Onların adına ilk dəfə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin illik hesabatında rast gəldik. Xocalı soyqırımı ilə bağlı tədbirlər sırasında Londonda yaşayan soydaşlarımızın faciə qurbanlarının xatirəsinə “Chiquilin de Bachin” əsərinin videoklipini təqdim etdikləri bildirilir və qeyd olunurdu ki, əsəri Səadət Fərziyeva (piano), Rasim Fərziyev (kamança) və Tereza Mostallino (kamança) ifa ediblər.
Maraqlanıb öyrəndik ki, hazırda London sakinləri olan Səadət və Rasim Fərziyevlər Sumqayıtda doğulub böyümüş cütlükdür. Onlar ilk olaraq gənclik şəhərindəki musiqi məktəblərini bitiriblər. Səadət xanım fortepiano, Rasim bəy isə kamança (eyni zamanda skripka) alətlərində ifa etməyi dərindən öyrəniblər. Tədricən sevgi dolu ifaları ilə ətrafa səs salıblar.
Səadət xanım bir müddət Sumqayıtdakı Bülbül adına 2 nömrəli İncəsənət Məktəbində pedaqoq, şöbə müdiri olub. Yetirmələri dövlət tədbirlərində və konsertlərdə uğurla çıxış ediblər. Rasim bəy də Azərbaycan musiqilərini, xarici bəstəkarların əsərlərini iki alətdə ifa edərək konsertlərdə, hətta xarici publikanın qarşısında layiqincə təqdim edib.
Səadət Fərziyeva özünü bəstəkarlıq sahəsində də sınayıb. Qoşduğu mahnıları ilk olaraq anasına oxuyub. Bu həvəsi qetdikcə artıb və musiqiçi öz mahnılarına mətnlər də yazmağa başlayıb. Dərs dediyi bağçada, musiqi məktəbində bunları balacalara həvəslə öyrədib. Mahnılarında vətən, ana, nənə-babaya sevgi və s. mövzular yer alıb. Müsabiqələrdə uğurlar qazanıb. Onun bəstəkarlıq yaradıcılığında uşaq mahnıları, fortepiano üçün pyeslər xüsusi yer tutur. Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə və başqaları Səadətin istedadını yüksək dəyərləndiriblər.
Səadət xanımın dedikləri: “Daim musiqi sədaları ilə nəfəs almışam. Evdə Azərbaycan xalq, bəstəkar mahnılarını eşidib sevə-sevə dinləmişəm. Anam bağça müdiri olsa da, musiqi vurğunu idi və bu, mənə də sirayət edib. Anamın həzin səslə oxuduğu nəğmələrin, danışdığı nağılların təsiridir ki, uşaq mahnılarına ruhən daha yaxınam”.
Düz 26 il əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) bitirən musiqiçi orada “Azərbaycanın Cənub bölgəsinin “Halay” rəqs mahnıları” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Rasimlə birlikdə Cənuba ekspedisiyasından sonra çap etdirdiyi “Halay kitabı”nda 70-ə yaxın əmək, toy və mərasim, sevgi və əzizləmə, beşik mahnıları və ağıları nota alıb. Səadət xanım 2011-ci ildən BMA-da böyük elmi işçi, daha sonra dosent kimi çalışıb, hazırda doktoranturada dəyərli mövzuda araşdırma işi aparır. Azərbaycan xalq mahnılarının səs və fortepiano üçün işlənməsi və Cənub bölgəsinə aid mahnıların sözlərinin ingilis dilinə tərcüməsi, sonradan kitabın İngiltərədə çap olunması da onun böyük uğurlardandır.
“Uşaq mahnıları-2013” müsabiqəsinin qalibi olması Səadət Fərziyevanın qarşısında yeni üfüqlər açıb. Həmin müsabiqədən sonra onun “Xoş gəlmisən, Novruzum”, ”Dostluq himni”, “Qaranguş” və s. mahnıları geniş yayılmağa başlayıb və uşaq xor kollektivlərinin repertuarına salınıb, bu günə qədər də bağçalarda, məktəblərdə həvəslə ifa olunur.
Fərziyevlər 2016-cı ildən Londonda yaşayıb-yaradırlar. İlk gündən orada bir çox uşaq tədbirlərində çıxış edərək özlərini peşəkar musiqiçi, yüksək səviyyəli müəllim kimi tanıdıblar. Hər çıxışdan sonra “Haradansınız?” sualına cavab olaraq “Azərbaycandanıq” deməkdən qürur duyurlar. Skripka, kamança, fortepiano, musiqi nəzəriyyəsi, vokal dərslərini təqdim edən bu cütlük şagirdlərini özlərinin maraqlı metodu ilə öyrədir və bu, onların imtahanlarda əla nəticələr əldə etməsinə səbəb olur. Müəllimlər bu uğurlara şaqirdlərdən və valideynlərdən az sevinmirlər.
Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdən sonra dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərinin sayı artıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Diasporla iş üzrə Dövlət Komitəsinin, diaspor fəaliyyəti ilə tanınan Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın təşkilatçılığı ilə Londonda “Qarabağ” məktəbinin yaradılması orada yaşayan azərbaycanlıları çox sevindirib. Məktəbdə Azərbaycan dili, tarixi, rəsm dərsləri ilə yanaşı, musiqi və xor dərsləri də öyrədilir.
“Qarabağ”ın musiqi rəhbərləri Səadət və Rasim Fərziyevlərdir. Amalları balaca soydaşlarımıza ana vətənlərini tanıtmaq, dillərini inkişaf etdirmək və milli varlıqlarını unutmağa qoymamaqdır. Məktəbdə oxuyan uşaqların arasında, təbii ki, valideynlərindən biri xarici millətdən olanlar da var. Sevindirici hal həmin valideynlərin də Azərbaycan mədəniyyətinə, dilinə maraqlarının artmasıdır. Səadət Fərziyeva özünün yaratdığı “Muzlogopedika” proqramı ilə millətindən asılı olmayaraq, ingilis dilli uşaqların azərbaycanca sözləri düzgün söyləməsinə yardım edir. Beləcə, balacalar dilimizi şeir və mahnılarla öyrənə bilirlər.
Çoxmillətli kollektivdə işləmək və uşaqlara dərs demək elə də asan deyil. Rasim Fərziyev isə skripka ilə yanaşı, Azərbaycanın milli aləti olan kamancanı valideyn və tələbələrinə böyük məhəbbətlə təqdim edib sevdirir. Baxdığımız videolentlərdən də gördük ki, xalq mahnılarımızın, rəqslərimizin, mahnıdan mahnıya keçidlərdə muğam hissələrinin ifası valideynləridə, uşaqları da valeh edir, onların bu alətlə yaxından tanış olmasına səbəb olur ki, bu da öz növbəsində Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq fürsətidir.
Fərziyevlər Böyük Britaniyada yurdumuzun təbliği üçün əllərindən gələni əsirgəmirlər. Zəfər, Novruz bayramı, Xocalı və s. mövzularla bağlı olan tədbirlərin çoxluğu onların əsl vətənpərvərliyinin göstəricisidir. Səadət xanım Azərbaycanın tanınmış bəstəkarlarının mahnıları ilə yanaşı, öz əsərlərini də uşaqlara öyrədir. Odur ki, hər kəs məktəbə canı-könüldən bağlıdır. Uşaqlar mahnıları sevərək öyrənir, valideynlərsə ev tapşırıqlarını yaxşı yerinə yetirmək üçün onlara sonsuz həvəslə kömək edirlər. Artıq məktəbin bir cox tələbəsi solo ifaçısı kimi yetişərək, konsertlərdə gözəl, canlı performansını təqdim etməyə başlayıb.
Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın dediyinə görə, Rasim müəllimin Londondakı yetirmələri arasında fiziki əngəlli – görmə qabiliyyəti olmayan bir uşaq da var. İngilis müəllimlər onu öyrətməyə həvəssiz olublar. Rasim müəllim isə uşaqdan himayəsini əsirgəməyib və o da yaşına görə mahir kamança ifaçısı kimi, çox ciddi imtahan qurumlarının sınağından bacarıqla keçib. Bu, pedaqoq soydaşımızın ictimai nüfuzunu daha da artırıb.
Söhbət zamanı Rasim Fərziyev belə bir vətənpərvərlik şüarını dilə gətirdi: “Bizim silahımız milli mədəniyyətimizdir! Ona görə də mədəniyyətimizi dünyaya tanıtmaq hər bir Azərbaycan vətəndaşının, xüsusilə də xaricdə yaşayan soydaşlarımızın ülvi borcudur!”
“Qarabaq” məktəbi şagirdlərinin illik yekun konsertində və “Heydər Əliyev – 100” tədbirində Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin, yerli ictimaiyyətin, soydaşlarımızın və ölkəmizə dost xalqların icma nümayəndələrinin qarşısında çıxışı xüsusilə xoş təəssürat yaradıb. “Qarabağ”lılar Xalq artisti Gülyanaq Məmmədova ilə rəngarəng proqram təqdim ediblər. Tədbirin musiqi təşkilatçısı Rasim Fərziyev olub. Gecədə ingilis və Azərbaycan dillərində canlı ifalarda səslənən “Dostluq himni” və vətənpətvərlik mahnıları bütün qonaqlara xoş təsir bağışlayıb. Uşaqların dili ilə müharibələrə yox deyilməsi, bütün dünyada yaşayan insanların sülhə çağrılması sürəkli alqışlara səbəb olub.
Həmsöhbətlərim peşəkar musiqiçi kimi yetişmələrinə, Londanda nüfuzlu xarici auditoriyada yüksələrək hörmət qazanmalarına görə Vətənə borclu olduqlarını dönə-dönə vurğuladılar. Dedilər ki, azərbaycanlı olmaları ilə fəxr edirlər və Vətənimizin, xalqımızın adını hər zaman ucaltmaq üçün bindan sonra da əllərindən gələni əsirgəməyəklər.
Əli NƏCƏFXANLI
XQ


