21 fevral Beynəlxalq Ana Dili Günüdür
Düz 25 il əvvəl – 1999-cu ilin noyabrında UNESCO-nun Baş konfransının 30-cu sessiyasında təsis olunmuş Beynəlxalq Ana Dili Günü dünyada dil və mədəniyyət rəngarəngliyinin qorunub saxlanmasına xidmət edir. Hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitə olan dil hətta torpağı ikiyə bölünən millətlərin belə bölünməz sərvəti sayılır. Beynəlxalq səviyyədə dil məsələsinə önəm verilməsi təqdirəlayiq haldır.
Dövlətimiz müstəqillik qazandıqdan sonra ana dilimizin qorunması və inkişafı məsələsi daim diqqətdə olub. Bu baxımdan ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı xüsusi önəm daşıyır. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” adlanan bu sənədlə 2002-ci ildən başlayaraq, hər il avqust ayının 1-də respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilir. Ölkə başçımız İlham Əliyev də dilimizin qorunması və inkişafına dair xüsusi sərəncam imzalamışdır. 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” adlı sərəncamında deyilir: ”Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.
Məşhur ingilis dilçisi Maksmüller Azərbaycan dili haqqında belə demişdir: “Azəri türkcəsi öz qrammatik formaları, söz ehtiyatı, üslub imkanları ilə barlı-bəhərli ağacı xatırladır. Özü də bu ağac o qədər barlıdır ki, budaqları ağırlıqdan sına bilər...” Alman tərcüməçisi və şairi Fridrix Bodenştedt də öz xatirələrində dilimizi layiqincə dəyərləndirib: “O zamanlar mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (Azərbaycan türkcəsi – S. Q.) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılırdı. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilərdi”.
Hər birimiz bu gözəl ana dilimizin keşiyində layiqincə durmalıyıq. Vaxtilə Azərbaycanın dahi şəxsiyyətləri, böyük söz-sənət xadimləri də ana dilimizin qorunması yolunda böyük işlər görüb, mübarizə aparıblar. Belə şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi bəstəkar, mahir publisist, dramaturq, pedaqoq, alim, ictimai xadim Üzeyir bəy Hacıbəylidir. O, hələ 1906-cı ildə “İrşad” qəzetində yazırdı: “...Halbuki bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən, ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir”.
Daha sonra – 1910-cu ildə o, dil uğrunda yorulmaz mübariz olduğunu “Həqiqət” qəzetindəki yazısında göstərib: “Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millətin özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir”. 1918-ci ildə isə dahi sənətkar “Azərbaycan” qəzetində qeyd edirdi: “Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk-Azərbaycan dili ilə danışmağa məcbur olduğunu (Yevropaya və müttəfiq dövlətlərə) isbat etməliyik”.
Təbii ki, Üzeyir bəy heç vaxt çox dil bilməyin əleyhinə olmayıb. Lakin öz doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində “bülbül kimi ötənlərə” istehza ilə gülüb, buna qarşı barışmaz olub. Böyük sənətkar özü Azərbaycan dilini, təhsil aldığı rus dilini bütün incəlikləri ilə bilməklə yanaşı, daha bir neçə dilə də bələd olub, bu dillərdə sərbəst danışıb. Ona görə də dil məsələsinə tez-tez müraciət edib, Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına faydalı məsləhətlər verib.
Üzeyir bəy Hacıbəyli “Dilimizi korlayanlar” məqaləsində, “Zurna” adlı felyetonunda ana dilini korlayanları haqlı olaraq qamçılayıb. Böyük düha özü istər “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan ” operettalarında, istər operalarına yazdığı librettolarda, istərsə də publisistik yazılarında ana dilimizin bütün qanunlarına riayət edib, onun gözəlliyini, zərifliyini qoruyub saxlayıb, hətta bəzi kəlmələrlə, məsələn, “Heç hənanın yeridir”, “Tarixi Nadiri yarıya qədər oxumuşam”, “O olmasın, bu olsun”, “Bir nəfər molla, üç manat pul, bir kəllə qənd”, “Pulun var, gələrəm”, “Bəs mənim bir abbasım”, “Əşi, siz gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?”, “Mən dul, sən dul” və sair bu kimi zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirib.
1977-ci ildə Almaniyada yaşayan Cənubi Azərbaycandan olan soydaşımız Eldostun Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edən kitabı işıq üzü görüb. Orada müəllif yazır ki, “Məşədi İbad” əsəri Azərbaycan dilinin şirin, mənalı, gözəl ifadələri və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin, mükəmməl bir dil, o biri tərəfdən isə Üzeyir Hacıbəylinin xalq dilinə bağlı və yüksək qələm sahibi olduğunu nümayiş etdirir.
Sankt-Peterburq İncəsənət Tarixi İnstitutunun professoru Yevgeni Braudo (1882-1939) Üzeyir bəy Hacıbəylini “xalq musiqisinin böyük dilçisi” adlandırmışdır. Üzeyir bəy həm də ədəbiyyatımızın azman dilçisi idi. Dilimizlə bağlı bütün yazıları oxuyurdu. Ona xələl gətirə biləcək mətləblərin qarşısını vaxtında alırdı. Yeri gəlmişkən, bu barədə akademik Məmməd Arif Dadaşzadənin dediklərini xatırlayaq: “Bir dəfə S.Rəhimovun dilini tənqid etmişdim. Məqalə çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng elə. Mən bir qədər təşvişə düşdüm. Görəsən, Üzeyir bəy məni nə üçün axtarır? – deyə düşündüm. Zəng vurdum, dedi ki, Arif, bir mənim yanıma gələrsən. Getdim, içəri girəndə gördüm ki, məqaləm onun stolunun üstündədir. S.Rəhimovun dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə xətt çəkmişdi. Salamlaşdıq, oturdum. Dedi ki, məqalən pis deyil, xoşuma gəldi. Amma S.Rəhimovun dilindən gətirdiyin sözlərlə səninlə razılaşmaq çətindir. Əgər sən Bakıda və onun ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün xarakterik olan bu sözlərin əleyhinə gedirsənsə, bununla da ədəbi dilimizi yoxsullaşdırmırsanmı? Bəs, az işlənən və işlənilməyən bu sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən razılaşdım və səhvimi başa düşdüm”.
Bəzən Üzeyir bəy Hacıbəylinin həyat fəlsəfəsi insanı yaxşı mənada heyrətləndirir. 63 il yaşamış bir şəxs bu qədər işin öhdəsindən necə gəlmişdir? – deyə düşünürsən. Və belə qənaətə gəlirsən ki, doğrudan da, onda peyğəmbər qüdrəti varmış. Əks halda adi insan onların öhdəsindən gələ bilməzdi. O, dahiyanə işlər görüb, məşğul olduğu bütün sahələrdə olduğu kimi, dilçilik elmimizə də öz əvəzsiz töhfələrini verib.
Səadət QARABAĞLI,
üzeyirbəyşünas