Lənkəran Teatrı Bakıda

post-img

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının “Qonaq” teatr layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı Bakıda uğurla çıxış edib.

Yaradıcı kollektiv Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesini “The Müqəssir” adı ilə yeni quruluşda tamaşaya qoydu. Səhnə əsərinin quruluşçu rejssoru Abdulla Elşadlıdır. Əsər Adəmlə Həvvanın cənnətdən qovulması mövzusunu əhatə edir. 

Əsərin qəhrmanları – xidmətçilər Mahmud (Saleh Əzimzadə) və Bahar (Vəfa Hacızadə) cənnətdən qovulmağın acısını çəkən insan­lardır. Mahmud odunçu kimi işləməkdən yorulub cənnət axtarışına çıxır. Ancaq bu axtarış həm də nadan düşüncəni təqdim edir. Bal­tası ilə xanımı Baharın qabırğalarını sındırmaq istəyir və onun ulu nənəsi Həvvanı yamanlayır. Bahar da eynilə təqsiri Adəm övladında görür. Tamaşada bu günah axtarışı hər iki qəhrəmanın vəsvəsəsi ilə müşayiət olunur. Onların heç biri özündə təqsir görmək istəmir. Mahmud da, Bahar da, əslində, özlərini tapmayan insanlardır. Onla­ra sahibləri Qasım bəy (Qabil Quliyev) kömək etmək istəyir və onla­rı sınağa çəkir və cah-cəlal vəd edir. Ancaq bir şərtlə ki, evdəki qaba toxunulmasın. Təəssüf ki, nəfsinə güc gələ bilməyən Bahar qaba toxunur və cənnət arzusu quş kimi uçub gedir. Qasım bəy vədə əməl olunmadığını bildikdən sonra onlara xitabətən: “Siz cənnətdə layiq deyilsiniz”, – deyir. Tamaşanın sonunda “Həvvanın paltarları satılır” mesajının verilməsi ibrətamizdir. Bu detalla klassik əsər bir növ günümüzə proyeksiya olunur… 

Tamaşadan sonra Teatr Xadimləri İttifaqının sədr əvəzi, Xalq artisti Hacı İsmayılov rejissor Abdulla Elşadlıya pyesin yeni uğurlu həllinə görə mükafat təqdim etdi. 

Ceyhun MİRZƏLİ

Mədəniyyət