Özbəkistanda keçirilən “Ləzgi” rəqs festivalında Azərbaycan birinci mükafata layiq görülüb

post-img

 

     Özbəkistanın qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında ikinci beynəlxalq “Ləzgi” rəqs festivalı başa çatıb. 

     Tədbirə Özbəkistandan başqa Amerika Birləşmiş Ştatları, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Hindistan, Misir, Tacikistan, Yaponiya, Braziliya, Bolqarıstan və digər ölkələrdən gələn 200-dən çox rəqqas, musiqiçi və musiqi nəzəriyyəçisi qatılıb. Ümumiyyətlə tədbirdə 33 ölkənin musiqiçiləri iştirak edib.

     Tədbirə Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri də qatılıb.

     Festivalda ölkəmizi Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı təmsil edib. 

     Musiqi bayramının sonuncu günü keçirilən Qala-konsertdə  qaliblərin  adları elan olunub. 

     Özbəkistan Dövlət Filarmoniyası Xarəzm vilayəti bölməsinin ansamblı festivalın baş mükafatını-“Qran-pri”ni qazanıb. 

     Birinci mükafat Azərbaycan Dövlət Rəqs Ansamblına, Özbəkistan və Qazaxıstanın musiqi kollektivlərinə verilib. İkinci mükafata Koreya Respublikası, Rusiya Federasiyası və Tacikistan sahib olub. Üçüncü mükafatı isə Türkiyə, Qırğızıstan, Braziliya, İspaniya və Özbəkistan alıb. Xaricdən gələn musiqi kollektivlərinə bir sıra həvəsləndirici mükafat  təqdim olunub. 

     Festival çərçivəsində  rəqs sənətinə həsr olunan sərgilər, milli geyimlərin, xalq tətbiqi sənət nümunələrinin nümayişi, kitab yarmarkası və digər tədbirlər də keçirilib.

     Xatırladırıq ki, Özbəkistanda çox populyar olan “Ləzgi” Xarəzm rəqsinin 3 min illik tarixi var və “Ləzgi” rəqsi 2019-cu ildə UNESCO qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

     “Ləzgi” rəqs festivalı sərhədlərini aşır. Belə ki, iki ildən sonra baş tutacaq üçüncü festivalın Türkiyədə keçirilməsi nəzərdə tutulur. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Xivə

 





Mədəniyyət