Sankt-Peterburqda “Muzey və mədəni turizmin problemləri” mövzusunda dəyirmi masa keçirilib

post-img

4-5 aprel tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı muzeyində ənənəvi “Muzey və mədəni turizmin problemləri” mövzusunda XXII dəyirmi masa keçirilib. Dəyirmi masanın bu dəfəki müzakirəsi “Muzeydə turist: problem, yaxud  hədəf?” adı altında aparılıb. Tədbiri Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski açıb.

Dəyirmi masada Rusiya, İtaliya, İsrail, Tatarıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri ilə  yanaşı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini Doktorantura və elmi inkişaf  şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova təmsil edib. 

Tədbirdə Sevinc Heydərova  “Azərbaycan muzeyləri qonaqların gözü ilə” mövzusunda çıxış edərək, hər il ziyarətçi sayının durmadan artmasına səbəb olan turizm sektorunda muzeylərin xüsusi mövqeyini, onların ölkəmizin  zəngin tarixinin və mədəniyyətinin təbliğində müsbət nəticələri olduğunu bildirib. Eyni zamanda məruzəçi bu il Azərbaycanda muzey işi ilə bağlı ilk dəfə olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni İrs” forumunun əsas məqsədi ölkəmizdə mədəni qurumların, turizm sektorunun koordinasiyasında  və birgə fəaliyyətində əhəmiyyətini qeyd edib.

Dəyirmi masa çərçivəsində iki gün davam edən tədbir bu il də həm maraqlı məruzələri, həm də sonda nümayiş olunan  “Qotikdən Qoyaya” adlı A.S. Puşkin adına Dövlət Təsviri Sənət Muzeyinin kolleksiyasından sərgi ilə yadda qalıb. Sərgi Dövlət Ermitajının 12 sütunlu zalında nümayiş olunub.

Qabil YUSİFOĞLU
XQ



Mədəniyyət