“Outlook Traveller” portalı Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidlə müsahibə dərc edib. Müsahibədə deyilir ki, Azərbaycanın son illərdə daha çox səyahətçilərin ziyarət etdiyi bir ölkə kimi diqqət mərkəzində olmasından danışan Florian Zenqstşmid ölkəmizin memarlığında həm Şərqlə, həm də Avropayla bağlı nüanslara rast gəlməyin mümkün olduğunu bildirib. Bu cür qarışıq və mədəni əlaqələr müxtəlif ölkələrdən olan səyahətçilərin diqqətini cəlb edir.
Sağlam və məsuliyyətli turizmi təşviq etmək üçün həyata keçirilən təşəbbüslərlə bağlı məlumat verən Baş icraçı direktor Azərbaycan Turizm Bürosunun bir neçə yerli məhsulu beynəlxalq siyahıya daxil etdiyini qeyd edib. Azərbaycanda nar, lavanda, alma festivallarının keçirildiyini vurğulayan Florian Zenqstşmid hər bir rayonun özünəməxsus məhsulu olduğunu, məsələn Gədəbəyin kartofunun, Qubanın almasının turistlər tərəfindən də sevildiyini bildirib.