Rəssamın ev-muzeyində yeni eksponatların təqdimatı olub

post-img

  Səttar Bəhlulzadənin ev-muzeyində muzeyə hədiyyə olunan yeni eksponatların təqdimatı keçirilib.

   Muzeyin direktoru Pərzad Abdinova qonaqları salamlayaraq, bu günkü təqdimatın il ərzində keçiriləcək tədbirlər silsiləsindən biri olduğunu qeyd edib. O,  muzeyə hədiyyə edilən eskponatların muzeyin fondunun zənginləşdirilməsində çox mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. 

   Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova böyük rəssamın yubileyi ilində keçirilən bu günkü təqdimatını  uğurlu addım kimi qiymətləndirib. S. Kərimova xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin rolundan da danışıb.

   Xalq rəssamı Hüseyn Haqverdiyev Səttar Bəhlulzadənin gipsdən düzəltdiyi heykəlini muzeyə təqdim edib. Rəssam çıxışı zamanı heykəlin yaranma ideyası haqqında məlumat verib və həmkarı ilə bağlı xatirələrini bölüşüb. Sonra, S. Bəhlulzadənin ev-muzeyinə bağışladığı və fırça ustasının rəsmlərinin təsvir olunduğu slaydların təqdimatı olub.

  “Xətai sənət mərkəzi”nin direktoru Zahid Əvəzov, Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təsisçisi, tanınmış fotoqraf Mirnaib Həsənoğlu muzeyə hədiyyələr təqdim ediblər. 

   Sonda, Səttar Bəhlulzadənin ev-muzeyinin şəxsi kolleksiyalarında qorunan,  Qarabağ mövzusuna aid etüd əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Bura,  “Şuşa şəhəri. Murovdağ”, “Cıdır düzü”, “Şuşa. Turşsu”, “Xankəndi” və digər etüdlər daxildir.

 

   Fidan

   XQ















Mədəniyyət