Mifologiya – əcdadlarımızın düşüncə əlifbası

post-img

Yazıçı Kənan Hacının mətbuata təqdim etdiyi esseləri hər dəfə maraqla qarşılanır. Onun bədii mətnlərdə mistika mövzusunda qeydləri də diqqətçəkəndir. Mifologiyanı əcdadlarımızın “əlifba kitabı” hesab edən müəllifin bu barədə fikirlərini təqdim edirik: 

– Mistika mətni müəmma müstə­visinə çıxarır, sirr karusel kimi mətnin başına fırlanır. Görkəmli mifşünas Co­zef Kempbell “Mifin gücü” əsərində mi­fin mistik funksiyası haqqında maraqlı mülahizələr irəli sürür. Kempbell yazır ki, fərd mifin onun həyatına aid olan cəhətlərini tapmalıdır. Bunun üçün isə insanın öz içinə səyahətə çıxması, öz içində arxeoloji qazıntı aparması lazım gəlir. 

İnsan həyatının sirli tərəfləri, mistik məqamları bir az da məstedici, estetik görünə bilər. Mistikada bir həyəcan­lanma məqamı var; bədii mətnə mistik elementlər qatanda onun dadı-duzu artmaqla bərabər, əsərin məna və məz­mun qatı da dərinləşir. Mif bu məqamda yaranır. Bəşəri hadisə olan mifin bü­növrəsi insan şüurunun oyanışı zamanı qoyulub. Arxetiplərin dünya ilə tanışlığı mifin yaranma çağlarıdır. 

Hər bir fərd öz həyatında mifik ele­mentlər axtarıb “tapır”, yaxud həyatını mifik ünsürlərlə bəzəyir. Hansısa ha­disəyə mistik don geyindirmək insanın əzəli-əbədi meylidir. İnsan bununla öz ömrünə məna qatır və bu mifik təsəv­vürlər onu gücləndirir. Bu “özünüaldat­ma”lar insanın əbədiyyət arzusunun simptomlarıdır. Yaradıcı insanların, xü­susən yazıçıların xoşbəxtliyi ondadır ki, bu prosesi bədii mətnə çevirirlər. 

Bədii mətndə mifik zamanla real zaman arasındakı məsafə əslində mifo­logiyanın yazıyaqədərki və sonrakı ta­leyini əks etdirir. Tale ilə mif hər zaman qoşa addımlayıb, onlar sanki bir-biri­ni qidalandırıblar. Füzulinin Məcnunu mifdir, ya real qəhrəmandır? Şekspirin Hamleti necə? Bəs Hötenin Faustu? Folknerin mürəkkəb xarakterli Kristma­sı miflə gerçək aləm arasında vurnuxan obraz deyilmi? Bu siyahını istənilən qə­dər uzatmaq mümkündür. Mifologiya ədəbiyyatın daim qidalandığı münbit torpaqdır. Əsrlər keçir, o, heç zaman gücünü itirmir. Mifin sinergetik xüsusiy­yəti budur. 

Dünya nəsrində mifologiyadan us­talıqla bəhrələnmiş yazıçılar sırasında Ceyms Coysun, Borxesin, Kortasarın və digərlərinin adlarını çəkmək olar. Təbii, mifin ana qaynağı təbiətdir, mif əslində təbiət hadisələrinin öyrənilməsi nəticəsində yaranıb. Təbiət haqqında təsəvvürlər mifologiyada ümumiləşdiri­lirdi. Bu mənada mifologiya əcdadları­mızın “əlifba kitabı” hesab edilə bilər. 

Çağdaş dilimizdə olan yüzlərcə lek­sik vahidin mifoloji anlamı, semantik dəyəri olması da təbiidir. Ezoterik mif dili hər kəsin anlaya biləcəyi asan bir dil deyil. Qədim kitabələrdə, xalçalarda əksini tapan mifoloji elementlər konk­ret və abstrakt təfəkkürün ifadəsidir. Miflərin semantikası, strukturu onların araşdırma bucaqlarıdır. Dünyaca məş­hur mifoloq Y.Qolosovker “Mifin mən­tiqi” əsərində yazır ki, mifoloji təfəkkür haradasa bilginin antipodu kimi qavra­nılan, təxəyyülün, diksinmiş və diksin­dirən fantaziyanın hakimiyyəti altında olan düşüncədir. Həqiqətən də, dün­yanın modelləşdirilməsində mifik ie­rarxiya mühüm əhəmiyyət daşıyır. Mif ümumən bütöv bir mədəniyyətin ifa­dəsi və göstəricisidir. Miflər informatik kodu itirilmiş mətnlərin ornamenti kimi təkrar-təkrar sonrakı mətnlərə qayıdır və beləliklə öz varlığını hər dəfə xatır­ladır. 

Mifdən yaranıb mifə doğru istiqamət alan insan təfəkkürünün məhsulu olan müqəddəs yalanlar həqiqəti tapmağa və onu anlamağa xidmət edir. Homerin “İliada” və “Odisseya”sı da bu istiqamə­tin başlanğıc mətnləridir. Bu mətnlər miflərin epos modelində bəşəriyyətə təqdim olunması idi. Homer Pandora qutusunun ağzını açıb bütün sirləri faş etdi. Əsrlərdir, o sirlər mətndən mətnə keçərək, müasir nəsrə qədər gəlib çıxıb. 

Sirlər bitmir, tükənmir... Bu, mifin əbədiyaşarlığının göstəricisidir. Nə qə­dər insan var, mif də həyatımızı nağıllar kimi bəzəyəcək. 

XQ

Mədəniyyət