Zülfüqar Hacıbəyov – 140
Üzeyir Hacıbəylinin bəstəkar qardaşı
Görkəmli bəstəkar, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov milli mədəniyyət tariximizdə məxsusi yer tutan sənətkarlardandır.
Onun adı çəkiləndə öncə müəllifi olduğu ilk Azərbaycan operettası – “50 yaşında cavan” əsəri yada düşür. Bu əsər milli teatr səhnəmizdə komediya janrının ilk nümunəsidir. Sadə və əyləncəli məzmuna malik olan operettanın mətnini də, musiqisini də Zülfüqar Hacıbəyov yazıb. Əsər ilk dəfə Tiflisdə, sonra Bakı, Naxçıvan, İrəvan və Şuşada göstərilib. Zülfüqar Hacıbəyovun “11 yaşlı arvad” və “Evliykən subay” komediyaları da var.
Şuşa doğumlu musiqi korifeylərindən olan Zülfüqar Əbdülhüseyn bəy oğlu Hacıbəyov hələ uşaq ikən incəsənətə maraq göstərib, istedadı ilə diqqət çəkib. Atası Xurşudbanu Natəvanın yanında mirzə işlədiyi üçün Zülfüqarın həm Xan qızı ilə görüşmək, həm də gözəl səs sahiblərinin ifalarını dinləmək imkanı olub və o, musiqi sənətinə ömürlük könül verib. Atasının vəfatından sonra 5 uşaqlı ailənin qayğıları böyük oğul olan Zülfüqarın üzərinə düşüb, erkən yaşlarından şəhər Duması və Qəza idarəsində kargüzar, Əkinçilik idarəsində müvəkkil işləyib. Amma məmurluğu onun sənətə olan sevgisini üstələyə bilməyib. Tar alətini heç vaxt əlindən yerə qoymayıb. Gələcək bəstəkar musiqi biliklərini Azərbaycan xalq mahnılarından öyrənib. Məhz xalq musiqisi onun yaradıcılığının formalaşmasında əsas amil idi.
Librettosu kiçik qardaşı – dahi Üzeyir Hacıbəyliyə aid olan “Aşıq Qərib” operası ilə Zülfüqar Hacıbəyov Azərbaycan bəstəkarlıq məktəbinə yeni bir cərəyan gətirib. Onun “Nüşabə” və “Üç aşiq və ya Məlikməmməd” (səhnələşdirilməyib) operaları da qeyd edilməlidir. Ümumiyyətlə, klassik musiqimizin formalaşmasında Zülfüqar Hacıbəyovun rolu böyükdür. “Kölə qadınların rəqsi” adlı simfonik pyesi, bir sıra kantataları ustalıqla yaradıb. Ötən əsrin ilk rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır.
Qardaşları Üzeyir və Ceyhun Hacıbəylilərin incəsənətdə formalaşmasında Zülfüqarın böyük rolu olub. Çoxlarının bilmədiyi bir fakt da budur ki, 1911-ci ildə Zülfüqar bəy qardaşı Üzeyir bəylə birlikdə operetta artistləri truppası yaradıb. O dövrün bir sıra məşhur sənətçiləri truppanın tərkibinə daxil olub, Bakıda və Qafqazın başqa şəhərlərində tamaşalar göstəriblər. Truppanın qastrol səfərlərində repertuarı Üzeyir bəyin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyaları, Zülfüqar bəyin “Aşıq Qərib” operası, “Evliykən subay” musiqili komediyasından ibarət idi. Sonralar bu truppanın yerinə “Türk aktyorları ittifaqı” yaradılmışdır.
Tanınmış pedaqoq, ictimai xadim Cəmo bəy Cəbrayılbəyli xatirələrində yazırdı ki, 1915-ci ildə o və Zülfüqar bəy Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini açmaq məqsədilə Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyublar.
Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski də var. 1935-ci ildə oğlu – məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazıb. Son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.
Unudulmaz sənətkar 66 yaşında – 30 sentyabr 1950-ci ildə Bakıda vəfat edib. Bəstəkarın AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivində tamamlanmamış çoxlu librettolar, musiqi eskizləri var. Bunlar “Onda elə, indi belə”, “Yarış”, “Biçarə Xavər”, “Məşədi Xudu” operettaları, “Mən ağlaram, o gülər” komediyası, “Məlikməmməd”, “Nüşabə” operaları və s. əsərlər, eləcə də məqalələr və məktublardan ibarətdir. İnişil bu zəngin irs haqqında tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın “Zülfüqar bəy Hacıbəyovun arxivinin təsviri” adlı kitab çap olunub.
Ötən onilliklər bir daha sübut etdi ki, Zülfüqar Hacıbəyov yaddaşlarda yaşamaq və daim ehtiramla xatırlanmaq haqqı olan görkəmli şəxsiyyətlərdəndir.
Ə.DOSTƏLİ
XQ