“Dərs”in ekran dərsi

post-img

Hamımız kinomuzun qızıl fonduna daxil olan “Sehrli xalat”, “Qərib cinlər diyarında” “ Şir evdən getdi” kimi uşaq filmlərini sevə-sevə izləmişik. Məhz bu filmlər uşaqların dünyagörüşünün, zövqünün formalaşmasında mühüm rol oynayır. Belə ekran işlərindən biri də müstəqillik dövründə çəkilən “Dərs” dir.

Cavid Təvəkkül və Rafiq Əliyevin 2015-ci ildə ekranlaşdırdığı “Dərs”dən görünür ki, insanlar təkcə sinifdə – 4 divar arasında de­yil, həyatda da dərs alırlar. Filmin ana ideyası bu fikir üzərində formalaşıb. Xalidin (Tamer­lan Ağayev) futbolu yaxşı oynaya bilməyib, sinif komandasının məğlubiyyətinə səbəb olması onu yalqızlaşdırır. Sinif yoldaşlarının ona ikrahla yanaşmasında isə Asifin (Rəşid Əliyev) xüsusi rolu var. Özünü yaxşı futbol­çu, qızların sevimlisi kimi göstərən Asif si­nifdə at oynadır, hətta müəllimi ilə də kobud zarafat etməkdən çəkinmir. 

Maraqlı məqamlardan biri Xalidin ailəsi­nin də onunla soyuq davranmasıdır. Valide­yinləri onu taleyin ixtiyarına buraxıblar. Çox utancaq olması Xalidin başqaları qarşısında haqqını müdafiə edə bilməməsinə səbəb olur. Bu da filmin baş qəhrəmanının zəif cəhətidir. “Begemot” deyilərək aşağılanan Xalidə kiçik bacısı və babası mənəvi dəstək olurlar. Babası onun bu cür adlanmasını qəbul etmir. O Xa­lidə adı uğrunda yeri gələndə savaşmağın da lazım olduğunu bildirir. Bunun üçün nəvəsinə adların mənasını bildirən bir kitab verir. Xe­yirxah baba obrazı həmçinin milli kökə bağlı­lığın simvolu kimi görünür. Lakin bu obrazda müəyyən statiklik var: baba sanki həyatda de­yil, maarrifləndirici bir verlişdə danışır. 

Asif həm də qısqanc birisidir. Çinarənin (Aliyə Əliyeva) Xalidə rəğbət bəsləməsini heç cür qəbul edə bilmir. O, Xalidin Çinarə ilə görüşüb kinoya getməsinə mane olur. Asif bu əməlini Solmazın (Ayna Zərbəliyeva) va­sitəsilə həyata keçirir. Solmaz Çinarəni Xa­lidlə kinoya gedəcəyi təqdirdə onunla rəfiqə­lik etməyəcəyini deyərək şantaj edir. Beləcə, Xalidə pisniyyətli münasibət film boyu da­vam edir. Asif isə öz marağı üçün Xaliddən riyaziyyat dərsini pozmasını istəyir. Dərs əlaçısı olan Xalid bunu da edir, amma yenə də qarşılıq görmür. Filmdə Asifin partlayıcı oyuncağı alışdırarkən bədənini yandırması simvolik xarakter daşıyır. Bundan sonra o öz davranışlarına müəyyən çəki-düzən verir və Xalidin mərdliyini dəyərləndirərək, ona dost əlini uzadır. Film Xalidin timsalında ağ­lın, biliyin, dostluğun qalib gəlməsi fikri ilə tamamlanır. 

“Dərs” filmi 2016 cı ildə Belarusda keçi­rilən “Listopad” film festivalında 2 mükafata layiq görülüb. Elə həmin il ekran işi Rusi­yada – ” Kinoşok” beynəlxalq festivalında “Ən yaxşı film nominasiyası”nı qazanıb. 

Bu gün, təəssüf ki, uşaq filmləri az ekran­laşdırılır. Düşünürük ki,“Dərs” kimi filmlər çox olmalıdır. Çünki dərs təkcə kitab-dəftərlə olmur. Bu gün orta məktəb şagirdlərinin xa­rakterinin, zövqünün düzgün formalaşmasına ehtiyac var. Bu baxımdan “Dərs”lər faydalı ola bilər.

Ceyhun MİRZƏLİ

Mədəniyyət