Bu il Böyük Kəsik stansiyasında fasiləsiz avtomatik lokomotiv işarəvermə sexinin bərpası nəzərdə tutulur. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarov məlumat verib.
İl ərzində infrastruktur sahəsində bir sıra işlərin planlaşdırıldığını bildirən qurum rəsmisinin dediyinə görə, ilk növbədə, Biləcəri çeşidləmə parkında başlamış əsaslı təmir işləri tamamlanmalıdır. Bundan əlavə, 4 yarımstansiya və 7 dartı yarımstansiyası əsaslı təmir olunmalıdır. 2024-cü ildə şəhərətrafı 20 kilometrlik yolun yenidən qurulması, Bakı–Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi və yenidən qurulması, Yalama stansiyasının təmiri və digər işlərin yerinə yetirilməsi nəzərdə tutulub.
E.Zülfüqarovun sözlərinə görə, hazırda Yalama stansiyada gün ərzində Rusiya Federasiyasından 10 cüt qatar qəbul edilərək göndərilir. Mövcud infrastrukturun genişləndirilməsi nəticəsində bu göstəricinin 12 cütə çatdırılması planlaşdırılır. İl ərzində, həmçinin 43 ədəd maşın mexanizm və xüsusi nəqliyyat vasitəsinin alınması nəzərdə tutulur.
XQ

