Məmməd İsmayılı məhz oralarda axtarmaq olar
Əsrik Cırdaxanda son 45–50 ildə dəfələrlə yuva qurub bala uçurmuş bir ağacdələn hansısa taxta qapını döyür, Məmməd əmi... Bilmirəm, eşidirsənmi, ya, xəbərin varmı? Məndən cəmi 12 yaş böyük olsan da, sənə əmi deməkdən çəkinmədim.
Bilmirəm, səni qocaltdığıma görə qınadınmı? Mənim minlərlə yaşıdım üz qabığında “Gənclik” yazılmış bir dərginin (jurnalın) nostaljisini yaşayır. Özüm də o jurnalı daha bir dəfə oxumaq arzusundayam. Hanı, harada oxuyacağam? İndi kim elə bir toplunu ərsəyə gətirə bilər ki? Təxminən, 10–15 il əvvəl Barat Vüsal yazmışdı ki, Məmməd İsmayıl ovaxtkı gəncliyin gözündə əfsanələşmiş şair idi.
Xatirələrimdən birinə sənin misralarını sərlövhə seçmişdim: “Nə yaxşı ki, indi çoxu anadır, dünən bizi qoyub qaçan qızların”. Kimsə qınamışdı ki, özəl xatirələrini yada salmaq üçün öz sözün yoxdurmu? Elə “adamqınayanları” bizdən yaxşı sən tanıyırsan. Qardaş ölkə olsa da, Tovuzun yerini verməyən Türkiyədən paylaşdığın bir fotonu görəndə unudulmuş limanlar haqqında yazdığın şeirin bir misrasını xatırlamışdım: “Ümidləri kül olub saqqalında, saçında...” Qoy, yenə də qınasınlar. O da onların həyat tərzidir: “Dərələr dağlara yalvarar hərdən, nə olar məni də zirvənə çıxar...”
Yadımdadır, sən Dövlət Teleradio Şirkətinin sədri olanda hansısa rəssam bir dostluq şarjı yaratmışdı. Qrafika üsulu ilə çəkilmiş şarjda sən teleqülləni saz kimi bağrına basaraq hansısa aşıq havasını səsləndirirdin. Türkiyədən göndərdiyin son şeirləri oxuyanda isə elə bildim ki, sinəndəki teleqüllə yox, Azərbaycan xəritəsidir. Şeirlərinin biri “Ruhani” üstündədir (bəlkə ona görə ruhun zirvəsindəsən), biri “Sarıtel”, başqa biri isə “Dilqəmi”.
Hər halda, bütün bunlar indi dəbdə olan mədhnamələrdən deyil, sadə bir vəsfnamədir. Bu sətirlər sevdiyim bir şairin yaradıcılığını, özünəməxsus cizgilərini, mühüm dövlət vəzifəsi daşıdığı illərdə belə məmur olmağı bacarmadığını vəsf etmək cəhdidir.
Mənim dövlət radiosuna işə qəbulum barədə əmrimi şirkət sədri Məmməd İsmayıl vermişdi. Elə “Son xəbərlər” şöbəsinin müdiri vəzifəsinə təyin olunmaq əmrimi də o imzalamışdı. O vaxt hər gün şöbə müdirlərindən biri axşam saat 18-dən 22-dək sədrin qəbul otağında növbətçilik edirdi. Mən növbətçi olduğum günlərdə rəhmətlik aşıq Aydın Çobanoğlu, şair Kələntər Kələntərli, Musa Yaqub və daha bir neçə qələm adamı axşam saat 8-dən sonra sədrin qəbuluna gəlmişdilər. Deyirdilər ki, sədr bu növbətçilik qaydasını qadınların axşam işdə qalmaması üçün müəyyən edib.
Qərəz, ilk növbətçiliyim başlananda sədr öz otağında yox idi. Saat 8-də gəldi. Salam verdi və soruşdu:
– Kimi gözləyirsiniz?
– Heç kimi, növbətçiyəm.
Otağının qapısını aça-aça soruşdu:
– Şöbə müdirisiniz?
– Bəli.
– Adınız necədir?
– İttifaq Mirzəbəyli.
Mənə yaxınlaşaraq, bir daha salamlaşdı, əl verib görüşdü:
– Bağışlayın. Tanımağım yaxşı oldu. Sizin verilişləriniz məni qane edir.
Teleşirkət sədrinin tanımadığı adi işçidən (mən bilən, o zaman şirkətin 3 minə qədər əməkdaşı var idi) üzr isəməsi, qapıdan qayıdaraq onunla səmimi görüşməsi mənə qəribə gəlmişdi. Sonralar eşitdim ki, Məmməd İsmayılda belə “qəribəliklər” çoxdur.
Həmin “qəribəliklər”indən biri də köhnə tanışlarını daim arayıb axtarması idi. “Xalq qəzeti”nin şöbə müdiri Telman Heydərovla da çoxdan tanışlığı var imiş. Sədrliyindən çox sonra (onda mən artıq “Xalq qəzeti”ndə çalışırdım) yol keçərkən, sadəcə, Telman müəllimlə söhbət eləmək üçün redaksiyamıza gəlmişdi. Olduqca səmimi söhbət edirdilər. Qısa müddətdə mən əmimə, dayıma xidmət edirmiş kimi çay hazırladım.
– Mən sizi Tovuzdanmı tanıyıram, yoxsa Gənc Yazıçıların Ədəbi Birliyindən? – deyə soruşdu. Dedim, teleşirkətdə məni işə götürmüşdünüz. Bir daha üzr istədi.
Başqa bir vaxt isə dənizkənarı parkda üz-üzə gəldik. “Onsuz da tanımayacaq” düşüncəsi ilə salam verib ötmək istədim. Gülümsünərək soruşdu:
– Yenə “Xalq qəzeti”ndəsənmi?
Yaddaşına qüvvət, Məmməd əmi!
Bu sətirləri sənin ən çox sevdiyim bir şeirinin misraları ilə yekunlaşdırıram:
Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Yaxşı ki, varsan. Sənə cansağlığı arzulayırıq.
P.S. Məmməd İsmayılın ailəsindən redaksiyamıza bildirdilər ki, şairin müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist