Xalq şairi Rəsul Rza anılıb

post-img

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 114-cü ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları   şairin məzarı üzərinə tər güllər düzüb, onun xatirəsini ehtiramla anıblar.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov şairin zəngin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb. O, Rəsul Rzanın ədəbiyyatımızda öz sözü, yeri, fərdi yaradıcılıq üslubu və orijinal yazı manerası ilə başqa qələm yoldaşlarından fərqləndiyini vurğulayıb.

Tədbirdə şairin əsərlərinin fəlsəfəsindən, poetik məna çalarlarından bəhs edilib, onun “Qızılgül olmayaydı” poemasını milli poeziyanın repressiya qurbanlarına həsr olunmuş ilk və ən mükəmməl nümunələrindən biri olduğu bildirilib. 

***

Xalq şairi Rəsul Rzanın anadan olmasının 114-cü ildönümü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatının laureatlara təqdim olunma mərasimi keçirilib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza fondunun sədri akademik Rafael Hüseynov görkəmli şairin zəngin yaradıcılığı, ibrətamiz həyat yolu barədə fikirlərini bölüşüb. Bildirib ki, Rəsul Rzanı sadəcə ədəbiyyat tarixində iz qoymuş şəxsiyyət kimi təsəvvür etmək olmaz. O, XX yüzilliyin ikinci yarısında hadisələrə, dünyaya, insanlara münasibətin daha çağdaş olması yolunda mühüm işlər görmüş ədibdir: “R.Rza gəncliyə üz tutmuş şəxsiyyət idi. Zənnimcə, “Rəsul Rza” mükafatını alan hər bir şəxsin buna layiq görülməsinə bir səbəb var. Çox arzu edirəm ki, ən azı, laureatlar Rəsul Rzanı yaxşı oxusunlar, ətraflı mənimsəsinlər”. 

Akademik Rafael Hüseynov hər il görkəmli şairin doğum günü ərəfəsində təqdim edilən Rəsul Rza Mükafatının Beynəlxalq Rəsul Rza Fondu tərəfindən təsis edildiyini diqqətə çatdırıb, bu il altı qələm adamının mükafata layiq görüldüyünü bildirib.

Daha sonra Şəmsəddin Kuzəçi, Şəfəq Nasir, Faiq Balabəyli, Püstəxanım Hüseynova, Rizvan Sədrxanov və Aysel Xanlarqızına Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilib.

Xalq yazıçısı Anar mükafata layiq görülən qələm adamlarını təbrik edib, Rəsul Rza yaradıcılığının təbliğinə görə onlara minnətdarlığını bildirib.

Qabil YUSİFOĞLU 
XQ

 

















Mədəniyyət