatın elə bir sahəsi yoxdur ki, res­publikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmləri ərzində ümum­milli lider Heydər Əliyevin fəaliyyətindən kənarda qalsın. Milli xoreoqrafiya sənəti də bu baxımdan istisna deyil.

Ulu öndərin 1969–1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə mədə­niyyət və incəsənət sahəsində də böyük intibah dövrü yaşanmışdır. O, mədəniy­yətin maddi-texniki bazasının möhkəm­lənməsinə, kütləvi şəkildə kinoteatrların, teatr binalarının, muzeylərin inşası, möv­cud mədəniyyət müəssisələrinin təmiri və yenidən qurulmasına xüsusi diqqət yetirirdi. Mədəniyyətimizin kadr potensia­lı da gücləndirilirdi. Azərbaycan gəncləri SSRİ-nin nüfuzlu incəsənət yönümlü ali məktəblərində təhsil alıb Bakıya qayıdır­dılar. O zaman Sankt-Peterburq, Moskva və digər şəhərlərdə teatr, rəssamlıq, mu­siqi, xoreoqrafiya üzrə ali təhsil ocaqla­rını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin görkəmli sənətkarlarıdır.

Xoreoqrafiya sənəti incəsənət növləri arasında öz incəliyi, zərifliyi, sintetikliyi və əməksevərliyi ilə seçilir. Bu cür xüsu­siyyətləri olan sənət sahəsi böyük diqqət və qayğı ilə əhatə olunmalıdır. Xoşbəxt­likdən Ulu öndər Heydər Əliyevin haki­miyyətinin hər iki dönəmində bu sənətə layiqincə diqqət və qayğı göstərilib. Bu qayğının nəticəsidir ki, Azərbaycan klas­sik baleti və milli rəqs sənəti dünya mə­dəniyyətində bir fenomenə çevrilib.

Görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti 1952-ci ildə keçi­rilən premyerasından sonra dünya balet inciləri xəzinəsinə daxil olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, 1970-ci ildə “Yeddi gözəl” baleti VII Bey­nəlxalq Rəqs və Balet Teatrları Festivalı çərçivəsində Parisdə səhnələşdirilib. 1979-cu ildə görkəmli bəstəkar Fikrət Əmirov özünün şah əsərlərindən biri olan “Min bir gecə” baletini yazıb. Ulu öndərin birbaşa qayğısı və sənətsevər­liyi sayəsində 1980-ci ildə həmin baletin müvəffəqiyyətinə görə bəstəkar Fikrət Əmirov, baletmeyster Nailə Nəzirova, rəssam Toğrul Nərimanbəyov, dirijor Nazim Rzayev və baş rolların ifaçıları, o cümlədən məşhur balet artisti Tamilla Şirəliyeva SSRİ Dövlət mükafatına layiq görülüblər. Ümummilli liderin uzaqgörən mədəniyyət siyasəti nəticəsində Ukray­na, Gürcüstan, Mərakeş və Bolqarıstan­dan sonra 15 oktyabr 1983-cü ildə “Min bir gecə” baleti Azərbaycan Akademik Opera və Balet Teatrı truppasının ifasın­da Moskvanın Kreml sarayının səhnə­sində göstərilib. Bu həmin zaman üçün ən böyük uğur idi.

Heydər Əliyev milli rəqs sənətinə də böyük dəyər, qiymət vermişdir. 1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblının yaranması və aktiv fəaliyyətə baş­laması bunun göstəricisi idi. Ulu öndərin hamiliyi ilə İtaliya, Fransa, Rusiya, Dani­marka, Almaniya, Avstriya, Rusiya, Hin­distan kimi ölkələrdə qastrol səfərlərində olan ansambl ümumittifaq və respublika festivallarının laureatı olub, 1979-cu ildə Tunisdə keçirilən beynəlxalq folklor sənə­ti festivalında qızıl medala layiq görülüb.

Bununla yanaşı, Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncənin 50 ildən ar­tıq fəaliyyətdə olan “Göygöl” ansamblı qeyd olunan müddət ərzində dünyanın bir çox ölkələrinə səfərlər edib, xarici ölkələrin ən nüfuzlu konsert salonlarında konsertlər verib, Azərbaycan incəsənətini ölkə hüdudlarından kənarda təbliğ edib. 1977-ci ildə ümummilli liderin göstərişi ilə kollektivə Dövlət Mahnı və Rəqs An­samblı statusu verilib.

Əlamətdar haldır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 80-ci illərin orta­larında Bakı Xoreoqrafiya Məktəbi üçün xüsusi layihə üzrə bina inşa edilib. La­kin Azərbaycanda peşəkar xoreoqrafiya sənəti və təhsilinin formalaşması və inki­şaf yolu elə də hamar olmayıb. Ötən əsrdə ölkədə arabir baş qaldıran dini mövhumat, yalançı mühafizəkarlıq və psevdomillətçi­lik meyilləri milli xoreoqrafiya sənətinin taleyini də böyük sual altına qoymuşdu. Yaxın keçmişimizə nəzər salsaq, görərik ki, respublikada Xalq Cəbhəsi hakimiyyəti dövründə klassik balet sənətinə etinasız­lıq, hətta nifrət hissləri o dövrün xoreoqra­fiya ustaları, görkəmli sənətkarlarını qorxu içində saxlayırdı. Görkəmli balerina, Xalq artisti Leyla Vəkilova Xoreoqrafiya Mək­təbinin bədii rəhbəri olaraq, o ağır gün­lərdə bu sənətin qayğıkeşliyini çəkməyə çalışırdı. Ağlasığmazdır ki, Xalq Cəbhə­sinin hakimiyyəti dövründə xoreoqrafiya məktəbinin klassik şöbəsinin məzunları buraxılış-hesabat konserti zamanı səh­nəyə çadra və örpəklərlə çıxmağa məcbur qalmışdı. Bu, dünyanın sivil xalqlarından birinə, eyni zamanda ən tolerant ölkəsinə qarşı böyük xəyanət idi.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu kimi mənfi hallar aradan qalxmışdır. Sözə, ədəbiyyata, musiqiyə, mədəniyyət və incəsənətin bütün sahələrinə yüksək qiymət verən, onları dərindən bilən Heydər Əliyev xalqımızın əsrlər boyu formalaşmış mə­dəniyyətinin tərkib hissəsi olan rəqs sənəti və bununla da bütöv xoreoqrafiya sənətinin inkişafına nail olmuşdur.

Ulu öndər mütəmadi olaraq balet ta­maşalarına və konsertlərə gəlir, tamaşa və konsertlərdən sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşür, səhnə­də nümayiş olunanları təhlil edir, bu və ya digər artistin ifasını dəyərləndirirdi. Bu da onun həm Azərbaycan, həm də dünya in­cəsənətini dolğun və əhatəli bilməsindən irəli gəlirdi.

Bununla yanaşı, balet və ansambl artistlərinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsini tə­min etmək məqsədilə imzalanan çoxsaylı fərman və sərəncamlar Heydər Əliyevin xoreoqrafiya sənətinə olan ehtiramının mücəssəməsidir.

Bu gün xoreoqrafiya sənəti və təhsili yeni mərhələyə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin başladığı işləri layiqin­cə davam etdirən möhtərəm Prezident İlham Əliyev 10 il öncə milli xoreoqrafiya sənəti ənənələrinin qorunması məqsə­dilə 90 ilə yaxın tarixi olan Bakı Xoreo­qrafiya Məktəbinin bazasında Bakı Xo­reoqrafiya Akademiyasının yaradılması barədə sərəncam imzalamışdır. Bununla da uzun illər ərzində xoreoqrafiya sahə­sində əldə olunan sənət, təhsil və elmi nailiyyətlər akademizm səviyyəsinə qal­dırılaraq çox az bir müddət ərzində öz bəhrəsini verəcəkdir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət