Qərbin bağrında Şərq çiçəyi

post-img

Müasir türk yazarı Karalina Laurent Turuncun söz dünyası 

Bu gün dünya miqyasında tanındığını iddia edə biləcəyimiz antakyalı şair, nasir Karalina Laurent Turunc hazırda Parisdə yaşayıb-yaradan türk kökənli bir yaradıcı şəxsdir. Qələmə aldığı gözəl bədii nümunələri könül oxşayır. 

O, demək olar ki, bütün qitələrdə müxtə­lif sülh konfranslarında (Bakıda da olub), şeir festivallarında iştirak edib. Amerika, Hindis­tan, Banqladeş, Pakistan, Çin, Rusiya, Uk­rayna və dünyanın digər ölkələrində çıxışları yaddaqalan olub. 

Karalina Laurent Turunc 9 uşaqlı türk ailəsinin qızıdır. Sosioloqdur. Qələmə sarıl­dığı 2013-cü ildən bəri 1500-dən çox şeir ya­zıb, 40-a yaxın yerli və xarici antologiyada, beynəlxalq portal və jurnallarda çap olunub. “Şərqlə Şimal arası” və “Çöl zanbağı” adlı 2 şeir kolleksiyası yayımlanıb. Rumıniyada təş­kil olunmuş “Dünya ədəbiyyatı yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair arasında 2-ci yerə layiq görülüb. Çin Xalq Respublika­sında təşkil olunmuş 8-ci Bahar Şeir Festiva­lında mükafat alaraq, həmin ölkədəki Şimal–Qərb Universitetinin “İpək Yolu” Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya ədə­biyyatı muzeyi”nə üzv seçilib.

Yorulmaz qələm sahibi Fransada sülh el­çisi kimi beynəlxalq vətəndaş dərnəklərində fəallığı ilə seçilir. “Beynəlxalq paytaxt yazar­ları fondu”nda təşkilat komitəsinin üzvüdür. Ankaradakı “Başkent Haber Ankara” və “Öz­gür ifade İstanbul” qəzetlərində köşə yazı­ları ilə müntəzəm çıxış edir. Eyni zamanda Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən UTEF xeyriyyə dərnəyinin Paris təmsilçisi­dir. “Ziyadar” mükafatı laureatı olan Karalina Laurent Turunc 2022-ci ilin yekunlarına görə doğma vətənində “İlin yazarı” diplomu ilə təltif olunub. Onun haqqında Tuncay Şəhri­linin tərtib etdiyi “Karalina Laurent Bakıda” adlı kitab inişil paytaxtımızda nəşr olunub.

Dünyaya sülh və əminamanlıq diləyən, zülm və istibdadı lənətləyən Karalina La­urent Turuncun haqq səsi “Zalim padşah!” şeirində daha ucadan duyulur. Karalinanı ilk dəfə nə vaxt, harada və ya hansı şeiri ilə tanıdığımı dəqiq deyə bilmərəm. Amma onu qeyd etmək istəyirəm ki, ilk şeiri ilə tanış olan zaman nədənsə gözümün önündə vizual olaraq (onda bəlkə hələ heç müəllifin fotosu­nu da görməmişdim) “Çöl aslanı” filmindəki Ömər Muxtarın surəti canlanmışdı. İnternet üzərindən araşdırmalar sayəsində öyrənmiş­dim ki, 2 şeir kitabı işıq üzü görüb və bu ki­tablar bildiyimiz bütün beynəlxalq kitab satış portallarında var. Mən də müəllifin hər iki kitabını onlayn sifariş edib aldım. 

Həmişə haqqın yanında olan Karalina 2020-ci ildə 44 günlük Zəfər Yürüşümüz za­manı bütün yol boyu bizimlə birgə addımla­dı. Bu mənəvi yoldaşlıq zamanı özüm üçün bir yəqinlik hasil etdim ki, Karalina doğma Türkiyəsinin sevdalısı olduğu qədər Azər­baycanı da sevir. Sonra iş elə gətirdi ki, onun­la 2022-ci ildə Bakıda bir sülh konfransında görüşdük. O çağadək qiyabi olaraq, yazıları­na görə tanıdığım Karalinanı həm də şəxsən, əyani tanıdım: Gördüm ki, həqiqətən də, bi­zim “aslanın erkəyi, dişisi olmaz” misalımıza uyğun bir çöl aslanıdır ki, var. Onun həyat amalında, yaradıcılığında nəyinsə xatirinə deyilən sözə yer yoxdur! Karalina məqsə­dinə doğru inamla addımlayan cəsur yolçu, zülmətin bağrını yararaq ətrafını aydınladan gur işıqdır. 

Bu xanım qürbət eldə yurdunu təmsil edən zərif, ötkəm bir çiçəkdir. Mən onu bü­tün xarakter və xüsusiyyətlərini bir cümlədə məhz belə ifadə edərdim: – “Qərbin bağrında Şərq çiçəyi”. 

Karalinanın bir şeirini XQ-nin oxucuları­na təqdim edirik: 

EY TANRISI ÜMİD

Şah damarımda qanım donar

Çirkaba batmış Yer üzünü gördükcə.

Mən neçənci yuxudayam, – deyirəm,

Hansı əsrin astanasındayam?

Sanki, Şərqin vadilərində

Qeyb olmuşdu ürəyim.

Səsim qaranlığa qərq olub

Mənə doğru axır…

Yadlaşmış gözlərimdə

Kipriklərimə toxunuram,

Amma çox çarəsizəm.

Ayaqlarım var-gəl etməkdən

Sürgün yollarındaymış kimi,

Yorğun düşüb…

Amma ki, mən əllərimi

uzadıb

Günəşə toxunacağam. 

Sevgilimin könlünü

Ovundurmaq üçün

Mahnılar oxuyacağam...

Təqdim etdi:
Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru

Mədəniyyət