Beynəlxalq poeziya festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu baş tutub

post-img

12 gün - aprelin 18-dən 29-dək Mərakeşin 5 şəhərində ( Layoune, Safi, Tangire, Rabat, Mərakeş) və Sahara səhrasında böyük şeir festivalı baş tutdu. Festivala beş qitədən olmaqla 30 müxtəlif ölkələrdən tanınmış şairlər dəvət olunub. Ölkəmizi təmsil edən şairlərdən biri də Nigar Arif olub. 

Şairin XQ-yə verdiyi açıqlamaya görə, Azərbaycanı o, təmsil edib. Onun sözlərinə görə, olduqca böyük, maraqlı, şən və rəngarəng festival keçib: “Adlarını sadaladığım şəhərlərin hər birində çıxışlarımız oldu, bütün tədbirlərdə 3 dildə - həm öz dilimizdə, həm də ingiliscə, ərəbcə tərcümədə şeirlərimizi səsləndirdik (öz dilimizdə və ingiliscə özümüz səsləndirirdik, ərəbcə tərcüməsi isə xüsusi təyin olunmuş tərcüməçi tərəfindən oxunurdu). Bir çox tədbirlərdə , konfranslarda, məktəb, universitet və nəşriyyatlarda qonaq olduq. Hamısında bizi çox hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldıq. Bir çox televiziya kanallarına müsahibələr verdik. Mərakeşin fərqli saytlarında şəkillərimiz, çıxışılarımız barədə yazılar dərc olundu… Layoune şəhərində Poeziya gecəsinin bağlanış mərasimində bizə milli geyimlərini hədiyyə edərək geyinməyimizə kömək etdilər…Həqiqətən də, özümüzü öz evimizdəki kimi hiss edirdik… Bir sözlə, 8-ci Layoune Beynəlxalq Poeziya Festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu uğurla başa çatdı”.  

N.Arif bildirib ki, poeziya gecəsi keçirilən ən əsrarəngiz və sehirli yerlərdən biri “Sahara” səhrası, digəri isə “Tangier” şəhərində Mağarada idi… “Saharada iki dəfə olduq, çox poetik ab-havası vardı, mənzərəsi çox hüzurverici idi, mərasim də, poeziya gecəsi də möhtəşəm təşkil olunmuşdu. Çox xoşbəxtəm ki, Mərakeşin belə böyük bir Beynəlxalq Şeir Festivalında Azərbaycanı təmsil etdim”.

XQ

Mədəniyyət