Türküstan şeirinin tərcümanı

post-img

Qırğız Mədəniyyəti Günlərinin daha bir xoş əks-sədası

Mədəniyyət Nazirliyinin təşkilat­çılığı ilə Azərbaycanda keçirilən Qır­ğız Mədəniyyəti Günləri artıq arxada qalsa da, iki dövlət arasında mədəni əlaqələrin daha da inkişaf etməsi baxımından böyük rolu olan tədbir­lərlə bağlı təəssüratlar xoş duyğularla xatırlanır. Ziyalıların görüşündə şair Adil Cəmilin tərcüməsində görkəmli qırğız şairi Alıkul Osmonovun “Zama­nın zamanı” toplusunun təqdimatı da yaddaqalan tədbirlərdən olub.

Adil Cəmil “Manas” eposu və türk dastançılıq ənənəsi” mövzusunda dis­sertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Möhtəşəm qırğız eposunun tərcüməçisi və Azərbaycanda yeganə tədqiqatçısı eyni zamanda, “Manas”la bağlı bir neçə nəşrin müəlifidir, sözügedən məşhur şe­devri nəzmlə interpretasiya edib. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində “Manas”ın 1000 illik yubileyi ilə bağlı Qırğızıstanın paytaxtı Bişkekə səfər edib. “Qırğızfilm”in istehsalı olan “13-cü nəvə” filminin tərcüməsi də ona aiddir. Tanınmış qələm ustasının qırğız ədəbiyyatına aid əsərləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təq­dim olunub. Bir sözlə, Adil Cəmilin türk kitabələrinin qorunması, tanıdılması, türk xalqlarının qədim düşüncə və təfək­kürünün gələcək nəsillərə ötürülməsi is­tiqamətində önəmli çalışmaları var. 

Nəhayət, onu da qeyd edək ki, Qır­ğız Mədəniyyəti Günlərində Alıkul Os­monovun “Zamandan zamana” kitabının təqdimatı ilə Adil Cəmil oxuculara qardaş xalqın ünlü şairinin şeirlərini ilk dəfə dili­mizdə oxumaq imkanı yaradıb. Qırğızıs­tanın Azərbaycan və Gürcüstandakı sə­firliyinin təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə hazırlanmış bu kitabda mükəmməl poetik tərcümə nümunələri orijinalla birlikdə verilib. 

Adil Cəmil “XQ”-yə açıqlamasında dedi:

– Qırğız mədəniyyəti, ədəbiyyatı mə­nim üçün çox doğmadır. Mən qırğız folk­lorunu, o cümlədən “Manas” eposunu tədqiq və tərcümə etməkdən daim mənə­vi zövq almışam. Çox istəyirdim ki, qədim ədəbiyyatla yanaşı, müasir qırğız şeirinin parlaq nümunələri də dilimizdə nəşr olun­sun. Alıkul Osmonovun yaradıcılığının Azərbaycan oxucusuna çatdırılması bu yöndə atılan ilk addımlardandır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, sənətşünaslıq elmləri dokto­ru, professor Aktoti Raimkulova topluya yazdığı “Türk ruhunun poetik carçısı” adlı “Ön söz”ündə Adil Cəmilin tərcümə­sində Alıkul Osmonovun kitabının oxu­cular tərəfindən seviləcəyinə əminliyini ifadə edib. Bu isə Qırğız Respublikası­nın səfiri Kayrat Osmonaliyevin fikridir: “Qeyd etməliyəm ki, Alıkul Osmonovun şeirlərinin uğurlu tərcüməsində qırğız mədəniyyəti ilə çoxdan tanış olan Adil Cəmilin əməyini xüsusi dəyərləndirmək lazımdır”.

Alıkul Osmonov şeirlərinin birində ya­zıb:

Ömrümüz ötürsə, çarəsi yoxdur,

Ötən günlərimiz qayıtmaz daha.

Özümü xoşbəxtlər xoşbəxti billəm –

İki kəlmə sözüm qalsa sabaha.

Ruhu şad olsun! İki kəlmə sözü yox, yüzlərlə şeiri əbədiyyətə ərməğan qalıb. Özü də təkcə qırğızca deyil, başqa dil­lərdə də oxunmaq qismətində bulunub. Tərcüməsinə gəlincə isə, sanki, Alıkul Osmonov şeirlərini elə bizim Azərbaycan türkcəsində yazıb. 

Cəmi 35 il yaşamış (1915–1950) Alı­kul Osmonovu “Tanrı dağlarından boy­lanan şair” adlandıran Adil Cəmil onu qırğızların ən görkəmli milli şairlərindən biri kimi dəyərləndirir: “Əbəs yerə ona “qırğızların Puşkini” deməyiblər. O, qırğız poeziyasına yeni düşüncə, təzə ifadə tər­zi gətirdiyinə görə ədəbi yaddaşda yeni­likçi şair kimi qalıb”.

Biz də qələm dostumuzu türk dünyası ədəbiyyatı ilə bağlı yeni uğuru münasibə­tilə təbrik edir və inanırıq ki, yeni tərcümə kitabı soydaşlarımızın məxsusi marağına səbəb olacaq.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət