Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasına dair Auditorlar Palatasında Tədbirlər Planı təsdiq edilib

post-img

Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixindəki andiçmə mərasimində etdiyi çıxışında qarşıya qoyduğu vəzifələrin icrasına dair Auditorlar Palatasında Tədbirlər Planı təsdiq edilib.

Bu barədə  Auditorlar Palatasından bildirilib.

Tədbirlər Planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində müstəqil auditlə ictimai nəzarət arasında əlaqələrin genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təsərrüfat subyektlərinə auditor xidməti göstərilməsinə dair güzəştli ödəniş üsullarının hazırlanması və orada yaradılmış və həmin ərazidə fəaliyyət göstərən auditor təşkilatlarına müvafiq güzəştlər sisteminin tətbiq olunması, gənc auditorlar və audit-maliyyə ixtisası üzrə ixtisaslaşan ali təhsil ocaqlarının tələbələri ilə yeni dövrün çağırışları və şəffaflıq mövzularında tədbirlərin həyata keçirilməsi, gənc auditor kadrlarının qabaqcıl xarici texnologiyalara yiyələnmələri məqsədilə, onların Auditorlar Palatasının əməkdaşlıq etdiyi xarici qurumlarda ixtisaslarının artırılması, gənc auditorların və mütəxəssislərin beynəlxalq sertifikatlara yiyələnməsi istiqamətində dəstəyin göstərilməsi, audit-maliyyə ixtisası üzrə ixtisaslaşan gənc nəsil kadrların auditor peşəsinə cəlb edilməsi kimi məsələlər yer alıb.

Tədbirlər planında, həmçinin yeni dövrün çağırışları və ölkə Prezidenti tərəfindən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi zəmnində şəffaflıq, hesabatlılıq və audit problemlərinin müzakirəsinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransın keçirilməsi, “yaşıl iqtisadiyyat” şəraitində maliyyə nəzarəti və auditin həyata keçirilməsi prosedurlarının işlənib hazırlanması, ekoloji auditə dair mövcud normativ sənədlərin COP29-un məqsədlərinə uzlaşdırılması baxımından təkmilləşdirilməsi, maliyyə nəzarəti sahəsində qabaqcıl texnologiyaların və innovasiyaların tətbiqi, Türk Dövlətləri Birliyinin audit qurumları təşkilatının yaradılması kimi işlərin reallaşdırılması qarşıya məqsəd qoyulub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionun önəmli güc mərkəzinə çevrilməsi, əldə edilən nailiyyətlərin miqyasının böyüklüyü, dünya birliyində davamlı yüksələn mövqeyimiz xalqımızı daha işıqlı və xoşbəxt gələcək gözlədiyindən xəbər verir.

Bunun əsasında Prezident İlham Əliyevin zəngin təcrübəsi, beynəlxalq arenadakı şəxsi nüfuzu, ölkə ictimaiyyətini öz ətrafında tarixi missiyaların reallaşdırılması dövründə bir yumruq kimi birləşdirmək istedadı durur.

İqtisadiyyat