“Yada salarsanmı Aşıq Cəlalı?..”

post-img

Kəndimizin mərkəzində hündür bir dirəyin üstündəki səsgücləndiricidən könülləri oxşayan saz havaları dalğa-dalğa dağların, dərələrin qoynunda əks-səda verib,  hər tərəfə yayılırdı.  Otların göyərən, çiçəklərin gülən vaxtı həmin saz havaları yaz havasına qarışıb ruhumuzu oxşayırdı. Sazın sinəsindən qopan səslər səhər havasının təmizliyində ürəkləri ovundururdu.  

Sağlığında üzünü görmədiyim aşıq Cəlal Qəhrəmanovun sazının səsini uşaq vaxtı ilk dəfə Ballı dərədə quzu otaranda eşitdim. O səsin, o havacatların bənzəri yoxdur. Bu gün də sazı gözəl dilləndirənlər var. Amma onun sazının səsinə bənzəyən səs eşitməmişəm. Ozan-aşıq sənətimizin saz və səs yaddaşında öz dadının, duzunun təkrarsızlığı ilə yaşayır Aşıq Cəlalın incə ovxarlı “ Dubeyti”si, “Gəraylı”sı, “Sarıtel”i... 

Aşıq Cəlalın “Ruhani”sində sanki bir qulun çığırır, bir köhlən kişnəyir. Onun sazından qopan göynərtili, hənirtili, ləngərli-səngərli “Ruhani” də vurğunlarının yaddaşındadır. Çöldə, örüşdə, Şəmilin qarovul yerinin həndəvərində sürünü örüşə yayan çobanın aşıq Cəlalın çalğısından vəcdə gəlib dediyi sözləri hələ də unutmamışam: “Ayə, qadasın aldığımın sazı elə bil, ürəyimin içində çaler”...

...Əlimdəki balaca radioqəbuledici oxumağında idi. Azərbaycan radiosundan Aşıq Cəlalın ifaları Vətənin qıraqda qalan yerlərinə –  Borçalı çökəyinə dalğa-dalğa yayılırdı. Bir-birinə mətərisdənmiş aran yolu, dağ yolu ta qorabişirən ayın son günlərinədək aranı dağa, dağı arana daşıyırdı. Faxralıdan adlayıb Yırğançayın üzərində oynaşan ilğımlar lap uzaqlarda göz işlədikcə uzanan Qaraxaç yaylağına qədər köç yolunun üstü ilə kəlağayının ağ yeləni kimi, sanki sazın səsindən vəcdə gələrək titrəyirdi. Çölün, çəmənin, atyarmaz yaylaq yerlərinin sükutuna saz layla deyirdi.  Qartalların uçuşunu da, ceyranların qaçışını da telli sazın səsinə qatmışdı Aşıq Cəlal.

İncəli Aşıq Cəlalı Qazaxda, Gəncəbasarda, Borçalıda, ümumiyyətlə, Vətənimizin hər yerində sevirlər. O, sənətini sevdirə-sevdirə yaşayıb, sonra dünyadan köçüb. El-obasının saz sevdalıları aşığın xatirəsini əziz tuturlar. Ağır el yığnaqlarında onu yada salırlar. Xatirəsinə şeirlər yazılıb. Ustadı Aşıq Avdının Aşıq Cəlala ithaf etdiyi şeirlər aşıqların dilinin əzbəridir:

Bu saray bir də yapılmaz,

Kərən düşdü, mil qırıldı.

Cəlalım bir də tapılmaz,

Cığır itdi, yol qırıldı.

...Getdi ömrümün yazından,

Heç doymadım avazından.

Aşıq Avdının sazından

Pərdə düşdü, tel qırıldı.

Aşıq Cəlalın özünun də İncəyə yazdığı qoşmasının zər misrasından, hər misrasından doğma yurdlarımız boylanır. Nur camallı, şivəsi ballı, xoş xəyallı İncə dərəsi Aşıq Cəlalı anadillər kimi dinləyir:

Sənin ellərindən biləm əhvalı,

Bəlkə varlığımın dəyişə halı,

Yada salarsanmı Aşıq Cəlalı,

Ay Aşıq Cəlallı İncə dərəsi?!

Aşığın bu bəndi kimi, bir çox qoşma, gəraylı, divani və təcnisləri, deyişmələri, eləcə də “Qaratel və Aşıq Cəlal” dastanı məclisdən-məclisə dolaşır. Bədii irsindən seçmələri “Sədəfli saz, məni dindir” kitabında işıq üzü görüb.

Ömürlüyündən: Cəlal Qəhrəmanov 1928-ci ildə Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində doğulub. Ustad Aşıq Avdı Qaymaqlının məclislərində müntəzəm iştirak edib, onun  şagirdi olub.  Aşığın 20-dən çox saz havası Azərbaycan radiosunun "Qızıl fond"una daxil edilib.  Özünün”Cəlaloğlu” saz havasını yaradıb. 

O,1978-ci ildə vəfat edib. Kəmərli kənd qəbristanlığında dəfn olunub. Ruhu şad olsun...

Həzi HƏSƏNLİ, 
şair-publisist

 

Mədəniyyət