Bir əsrlik tarixi olan qəzet

post-img

“Qələbə” – 100

Bölgə mediasının “ağsaqqal”larından sayılan Salyanın “Qələbə” qəzeti bölgənin ictimai-siyasi və mədəni həyatında mühüm rolu olan mətbu orqandır. İlk nömrəsi tarixi sənəd kimi Əli bəy Hüseynzadə adına Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunan qəzet 1924-cü il fevral ayının 21-də “Qırmızı Muğan” – “Krasnıy Muqan” adı ilə Azərbaycan və rus dillərində nəşrə başlamışdır.

Salyan Qəza Partiya və İcraiyyə komitələ­rinin orqanı kimi, qəzet uzun illər insanların yeganə informasiya mənbəyi olmaqla bərabər, bölgənin ictimai-siyasi salnaməsini yarada bil­mişdir. Yüz il əvvəl qəza mərkəzi olan Salyanda gedən proseslər haqqında məlumatları özünün saralmış səhifələrində bu gün də yaşadan bu orqan zaman-zaman tarixi proseslərdə ideoloji tribuna olmuş, kollektiv təbliğatçı, təşviqatçı və təşkilatçı rolunu oynamışdır.

Yubilyar qəzet müxtəlif dövrlərdə ayrı-ayrı adlarla fəaliyyətini davam etdirmişdir. 1930-cu ildən 1960-cı ilə kimi “Sosializm yolu”, 1962–1965-ci illərdə “Məhsul”, 1965–1992-ci illərdə “Qələbə”, 1992–1993-cü illərdə “Günaydın” ad­lanıb. 1994-cü ilin yanvar ayından isə yenidən “Qələbə” adı ilə nəşr edilir. İndiyədək qəzetin 8 min 700-dən çox sayı işıq üzü görmüşdür.

İlk redaktoru Andrey Novaxatski olan qə­zetimizin bir əsrlik fəaliyyəti ərzində ona 11 redaktor rəhbərlik etmişdir. Tağı Məmmədov, Şirinbala Süleymanov, Əfsərağa Məmmədov, Sahib Səfərov, Mahmud Ağalarov, Məhəmməd Xəlilbəyli, Akif Quliyev, Fərqanə Cəbrayılova qəzetin redaktoru olduqları dövrlərdə regionda mətbu orqanın dövrün tələbləri səviyyəsində fəaliyyəti üçün böyük əmək sərf etmişlər. Ar­tıq 20 ilə yaxındır ki, “Qələbə”yə bu sətirlərin müəllifi rəhbərlik edir.

Qəzetimiz bütün dövrlərdə zamanın ayna­sına çevrilmiş, cəmiyyətin həyatında baş verən yenilikləri, mütərəqqi hadisələri işıqlandırmış, nöqsanlara qarşı prinsipial mövqe bildirmiş, qabaqcıl təcrübələrin təbliğatçısı olmuşdur. Bölgəmizin tanınmış elm və sənət adamları, zi­yalıları, yazıçıları ilk qələm nümunələrini məhz "Qələbə" qəzetində çap etdirmişlər. Bu gün adı xüsusi hörmətlə çəkilən, respublikamızın ədə­bi, ictimai-siyasi həyatında xidmətləri olmuş “İstiqlal” ordenli Xalq şairi Xəlil Rza Ulutürk, Əməkdar incəsənət xadimi Əliağa Kürçaylı, Əməkdar müəllim, şair Oqtay Rza, Əməkdar mədəniyyət işçiləri – aşıq Pənah Pənahov və Əliqismət Lalayev, Azərbaycan Yazıçılar Birliyi­nin üzvləri Ağacavad Əlizadə, İmamverdi Əbi­lov və onlarca digər ziyalımızın ictimai mühitə, ədəbiyyat və poeziyaya gedən yolu məhz bi­zim rayon qəzetindən başlamışdır.

“Qələbə” qəzeti respublikamızda tanınmış çoxlu sayda jurnalist kadrlarının yetişməsində mühüm rol oynayıb. Jurnalistlərdən Vaqif Əli­yev, Əlövsət Bəşirov, Səxavət Qarayev, Səfər Səfərov, Ziyafət Babayev, Rəhim Hüseynzadə, Qulam Sadiq, Tofiq Kərim, Seyran Cavadov, Fərman Əliyev, Eldar Əliyev, Akif Bayramoğlu, Fazil Qəhrəmanov, Fəxrəddin Fərzəliyev,Təy­yar Nəsirli və başqaları regionda sözün ilk mə­bədi olan doğma qəzetdən xeyir-dua almışlar.

Qəzetin fəaliyyətinin 35 ili məhz Ümummilli liderimiz Heydər Əliyev kimi nəhəng şəxsiyyə­tin fəaliyyəti, onun qurub-yaratdığı Azərbayca­nın tərəqqisinin təbliği ilə, doğma respublika­mızın bir parçası olan Salyanın mədəni-ictimai və siyasi həyatının salnaməsinin yaradılması ilə bağlı olmuşdur. Ona görə də tarixi yubileyini qeyd etməyə hazırlaşdığımız “Qələbə” qəze­tinin həyatında yaddaqalan hadisələr, tarixi günlər çoxdur. Sözsüz ki, onların ən şərəflisi də ulu öndərin Salyana səfərlərinin işıqlan­dırılması, bu mühüm tarixi hadisələrin rayon səviyyəsində salnaməsinin yaradılmasıdır. 

Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi illər ərzində 5 dəfə Salyanda olmuş, rayonun sosial-iqtisadi inkişafına dair bir çox mühüm sənədlər, qərarlar, sərəncamlar im­zalamışdır. Salyanlılar qürurla xatırlayırlar ki, 1969-cu ilin tarixi iyul plenumunda Azərbay­canın rəhbəri seçilən Heydər Əliyevin dövlət başçısı kimi ilk dəfə səfər etdiyi rayon Salyan olmuşdur. Həmin tarixi günlər həm salyanlıla­rın, həm qəzetin və əməkdaşların həyatında silinməz izlər buraxmışdır. “Qələbə” qəzetinin əməkdaşları o tarixi günlərdə dahi rəhbərlə birlikdə olmuş, redaksiyanın tapşırıqlarını ye­rinə yetirmişlər.

Ulu öndər Heydər Əliyevin layiqli davam­çısı, Prezident İlham Əliyevin də rayonumuza səfərləri, ictimaiyyət nümayəndələri ilə gö­rüşləri, rayonun sosial-iqtisadi inkişafı barədə sərəncamları salyanlılarda həmişə yüksək əh­val-ruhiyyə, qurub-yaratmaq əzmi yaratmışdır. Son illər rayonda aparılan genişmiqyaslı abad­lıq və quruculuq işləri, həyata keçirilən dövlət layihələri qəzet əməkdaşlarına çox maraqlı və rəngarəng mövzular vermişdir.

Təbii ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük qələbəmiz, şəhidlərimi­zin qəhrəmanlığı, qazilərimizin hünəri qəze­timizin son dövr fəaliyyətində əsas yer tutur. Azərbaycanın ərazi bütövlüyünün təmin edil­məsində 70 nəfərə yaxın şəhidi, onlarla qazi­si olan, beş oğlunun Vətən Müharibəsi Qəh­rəmanı adına, yüzlərlə hərbi qulluqçusunun yüksək orden və medallara layiq görülməsi vətənpərvərlik ruhunda yazılar hazırlayan qə­zet əməkdaşlarımız üçün daimi mövzulardır. 

“Qələbə” respublikamızın ictimai-siyasi hə­yatında yaxından iştirak edir. Qəzet 2007-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvüdür. Şuranın qurultaylarında, regional tədbirlərində və müxtəlif yaradıcılıq müsabiqələrində yaxın­dan iştirak edir.

Qəzetimiz Salyan Rayon İcra Hakimiyyəti­nin aparatının diqqət və qayğısını həmişə hiss edir. 22 İyul Milli Mətbuat Günü, jurnalistlərin, ziyalıların yubileyləri bir qayda olaraq yüksək səviyyədə qeyd olunur. RİH başçısı Sevindik Hətəmovun qəzetin fəaliyyətinə, onun əmək­daşlarına göstərdiyi qayğıkeş münasibət hər birimizə daha fəal və məhsuldar çalışmaq, qə­zeti yaşatmaq üçün stimul verir.

“Qələbə” qəzetinin kollektivi texniki dəstək, abunə, çap və digər qayğıları ilə bərabər, 100 illik fəaliyyətinə yüksək əhval-ruhiyyə ilə başa vurur və yeni onillikləri də fəth etmək əzmin­dədir. 

Rüstəm MƏLİKOV,
“Qələbə” qəzetinin baş redaktoru, “Tərəqqi” medallı, Ali Media Mükafatı laureatı

Mədəniyyət