Milli teatrın Sumqayıt səhnəsi

post-img

Sənət ocağının ilk tamaşasından 55 il keçir

Sumqayıt Dövlət Musiqili Dram Teatrı 1968-ci ildə təsis edilib. Bir il sonra, martın 14-də teatr səhnə həyatına Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" pyesi ilə başlayıb.

O zaman bu sətirlərin müəllifi də rejis­sor Cənnət Səlimovanın quruluş verdiyi ilk tamaşanın seyrçilərindən olub. Ondan bir gün sonra isə gənc teatr tamaşaçıla­rını daha bir premyera ilə – ingilis drama­turqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomedi­yası ilə sevindirib. 

Məktəbdən abonement (illik bilet) alıb həmin tamaşalara baxmağa get­mişdik. Teatrın işıqları göz qamaşdırırdı. Bu, sirli-sehirli bir aləmin işığı idi. Sənət, mədəniyyət şəfəqi idi. O çağadək belə mənzərəni yalnız televizor ekranından görmüşdük. Sanırdıq ki, televizorun içinə girmişik. Ümumiyyətlə, sumqayıtlı sənət­sevərlər Səməd Vurğun adına mədəniy­yət sarayında məskunlaşan teatrın hər tamaşasını əsl bayram kimi qarşılayırdı­lar. Sözün əsl mənasında anşlaq olurdu. 

İlbəil teatrın repertuarı zənginləşib, klassik və müasir Azərbaycan və xarici ölkə dramaturqlarının pyesləri uğurla oy­nanılıb. Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”, Mixail Lermontovun “Mas­karad”, İsidor Ştokun “İlahi komediya”sı və s. hələ də Sumqayıt tamaşaçılarının yadındadır. 

Yaranmasından bir neçə il sonra Sumqayıtın sənət məbədinə Mədəniy­yət Nazirliyinin qərarı ilə teatra “Dövlət Dram Teatrı” statusu verilib. Burada Xalq artistləri Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibə­yov çalışıblar. Teatrın yetirmələri Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Kazım Abdullayev, Məzahir Süleymanov, Ağalar İdrisoğlu tanınmış incəsənət xadimləridir.

Sumqayıt teatrının səhnəsində oyna­nılan “Arvadımın əri” və “Elbrus evlənir” (Georgi Xuqayev), “Müsibəti Fəxrəddin” (Nəcəf bəy Vəzirov), “Solğun çiçəklər” (Cəfər Cabbarlı), “Toy” (Sabit Rəhman), “Tribunal” (Andrey Makayonak), “Afət” (Hüseyn Cavid) “Bütün Şərq bilsin” (Nə­riman Həsənzadə) və sair tamaşalar hər kəsə unudulmaz təsir bağışlayıb. 1981-ci ildə Moskvada keçirilən Ümumittifaq teatr festivalında “Bütün Şərq bilsin” (rejissor Mərahim Fərzəlibəyov) əsərinin tamaşa­sı ilə çıxış edən Sumqayıt teatrı II dərə­cəli, N.Nərimanovun obrazını yaradan Xalq artisti Məlik Dadaşov isə I dərəcəli diploma layiq görülmüşdü. O vaxtlar res­publika rəhbəri, Ulu öndər Heydər Əliyev bu tamaşaya baxdıqdan sonra səhnəyə qalxaraq, teatr sənətinin dərin bilicisi kimi tamaşa haqqında müsbət fikirlərini söy­lədi, kollektivi və pyesin müəllifini təbrik etdi.

Yeri gəlmişkən, Sumqayıt teatrının kollektivi 2005-ci ildə Ümummilli liderin həyatı və siyasi fəaliyyətinə həsr olun­muş “Xilaskar” (Aqşin Babayev) əsərini də uğurla tamaşaya qoyub. Qeyd etmək lazımdır ki, unudulmaz dahi şəxsiyyətin bədii obrazı Azərbaycan teatr tarixində ilk dəfə məhz Sumqayıt teatrının səhnəsin­də canlandırılıb. Əməkdar artist Namis Şirməmmədov həmin obrazı böyük mə­harətlə yaradıb.

