Müasir Azərbaycan jurnalistikasına ağır itki üz verib. Milli mətbuatımızın tanınmış nümayəndəsi, bir sıra xarici media qurumlarında uzun illər ölkəmizi peşəkarlıqla təmsil edən Əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü, yazıçı-publisist Vasif Həzərxan oğlu Səmədov ömrünün 74-cü ilində dünyasını dəyişib.
Vasif Səmədov 1950-ci il yanvarın 22-də Masallıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, çoxillik zəngin jurnalistika fəaliyyəti dövründə ölkəmizin “Azərbaycan pioneri”, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, “Azərbaycan gəncləri”, “Xalq qəzeti”, Rusiyanın “İzvestiya”, “Rossiyski fermer” kimi tanınmış media vasitələrində çalışıb. Həmkarımız “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi Asiya və Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub.
Vasif Səmədov jurnalistikada peşəkarlığı və vətənpərvərliyi ilə seçilən, Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin mahiyyətini rusdilli mediada xarici aləmə geniş yayan qələm sahibi kim tanınırdı. Bu istiqamətdə ardıcıl fəaliyyəti, xüsusən “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi beynəlxalq informasiya savaşında ölkəmizə önəmli dəstək olmaqla, anti-Azərbaycan qüvvələrlə mübarizədə ona böyük nüfuz qazandırmışdı. Soydaşımızın adı jurnalist populyarlığı ilə Amerika Biblioqrafiya İnstitutunun “Dünyanın 1000 nüfuzlu şəxsi” sorğu kitabına daxil edilmişdi.
Azərbaycan Mətbuat Şurası bu ağır itki münasibətilə mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Mətbuat Şurasının İdarə Heyəti,
“Xalq qəzeti”nin kollektivi