Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin tələbələri üçün “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-publisistik irsi” mövzusunda seminar məşğələsi keçirilib.
Muzeyin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Töyrəxanım Hüseynova məruzəsində bu il anadan olmasının 140 illiyi qeyd olunan ədəbiyyatşünas, tərcüməçi, jurnalist, publisist və ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda, İran, Türkiyə, Almaniya, Fransa, Polşa və başqa ölkələrdə nəşr olunmuş kitab və məqalələri, məruzə və çıxışlarının Azərbaycan publisistikasının inkişafında böyük rol oynadığını qeyd edib. T.Hüseynova dinləyicilərin diqqətinə çatdırıb ki, M.Ə.Rəsulzadənin yaradıcılığının baş mövzusu Azərbaycan olmuşdur. O, bütün əsərlərində Azərbaycanın tarixini, siyasi coğrafiyasını, dilini, ədəbiyyatını, ədəbi-mədəni əlaqələrini, azadlıq eşqini, istiqlaliyyət əzmini tədqiq etmişdir.
XQ