Rusəsilli, Azərbaycan ruhlu rəssam

post-img

Təsviri sənət tariximizdə iz qoymuş sənətkarlardan biri də Əməkdar rəssam Gennadi Brijatyuk olub. Abşeron rəssamlıq məktəbinin yetirməsi kimi tanınmış fırça ustası yaradıcılıq ezamiyyətlərinə maraq göstərməsə də, bir çox əsəri  xarici ölkələrdə sənətsevərlərin şəxsi kolleksiyalarını bəzəyir.

Gennadi Brijatyuk 30 yanvar ­1935-ci ildə Gəncə şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərib. O, orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub.  Sonra ali təhsil almaq arzusu ilə Moskvaya getsə də, antirealizm ruhlu mövqeyinə görə imtahana buraxılmayıb və Azərbaycana qayıdıb.

Gennadi yaradıcılıq fəaliyyətinə ilkin olaraq gül təsvirlərini çəkməklə başlayıb. O, peyzaj təsvirlərinə xüsusilə geniş yer ayırırdı. Həmin əsərlərin əksəriyyəti Abşeron təbiəti ilə bağlıdır. İstedadlı rəssamın müxtəlif illərdə çəkdiyi “Bahar”, “Yay motivi”, “Köhnə şəhər”, “Neft mədənlərində”, “Qırx pilləkən”, “Qırmızı damlı ev” və sair əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamla bağlı araşdırmasında yazır: “Çağdaş rəng­karlığımızın tanınmış simalarından çoxunun gerçəkliyə, milli bədii-estetik dəyərlərə və rəng plastikasına münasibətlərində “Brijatyuk ruhu” görünməkdədir. Onun çağdaş rəssamlığımızın milli ruhda inkişafına böyük təsiri oldu... Yaradıcılığı boyu əsərlərində özünün dünyaya gerçəkçi-realist baxışının klassik tutumu ilə yanaşı, miniatürsayağı ümumiləşdirmələr sərgiləyən və ən nəhayət, onu əhatə edən məkana mücərrədçi gözü ilə baxan Gennadi Brijatyukun estetik saxlancından şərqli ruhu duyulmaqda idi”.   

G.Brijatyukun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Rusiya Rəssamlar İttifaqında, habelə ölkəmizlə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə və Almaniyada şəxsi kolleksiyalarda saxlanılır. Rəssamla şəxsi tanışlığı olan fotoqraf Hüseyn Hüseynzadə 40 il ərzində onun 300-dən çox tablosunu əldə edə bilib.

Tanınmış sənətkar  rəssamlıqla yanaşı, poeziyaya da maraq göstərib, maraqlı şeirlər qələmə alıb. Ancaq əsərlərini nə mətbuatda, nə də kitab şəklində çap etdirməyib. Əməyi yüksək qiymətləndirilən fırça ustası 1992-ci ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülüb.

Rəssam ömrünün son illərini Bakıda, İstiqlaliyyət və Şeyx Şamil küçələrinin kəsişməsində yerləşən şəxsi emalatxanasında keçirib. Bir sıra ölkələrdən qonaqlar qəbul edib: Tretyakov Qalereyasının (Rusiya), Şotlandiya Kral Qalereyasının nümayəndələri, türk kolleksiyaçı Nahid Kabakçı, Yeni zelandiyalı rəssam Mirey Abraxamsonla görüşüb, mübadilələr aparıb.

Fransız kinorejissor Jak Deyvis Gennadi Brijatyuk haqqında film çəkib. Professor Ziyadxan Əliyevin 2019-cu ildə rəssama həsr etdiyi “Gennadi Brijatyuk və onun mənəvi dəyərlər dünyası” adlı kitabı işıq üzü görüb. Əsərləri ilə Abşeron rəssamlıq məktəbini zənginləşdirən Gennadi Brijatyuk 11 iyun 2008-ci ildə Bakıda vəfat edib.

Savalan FƏRƏCOV

 

Mədəniyyət