İlk onilliklərdə biri-birinin ardınca bu teatra işləməyə gələn müqtədir sənət­karlar gənc aktyorlara səhnə sirlərini öyrətməklə yanaşı, sanballı tamaşaların hazırlanmasında əllərindən gələni əsir­gəməyiblər. Sumqayıt teatrında aktyor potensialı həmişə güclü olub. Oynadıq­ları maraqlı obrazlarıyla yaddaşlarda iz buraxmış mərhum aktyorlar Hacı Xəlilov, Həsənqara, Kamil Məhərrəmov, Xanlar Muradov, Gülsolmaz Qafarova, Məmməd Ələkbərov, Habil Nəsirov, Şahmar Qərib­li, Vaqif Rəsulov teatrın tarixinin parlaq səhifələrini yazıblar. Mərhum rejissor Rövşən Almuradlı burada gözəl tamaşa­lar hazırlayıb. Həmçinin adlı-sanlı aktyor­lar Valeh Kərimov, Afaq Bəşirqızı, Hacı İsmayılov, Ramiz Novruzov, Kübrabəyim Əliyeva, Əli Nur, Əjdər Həmidov, Sabir Məmmədov, Nahidə Orucova, Bahar Ab­dullayeva, Vaqif Əliyev, Tofiq Bayramov, Kazım Abdullayev, Məzahir Süleymanov, Nadir Xasıyev və başqaları Sumqayıt teatrının ulduzları olublar. Əksəriyyətini şəxsən tanımağımla qürur duyuram.

Teatrın ilk baş rejissoru Nəsir Sadıq­zadə olub. İndiki baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissor­lar – Əməkdar artist Namis Şirməmmə­dov, Əməkdar mədəniyyət işçisi Vasif Məmmədov və digərləri bütün varlıqları ilə bu sənət ocağına bağlı olmaqla, bir-bi­rindən gözəl tamaşalar hazırlayırlar. Firu­din Məhərrəmov 37 ildir ki, burada işləyir. Məzun kimi diplom işini bu teatrda sər­giləyib. Əsrimizin əvvəllərindən doğma kollektivdə rejissura başqanıdır. Deyir ki, yaradıcılığının ən uğurlu illəri məhz bu te­atrla bağlıdır və burada hazırlanan bütün tamaşalar onun üçün doğmadır. Dostum Namis Şirməmmədov həm aktyor, həm də quruluşçu rejissor kimi bir sıra uğurlu tamaşalara imza atıb. Vasif Məmmədov isə əsasən uşaq tamaşaları üzrə ixtisas­laşıb, fantaziyaları ilə seçilir. 

Dostlarım Əşrəf Veysəlli, Ağalar İdri­soğlu, İslam Həsənov, Mübariz Həmidov müxtəlif vaxtlarda bu teatrın rəhbərliyin­də çalışıblar. Hazırda Sumqayıt teatrına rəhbərlik etmək gənclik şəhərinin daha bir yetirməsi Samir Şəfiyevə həvalə olu­nub. İnanırıq ki, bu seçim də özünü tez­liklə doğruldacaq. 

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il öncə Sumqayıta səfəri çərçi­vəsində əsaslı təmir edilərək yenidən qu­rulan Sumqayıt Dövlət Dram Teatrına da baş çəkib. Bu gün hər cür şəraiti olan te­atrda sələflərinin yolunu layiqincə davam etdirən yaşlı, orta və gənc nəsil aktyorlar əsl fədailər kimi çalışırlar. Növrəstə Ha­şımova, Cəlal Məmmədov, İlahə Səfəro­va, Sədaqət Nuriyeva, Ulduzə Nəsirova, Mövsüm Hüseynov, İzaməddin Bağırov, Xatirə Süleymanova, Rauf Ağakişiyev, Vaqif Səmədzadə, Habil Xanlarov, Oqtay Mehdiyev, Dağlar Rüstəmov, Yalçın Səli­mov və başqaları bu sıradandır.

Bir neçə gün əvvəl ölkəmizdə yüksək səviyyədə qeyd olunan Milli Teatr Günün­də Sumqayıt Dövlət Dram Teatrı daha bir fərəhli uğurlara imza atıb.

Akademik Milli Dram Teatrında düzənlənən teatr bayramında yaradıcı kollektiv daha bir sevinc hissi yaşayıb – ona Milli Teatr mükafatı verilib. Teat­rının baş rejissoru Firudin Məhərrəmov “Sənətkar” medalına layiq görüldü.

Əməkdar artist Növrəstə Həşimova “Qızılgül”, gənc rejissor Ümid Abbas Ni­hani “Ümi” mükafatı ilə təltif edilib. Ha­belə, yubileylərinə və milli teatr sənətinin inkişafındakı səmərəli xidmətlərinə görə kollektivin daha 2 üzvünə – Xalq artisti Məzahir Süleymanov və Əjdər Zeynalo­va ATXİ-nin Fəxri Fərmanları verilib.

Hazırda Sumqayıt teatrı doğma şəhərin payızda qeyd olunacaq 75 illik yubileyinə hazırlaşır. Bu münasibətlə Əli Əmirlinin “Sevgilim Sumqayıt” pyesi əsasında Firudin Məhərrəmovun qurulu­şunda yenidən səhnələşdirilib. Dünən ilk tamaşa uğurla göstərilib. 

Sumqayıt teatrının yaradıcı kollekti­vinə daha böyük uğurlar arzusu ilə teatrın bədii şurasının üzvü: 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət